')

Bu gün:


FutbolPress.Az | “AZAL-ı ovaxtkı “Karvan”a bənzədirəm” (MÜSAHİBƏ)

“AZAL-ı ovaxtkı “Karvan”a bənzədirəm” (MÜSAHİBƏ)


oxunma sayı: 482 Paylaş:

FutbolPressSon turların ulduzuna çevirilən AZAL növbəti tur “İnter”lə qarşılaşacaq. Bunaqədərki üç oyunda “bankirlər”ə qarşı 2 məğlubiyyət, bir heç-heçə qeydə alınıb (0:2, 0:1, 0:0).
Qış fasiləsindən sonra yüksəliş əldə eləyən AZAL-ın yaxın gələcəyə aid planları, problemləri barədə baş məşqçi Tərlan Əhmədovla söhbətləşdik.


- Qarşıdakı tur “İnter”lə səfər matçına çıxacaqsınız. Heyətlə bağlı problemlər varmı?

- Hər oyuna hazırlıq fərqli olur. Taktika dəyişikliyi edirik - eləsi  var, müdafiədən oynayırıq, eləsi olur, hücumda. Bu, oyunlararası vaxt məsafəsindən və s. asılıdır. “İnter”lə oyuna ciddi hazırlaşırıq. Sabahdan tam hazırlıq proqramı üzrə hərəkət ediləcək. Heyətlə bağlı heç bir problem yoxdur. Tam heyətlə məşq edirik.

- AZAL-ın diqqətçəkən uğurlu nəticələri fonunda müzakirə edilən mövzulardan biri də komandanın maddi çətinlikləridir. Problemlər qalıbmı?

- Mən açıq söz deməyi sevirəm. Biz hələ fevral ayının əmək haqqısını almamışıq. Bu gün artıq aprel ayıdır, ancaq komanda fevrala aid məvaciblərini gözləyir. Söz veriblər, buyaxınlarda ödənməlidir. Maddi problem bizdə həmişə olub. Ödənişlərdə gecikmələr və sairə. Ancaq biz məşqçilər və futbolçular bunu əlimizdə bayraq eləməmişik. Hələ  bu yükün altına girəndə, bu işə başlayanda bilirdik ki, hansı şəraitə gəlirik.

- Pul yox, ancaq nəticələr yaxşıdır. Buna nail olmaq necə mümkün olur?

- AZAL-ı ovaxtkı “Karvan”a bənzədirəm. Biz o komandanın ilk ilində toplaşdıq, bir ailə kimi komanda yaratdıq. Məhz ailə mühitinin hesabına komanda ilk ili uğurlu çıxış elədi. AZAL-da sırf maddiyyatın rol oynamamasına səbəb futbolçuların bir-birinə olan inamı, bizə olan hörmətinin nəticəsidir.  Ancaq problemlər var. Biraz əvvəl qeyd elədiyim kimi, aprel ayıdır, ancaq  fevrala aid ödəmələrimiz gecikir. Çətindir, çünki heç maaşımız  elə böyük məbləğ də deyil. O da 3 ay, 5 ay gecikəndə istər-istəməz komandada balansı qorumaq da çətinləşir. Şükür olsun, hələ indiyədək  futbolçulardan kimsə bizə təzyiq göstərməyib ki, əmək haqqımız nə oldu.

- Turnir cədvəlində sizdən yuxarıda olan iki komanda müxtəlif səbəblərdən avroliqalarda iştirak edə bilməyəcək (“Zirə”, “İnter” – müəl.). Belədə sizin buna şansınız yaranıb. Planları dəyişmisizmi?

- Sözsüz ki, bu barədə fikirləşirik, hər gün analiz edirik. Ancaq Avropa Liqasında iştirak məsələsi sırf mənim ixtiyarımda deyil. Əgər biz bu yarışa qatılacağıqsa, maddiyyat dəyişilməlidi, yeni futbolçular cəlb olunmalıdır. Hələ ki, rəhbərliklə görüşümüz olmayıb. Ona görə də Avropa Liqası mövzusunda hansısa plan qurmamışam. Əgər iştirak edəcəyiksə, artıq bu aydan bu istiqamətdə işlər görməliyik. Yeni futbolçuların axtarışı başlamalıdı, təlim-məşq toplanışı planlaşdırılmalıdı. Yəni bunların olması üçün əvvəlcə rəhbərliklə görüşməliyik. Gələn ilin büdcəsində artım olacaq-olmayacaq, yeni futbolçular cəlb edə biləcəyikmi – bunlar açıq qalmış məsələlərdir. 

