Çingiz müəllim, qayıdın, Elnur Məmmədova fikir verməyin (YAZI)
Paylaş:
“Neftçi”nin vəziyyəti heç yaxşı deyil. Komandanın nəticələri imicinə qətiyyən yaraşmır və bu, rəhbərliyə qarşı tənqidləri intensivləşdirməkdədir. Onlar “Zirə” səfərinə qələbə, ən azı, 1 xal üçün getmişdilər.
Qarşılaşmanın ilk 10-15 dəqiqəsində Əsgər Abdullayevin üslubuna yad, irəli atılmaq və pressinq futbolu da göstərirdi ki, onlar qələbə istəyi ilə alışıb-yanırlar.
Ancaq hər şey Cavid İmamverdiyevin ikinci sarı vərəqə ilə oyundan atılmasına qədər çəkdi. İlk epizodda Fariz Yusifovun sanksiyası yerində idisə, ikinci sarı kart kobud səhv idi. İllərin hakim təcrübəsi niyə belə səhv buraxsın ki?
*** *** ***
Çox güman ki, referi Cavidin ilk “sarı”sını unutmuşdu. Yoxsa ilk kartdan sonra ona heç bir xəbərdarlıq da etmədən, adi, “yola verilməsi” mümkün olan epizodda qətiyyətlə cəzalandırması səhvdən/qərəzdən başqa nə cür adlandırıla bilər?
İstənilən halda, “Neftçi” rəhbərliyinin, nə də baş məşqçi Əsgər Abdullayevin heç bir haqqı yoxdu ki, məğlubiyyəti aparıb hakim səhv(lər)inə calasın. “Neftçi"nin futbolunda xaos hökm sürür, komanda oyunu söbət mövzusu ola bilməz.
Legionerlərin çıxışı da pisdir. “Zirə”nin legionerlərinin faydalı iş əmsalı ilə “Neftçi”ninkilər arasında fərq ilk baxışdan aydın sezilir.
*** *** ***
Bütün bunlara çarə tapmaq, islahatlar fikirləşmək əvəzinə “Neftçi” rəhbərliyi narazılığını üçüncü tərəfə atır, problemləri özündə görmür.
Oyundan sonra klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevdən açıqlama almaq istədik. Başıaşağı, qanıqara halda “Lexus”una minib, uzaqlaşdı. Ardınca klubun de-fako prezidenti Elnur Məmmədovdan açıqlama almaq istədik. O da üzünü media nümayəndələrindən yan döndərib, aradan çıxdı. Aha... Biz bunu necə anlayaq?
Çingiz müəllim “Neftçi” Müşahidə Şurasına yeni təyin olunanda hər imkandaca dəbdəbəli berifinqlər, al-gəldi, tut-getdi tipində açıqlamalar, açıqlıq, aşkarlıq... Nə oldu bunlar?
Zaman keçdikcə Abdullayev də ənənəvi futbol məmurlarından heç fərqlənməməyə başlayır. Elnur Məmmədov isə... Onun ümumiyyətlə, özünü necə hiss elədiyi, nə düşündüyü, yəni bir sözlə, “nəcürlüyü” heç bilinmir. Mimikadan tutmuş, yerişinətən - illərdir dəyişilməyən bu şəxsin klub idarəçisi kimi faydasız olduğu bütün çılpaqlığıyla ortada olsa da niyəsə klub da Məmmədovun fakturası kimi – bərbad durumunu dəyişməməkdə israrlıdır. Səbəbkar?!
Biz bunu axtarırıq....
“Neftçi” mövsümdə debütant “Zirə”yə qarşı üçüncü oyununda da qələbəyə həsrət qaldı. Turnir cədvəlinin 6-cı pilləsi. Bu rəhbərliyin artıq ikinci mövsümü də uğursuzluğa düçar olmaq üzrədir.
3 qol buraxan Aqil Məmmədovun oyundan sonra dediyi: “Biz bura qələbə üçün gəlmişdik, ancaq...”
"Ancaq"ı izah eləmək Aqilçün necə əzab idi - təki orda olub, görərdiniz: "Başımızı itirmişik. Özümüzü toparlamalıyıq".
*** *** ***
200-ə yaxın kitabın müəllifi olmuş Çingiz əfəndiyə isə əvvəlkitək olmaq daha yaxşı olardı/ən azı, klubda "kitabı bağlanmasın" deyə...
Əvvəl necə idi? - Jurnalistlərə yaxınlaşıb, deyərdilər ki, Çingiz müəllimin brifinqi olacaq, istəsəz, gəlin. Bax, indi qaçmasın. Yenə əvvəlkitək danışsın. Uğurlu məqamlarda necə göz önündə olmağa can atırdılarsa, uğursuzluq vaxtı da qaçmasınlar, saymazlıq eləməsinlər.
Elnur Məmmədov heç, o, itirilmiş kadrdır. Klub rəhbərliyinə qədər necə gətirilibsə, eybi yox, sakitcə də ordan getsin - bununla özünə hörməti artırmış olar.
Elçin
| Paylaş: