')

Bu gün:


FutbolPress.Az | Çingiz Abdullayevin “mətbəx detektivi”... (YAZI)

Çingiz Abdullayevin “mətbəx detektivi”... (YAZI)


oxunma sayı: 839 Paylaş:

FutbolPressÇingiz Abdullayev 40-dan çox ölkədə oxunan yeganə azərbaycanlı yazıçıdır. Onun kitablarının ümumi tirajı 1 milyonu çoxdan keçib.

Bu adam haqda statistik göstəricilər, bir sözlə, cəlbedicidir. Ancaq Soljenitsının, “Sovet imperiyası  yalnız uzaqdan  və xəritədən əzəmətli görünür” – sitatından çıxarış eləyib, məna yükünü Çingiz müəllimin futbola gəlişindən sonrakı obrazına calamaq olar tamamilə...

Azərbaycan futbolu hər cür biabırçılığa baiskar olmuşdu, bircə Çingiz müəllim qalmışdı, ona da "ilişdi"...

Əvvəl-əvvəl  Çingiz müəllim mifi yerindən dəbərməyə, əcaib şeylər eləməyə başladı... Sonra  brifinklərdə işlətdiyi fikirlərə gülməyə başladıq. Bir az da keçdi, əməlli-başlı komediya açıldı, gülüşdük elliklə...


***          ***          ***

Artıq onu brifinklərdə görmürük. “Neftçi”nin oyunlarına gələndə ona tərəf jurnalist,  yaxud onu jurnalistlərə  tərəf buraxmamağa çalışırlar. Çünki Çingiz müəllim futbol məsələlərində  ağzınagələni danışan olduğunu "kifayət qədər "göstərmişdi...
Bəzi brifinklərdə Çingiz müəllim “zilə qalxanda” Elnur Məmmədovun süni gülüş miniatürləri tragikomik cizgilərə qarışır, ortalıqda əməlli-başlı bulaşıq bir mənzərə əmələ gəlirdi. Adamın lap yazığı da gəlirdi.

Zaman keçdi. Çingiz müəllimin “Neftçi”də nə auranı dəyişdiyini, nə komandaya peşəkarlığın gəldiyini ictimaiyyətə hiss elətdirmədi.

Hamı/çoxu düşünürdü ki, Çingiz əfəndinin bu klubun idarə strukturuna cəlbində əsas məqsəd pisləmiş imici yüksəltməkdir. Ancaq ortada mətbəx, yeməkxana davası gedir...

***               ***                  ***

Bilirsiz, Sadıq Sadıqovun dövründə “Neftçi” döyən-kəsən imici yaratmışdı, qoçu kimi  davranışlarından sonra nə qədər çalışsa da, o imici öz üzərindən ata bilməmişdi. Ona görə də “Ağ-qaralar”da hakimiyyət dəyişikliyi başlayanda nə olacağı hamıdan əvvəl mətbuat üçün maraqlı gəlmişdi.

Klubun imic dəyişikliyinə gedəcəyi çox gözlənən idi.

Bilirsizmi vəziyyət hara gəlib çıxıb?

“Neftçi” bu rəhbərliklə də heç bir islahatına alqış qazana bilmədi. Komandaya edilən transferlərdə şəxsi maraqların olduğu haqda intensiv şübhələr ortaya çıxmağa başladı. İdarəetmə və kadr islahatlarında quru bürokratiyanın izləri aşkara çıxdı.

Komandanın Müşahidə Şurasının işi, əhəmiyyəti ümumiyyətlə anlaşılmadı. Klubun idarəetməsində de-fakto əsas fiqur olan Elnur Məmmədovun  diletant addımları onu gülüş, kinayə hədəfinə gətirdi və s. Məmmədovun futbol siyasətii sözlə ifadə eləyəsi olsaq, belə bir şey çıxar ortaya: bla, bla, bla, bla...

Ümumiyyətlə isə durum o yerə çatdı ki, Sadıqov və “drujinasının” gedişindən sonra “Neftçi”ni dəyişdirəcəyi gözlənən Çingiz Abdullayev fenomeni  də heç nə edə bilmədi.

Neçə müddətdir ki, açıqlamalarında köhnə rəhbərliyə söz atırdı. Son yaradıcılığı isə bu olub ki, guya yeni rəhbəlik klubda yemək işlərini qaydasına salıb, köhnə idarəçilikdə bu böyük nöqsan imiş.

O boyda yazıçının əvəzinə adam utanır....

Ordan da Sadıqov qalxıb ayağa ki, bəsdi bizə şər atdınız, biz “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə çıxartmışıq, siz heç Azərbaycan çempionatında mükafatçılar sırasına qaldıra bilmirsiz, bizə söz/şər atırsız və s. Belə baxanda, haqlıdır. Dünən autsayder "Rəvan"a uduzmaqdan son anda qurtulan "Neftçi"də nəticələr yeməkxanaya nisbətən düzəlmir ki düzəlmir...

Bildiyimiz “mətbəx səviyyəsi”.

Çingiz Abdullayevin təbirincə desək, “mətbəx detektivi".  Yox, elə yox, belə: “myətbəkh dyetektivü”.


Elçin CƏLİLOV


oxunma sayı: 839 | Paylaş:




?>