- Getməmək ehtimalı varmı?

- Lap  getməsək, Avropa Liqasında  iştirak etməsək belə, özümüzü belə şəraitdə qismən sübut etmişik. Mövsümün əvvəllərində bəzi futbolçularımız haqda xoşagəlməz söz-söhbətlər yaranmışdı. Getdikcə həm heyət, həm məşqçilər korpusu sübut elədi ki, heç nədən asılı olmayaraq işimizi görürük və işimizin nəticəsi var. Bir sözlə, Avropa Liqasında iştirakçün şansımız yaranıb və biz əlimizdən gələni edəcəyik ki, bu şansı dəyərləndirək, vəsiqəni təmin eləyək, ancaq liqaya qatılıb-qatılmamaq sırf rəhbərliyin qərarından asılıdır. Sizə yalandan deyə bilmərəm ki, bu istiqamətdə planlarım hazırdı. Bəlkə heç rəhbərlik deyəcək, iştirak eləmək istəmirik. 

- Nəticələrin fonunda sizə təkliflərin gələcəyi, daha iddialı klubların sizinlə əməkdaşlığa maraqlı olacağı haqda xəbərlər artıb. Bu mövzuda fikirlərinizi bilək...

- Hər bir məşqçi istəyər ki, inkişaf eləsin, daha iddialı klublarda çalışsın, özünü sübut eləsin. Ancaq real olaraq təkliflərə gəlincə, belə bir şey yoxdur. Doğrudur, dost-tanışlar deyir, mediada bu haqda müəyyən xəbərlər yazılır. Ancaq mənə heç bir müraciət olmayıb.

- Təklif olsa...

- Biz AZAL-da yaxşı komanda yaratmışıq. Ən aşağı məvaciblərlə milyonlarla büdcəsi olan komandalara qarşı yaxşı oyun göstərmişik, qələbələr qazanmışıq. Bunlara nail olmaqçün bizim zəhmətimiz nə qədər olsa da, Allahın qisməti, şansıdır həlledici rol oynayan. Bu, Tərlanın möcüzəsi deyil, Allahın möcüzəsidir. Konkret təkliflərə gəlincə, bu barədə telefonuma hansısa bir zəng gəlməyib. Hələ ki AZAL-dayam, bütün fikrim də burdadır.  Əgər növbəti mövsümçün vəziyyət yaxşılaşsa, qarşıya normal büdcə və məqsəd qoyulsa, burdan getmərəm. Çünki iki il ərzində böyük əziyyətlə komanda formalaşdırmışıq, müəyyən şəkildə bir relsə çıxarmışıq. Bir yeri tərk edib harasa gedəndə sıfırdan başlamalı olursan. Elə klublar da var ki, işini sistemə salmaqçün vaxt vermir. Ona görə də ən əvvəl istərdim, necə ki, ötən il cəmi 16 futbolçu ilə mövsümü başa vurduq, bu il də eyni formada davam edirik – maddi durum düzəlsin, daha yaxşı işlər görə bilək.

- Yerli, ya əcnəbi klub...

- Fərqi yoxdur, mənimçün əsas odur ki, sistemi olan bir klub  olsun. Sistem və konkret məqsədləri olan klub. Bu il mövsüm başlayanda komandanın qarşısında Premyer Liqada qalmaq məqsədi qoyulmuşdu, lakin noyabrın ortalarından sonra vəziyyət dəyişildi və biz nəticələri daha da yaxşılaşdırmağı bacardıq. Yəni əsas məsələ budur ki, komandanın qarşısına konkret məqsəd qoyulsun, məsələn, biz üçlüyə düşmək uğrunda mübarizə aparırıq – hə, başlayasan o məqsəd istiqamətində işləməyə.  Hələ ki, AZAL-dayam.  Biz burda komandanın özəyini yaratmışıq. 3-4 keyfiyyətli transfer olarsa, iddialı yerlər uğrunda mübarizə apara bilərik. Yenə hər şey maddiyyata bağlıdır. Bir il maddi çətinliklərlə normal nəticə qazandıq, ancaq ikinci il mümkün olmaya bilər. Bu, mənim məşqçi karyerama da zərbə olar. Ona görə başqa təklifləri qəbul edə biləcəyimi deyirəm. Yoxsa ən yaxşısı burda qalıb, qurduğumuz işi davam etdirmək olardı. 

Elçin Cəlilov


oxunma sayı: 482 | Paylaş:




?>