Vəli Qasımov inanmır ki... (KİÇİK QEYD)
Paylaş:
"Neftçi" - "Zirə" (0:0) matçından sonra "ağ-qaralar"ın baş məşqçisi Vəli Qasımov mətbuat konfransında "sual yağışına" tutuldu. Komandanın bu mövsüm üçüncü dəfə baş məşqçi dəyişikliyinə getsə də, nəticələrdə heç bir irəliləyişə nail olunmaması ictimaiyyətdə kluba qarşı münasibətin soyumasına səbəb olub.
Mövzu ətrafında Qasımova ünvanlanan, təxminən 10-dan artıq suala, demək olar, şablon formada - mühafizəkar cavablar verdi.
"Komandada özünəinam yaratmaq lazımdır. Bu, bir az çətin başa gəlir. 7-ci yerdəyik, komanda hər oyuna çıxanda qələbə qazanmaqçün can atır və buna görə səhvlərə yol verir" - deyən Qasımov sanki həvəskar komandadan bəhs edirdi.
Özünəinam məsələsi çox geniş məfhum olduğundan "Neftçi"nin uğursuz oyunları fonunda uğursuz nəticələrinin bu amildən asılılığı məntiqli görünmür. Görünən odur ki, baş məşqçi də əsas problemlərə diqqət yönəltmək fikrində deyil.
*** *** ***
"Bəlkə sizin də baş məşqçi postunda konkret qalıb-qalmayacağınız məlum deyil deyə, komandaya bu da təsir edir?" - sualına Vəli bəy cavab verməkdə çətinlik çəkdi: "Bilmirəm, vallah. Hər şey ola bilər. Mənim bu postda qalmağım dəqiq deyil, bəli, ancaq bu, komandaya nə qədər təsir eləyir, ölçmək mümkün deyil".
"Bəs nəticələr niyə pisdir? Çıxış yolunu müəyyənləşdirmək mümkünsüzə çevrilib?" sualına da şablonvari cavab gəldi: "Komandanı formalaşdırmaq asan iş deyil. Vaxt lazımdır. Bu gün "Qarabağ" uğurlu çıxış edir, ancaq bu, illlərlə vaxt aparıb. "Qarabağ" elə ilk vaxtlardan uğurlu çıxış eləmirdi ki, son 1-2 ildə bu belə olub da".
Vaxt istəyən Vəli Qasımov və 1 ildən çoxdur sıraya dönməyən, düzəlməyən "Neftçi"...
Suallar çox, cavablarsa problemlərə məlhəm deyil...
"Özünəinam məsələsindən bəhs elədiniz, maraqlıdır ki, təqribən, orta hesabla 500-600 manat maaş alan AZAL turnir cədvəlində sizinlə rəqabətdədir, daha keyfiyyətli futbol sərgiləyir. Sizin komandada isə maliyyə və bu kimi problemlər yoxdur. Bəs onlar özünəinamı necə təmin edirlər, o komandanın baş məşqçisi bunu bacarırsa, siz..." - sualına Vəli bəy azca əsəbi cavab verdi: "Əvvəla, inanmıram ki, AZAL-da kimsə 500 manata oynasın. Bu söhbətlər inandırıcı deyil. Bəli, ola biər ki, bizim komandada layiq olduğundan artıq pul alan olsun, ancaq maddi problemlər qəti yoxdur. Nəticələrin pis olmasını bununla da tam bağlamazdım".
Belə... Qasımov artıq hər oyunsonrası mətbuat konfrasında belə - traektoriyası bəlli olmayan fikirlər səsləndirir. Reaksiyalarından da aşkar hiss olunur ki, dərin burulğandadır; çıxış yollarını hələ müəyyənləşdirə bilməyib. Vaxt isə gedir...
Qasımovun sonda dedikləri bəlkə də elə problemli durumun səbəblərindən birinə işarə idi: "Komandaya oyunçunu tək baş məşqçi seçmir. "Neftçi" sistem komandasıdır. Oyunçular buranın sisteminə uyğun seçilir. Məşqçiliyə aid hər kəsin, idman direktorunun - hamının fikri nəzərə alınır".
Bəs problem olanda məsuliyyəti kim daşıyır? Hmm... Bax, burdadır düyün bəlkə də.
P.S. Sistem klub olmaqçün əvvəlcə sistemi müəyyənləşdirmək lazımdır. Klubun de-fakto rəhbəri Elnur Məmmədov mövsüm əvvəlində demişdi ki, biz "İspan modeli"nə üstünlük veririk. O model bu klubda fiaskoya uğradığını hər üzü ilə göstərdi. Bəs görəsən növbəti sistem nə olacaq...
Sistem-sistemi oyunu davam edir, "Neftçi" isə az qala, çempionatın auttsayderi mövqeyində "möhkəmlənməkdədir"...
Elçin Cəlilov
| Paylaş: