Mikayıl Nərimanoğlu: "CBC Sport", ya "İdman Azərbaycan", ya da... (AÇIQLAMA)
Paylaş:
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsünlər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsinin təmin edilməsi haqqında sərəncamdan bir bənd.
Bu barədə dünən saytımızda məqalə dərc olunmuşdu - link.
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan mövzu ətrafında məqaləmizdə təqdim olunan versiya və ehtimallarla razılaşanlar çox olsa da, reallığın başqa cür olduğunu bildirənlər də var. Bunlardan ən əsası AFFA-dır. Qurumun Media və ictimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu mövzu haqda fikirlərini "FutbolPress"ə açıqladı: "Sərəncamda telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin təşkilindən bəhs edilir. Bu da Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AzTV-yə həvalə olunur. Dövlət sənədində bu işlər hansısa özəl kanala, məsələn, sizin bəhs etdiyiniz "CBC Sport"a və ya digər hansınasa verilməyəcəkdi ki. Həm də burda məsələ işin təşkilindən gedir, yayımdan yox. Yayım məsələsinə yarışı keçirdən UEFA baxır. Əgər ölkədə bu yarışı hansı kanal daha çox standartlara uyğun çəkib, yaya bilərsə, UEFA da onun müraciətinə müsbət cavab verəcək. "CBC Sport", ya "İdman Azərbaycan", ya digəri buna nail ola bilər".
- AzTV, tutalım, yayım siqnalının peykə ötürülməsinə cavabdeh tək kanaldır, belədə "İdman Azərbaycan"ın rəqabətdə olduğu "CBC Sport"un bu yarışı yayımlamasına imkan verərmi? Elə UEFA ilə danışıqlara gedib, yayım məsələsini də almaq daha asan olmazmı onlarçün? Həm də çəkiliş və yayımın təşkili üçün maddi-texniki bazası da var. Niyə bu rəqabətdə susqun olsun ki?
- Siqnalı tək AzTV yox, rabitə nazirliyi də ötürür. Sizinlə razıyam, ola bilər, siz deyən kimi olsun. Ancaq maddi-texniki şərait məsələsi tək AzTV-nin törəməsi "İdman Azərbaycan"da yox, "CBC Sport", "Lider", İTV-də də var. Yəni hər biri yayım məsələsiylə bağlı UEFA-ya müraciət edə bilərlər. Ancaq güman ki, bunu əsasən, idman profilli kanallar edəcək. UEFA bu hüququ hansı kanala verəcək - bu isə yalnız müraciət və onların müşahidəsindən sonra məlum olacaq.
P.S. Mövzunun panoramasıyla qismən də olsa, bu açıqlamada tanış ola bildiniz. Hər halda, hazırkı durumda belə bir ehtimal daha inandırıcıdır. Əgər "CBC Sport" bu yarışı yayımlamaq istəsə, belədə UEFA-ya "İdman Azərbaycan" da müraciət eləsə, qurumun bu hüququ "CBC Sport"a verəcəyi daha inandırıcıdır.
Bununün bir neçə səbəb göstərmək olar, ancaq iki ən aktiv ehtimal bunlardır:
1. Bu kanala AFFA nəzarət edir. Qurumun baş katibi Elxan Məmmədovun UEFA ilə əlqalələri yüksək səviyyədədir. Belədə o, danışıqlarda "CBC Sport"a üstünlük verilməsinə nail ola bilər.
2. "CBC Sport" ölkə ərazisində ilk dəfə HD yayım təşkil elən kanal olduğu üçün, həm də maddi-texniki bazası daha müasirdir deyə, mümkündür ki, UEFA üstünlüyü bu kanala versin.
Elçin Cəlilov
| Paylaş: