İcrakoma namizədlər və ortada qalan (YAZI)
Paylaş:
AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2016-cı il martın 11-də keçiriləcək Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.
Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə hər bir namizəd yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını belədir:
Peşəkar Futbol Liqası – 4 yer
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – "Sumqayıt" FK tərəfindən
3. Elşad Nəsirov – "Neftçi" PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
5. Tuyqun Nadirov - "Xəzər Lənkəran" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları – 2 yer
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları – 2 yer
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən
*** *** ***
Gördüyümüz kimi, yalnız PFL-in 4 yerinə 5 namizəd var. Qalan hər yer üçün eyni sayda namizəd qeydə alınıb. Bu da onun göstəricisidir ki, gərgin mübarizə olacaq haaa....
Sözümüz bunda yox, PFL-in kvotasına namizədlərin siyahısınadı.
Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov 100% seçilib. Məsələ sonrakı yer üçün iki namizədin arasında ediləcək seçimdən gedir. “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov, yoxsa “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov seçilər?
Suala cavabınız daha tez və aydın hasil olsun deyə, bir məsələni açıqlayaq. Namizədlərə səs verənlər - seçicilər Premyer Liqanın iştirakçı 10 klubu olacaq. Haşiyə çıxıb bildirək ki, “Qarabağ”dan namizəd klubun prezidenti Tahir Gözəl olmalıymış, ancaq o, xarici ölkə vətəndaşıdır deyə, onun yox, Qurbanovun namizədliyi verilib. Və bu, ilkdir. Elə Nadirov da bu iddiaya ilk dəfə şərik çıxır (Canıyanmış)...
Burda məsələ bilirsiz nədədir? Nəyə işarə etmək istədiyimizi açaq...
AFFA-nın baş katibi Elxan Məmmədovun soyuqqanlı siyasətinin fəlsəfəsi onu göstərir ki, PFL-in mövcudluğunu istəmir. Hesab edir ki, AFFA-nın büdcsindən bu qurum üçün ayrılan pul artıq xərcdir və s. və i. a. və.
Klublar Komitəsinin yaradılması da elə məqsədin nəticəsi idi. Nəticə: gözlənilən qədər olmasa da, PFL-in qol-qanadı əvvəlkitək açılmır.
Məsələ budur ki, Nadirovun seçilməsi Məmmədov üçün daha sərfəli olar. Ancaq Nadirovun özünə nə gəlib? – Doğrudanmı o, sonadək gedəcək?
Onun ən doğru addımı namizədliyini buyaxınlarda geri götürmək olar.
İK-a 10 yerə 11 namizəd var. Hər yerə bir nəfər var və onlar artıq seçilmiş kimidilər. Cəmi bir nəfər artıqdır. O artıq 1 nəfər də elə bizim bu Tuyqun qardaşdır. Onun futbol aləsindəki yaradıcılığı fiaskoya uğramış “Xəzər Lənkəran”dan ibarətdir. Futbol bilicisi, idarəçisi qismində hörməti cır əzgil kimi bir şeydir.
Hətta Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi (?!) kvotasından namizədliyini vermiş xarici işlər naziri Elmar Məmmədyarov belə, futbola o qədər yad persona sayılmaz, nəinki bizim bu FIFA cərimələrinin”Xəzər Lənkəran”a tətbiqi üzrə ixtisaslaşmış, dünya rekordusu, məzəli Nadirov (Bunu pamflet əvəzi dedik, zarafatdır, Məmmədyarov nə idi, bu nə hoqqa idi)...
Bizi martın 11-də, AFFA-nın Hesabat-Seçki Konfransında, istənilən halda, maraqlı proseslər gözləyir. Görək qüvvələrin “soyuq müharibəsi” nə cür cərəyan edəcək, nəticələri nə olacaq... İstənilən halda, biz isti, yaxud soyuq müharibə deyəndə, qüvvələrin mübarizəsi kimi dəmdəsgahlı ifadə işlədəndə bura Nadirovu ayırd etmirik. Onun bu məsələlərə istisi-soyuğu yoxdur. O, necəsə, yenə ortadadır, sadəcə ortalıqda.. başqa heç nə.
Hesabat-Seçki Konfransını gözləyək...
Elçin Cəlilov
| Paylaş: