')

Bu gün:


FutbolPress.Az | Sıçrayışlar (YAZI)

Sıçrayışlar (YAZI)


oxunma sayı: 1132 Paylaş:

FutbolPress2015/16-cı il mövsümü Avropanın yaşıl meydanları əzəli rəqiblərin rəqabəti ilə yanaşı, sürpriz komandaların "boy göstərməsi" ilə sezilir. Xüsusilə, kiçik komandaların böyüklərə badalaq vurması, onları layiq olmadığı yerlərə yuvarlanmağa məcbur etməsi top oyununa marağı xeyli artırıb. İndi futbol ictimaiyyəti bu yuxuların nə vaxt sona çatacağını gözləyir. Düzdü, tarix göstərib ki, bu cür yuxuların ömrü heç də uzun olmur. Lakin futbol 11 nəfərin sonadək mübarizə apardığı bir oyundu və yaxşı təlim almış əsgərin məğlubiyyət almaması hər zaman düşməni psixoloji tərəfdən məhv edir. Bəs cari ildə əsgərləri ilə öyünən klublar hansılardı?

"Lester"

Premyer Liqada bu dəfə uşaqlar yox, böyüklər nağıla qulaq asmaq, onun vizual görünüşünə tamaşa etmək məcburiyyətində qalıblar. Mövsümə çempionatı tərk etməmək üçün başlayan, lakin bir anda özünü zirvədə tapan “Lester”in son qurbanı “Liverpul” oldu. Kladio Ranyerinin əsgərləri ötən mövsüm çempionat ərzində 41 xal toplamışdısa, indi səsləri 50 xalla “Dumanlı Albion”un ən yüksək zirvəsindən gəlir. “Mavi-ağlar” tarixlərində ilkə imza atmaq üçün indi qarşıdakı 14 oyunda xal itirməmək məcburiyyətindədi. Növbəti oyunlarda nə olacağı bilinmir, lakin Ranyerinin əsgərləri, necə deyərlər,  indidən könüllərin çempionudu.

"Oser"

Qətər sərmayəçilərinin sərhədsiz vəsaiti nəticəsində Liqa-1-ə marağın azalmasına səbəb olan PSJ artıq çempionluğunu demək olar ki, təmin edib. Amma cari mövsüm turnir cədvəlinin 4-cü pilləsində elə bir komanda əyləşib ki, sonadək alqışa layiqdir. Ötən mövsümü Liqa-2-də keçirən “Oser”, 2011-ci ildən bu yana komandanın “sükanı arxasında” əyləşən Stepan Mulinin rəhbərliyi altında mükəmməl qrafik cızmaqdadır. Xüsusilə, “ev”də “Monako”nu 3:0 hesabı ilə məğlub etməyi bacaran oserlilər, indidən avrokubokları düşünürlər. Liqa-1-in sürpriz komandasının 14 turu belə davam edib Çempionlar Liqasına vəsiqə qazanacağını düşünmək bir qədər çətindi, lakin Avropa Liqasında onları görsəz, təəccüblənməyin. 

"Herta"

Ötən mövsüm bir xallıq fərqlə Bundesliqanı tərk etməkdən qurtulan  “Herta” cari mövsümdə xarüqələr yaradır. İndi başqa bir ssenari əsasında çıxış edən berlinlilər hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar. Bir vaxtlar Avropada “at oynadan", lakin son zamanlar üst və alt liqalar arasında sanki lift rolunu oynayan “Herta” üçün indi işlər fərqlidi. Liderlərdən geri qalmasına baxmayaraq, sərgilədiyi oyunla azarkeşlərin rəğbətini qazanan komanda  bunu baş məşqçi Pol Dardaya borcludur. Belə davam edərsə, onları yeni mövsümdə ÇL-də görə bilərik.

"Napoli"

Mövsümün əvvəlində baş məşqçi Rafael Beniteslə yollarını ayıran “Napoli”də sistem olduğu kimi işləməkdədi. Təbii ki, bunda Benitesin xələfi olan Maurisio Sarrinin işini asanlaşdıran ən böyük nüanslardan biri komandanın üzvləri İquayn və İnsinyanın mükəmməl mövsüm keçirmələridi. Argentinalı futbolçu 23 oyunda 23 qol vurmaqla, bütün diqqətləri yenidən üzərinə cəmləşdirməyi bacarıb. İnsinya isə 10 qolla yanaşı, 9 dəfə məhsuldar ötürmə verərək, istedadını başqa yöndə göstərib. Geridə qalan 23 turda sadəcə 2 dəfə büdrəyən “Napoli”, ən yaxın izləyicisi “Yuventus”u 2 xal qabaqlayıb.

Samir
"FutbolPress"


oxunma sayı: 1132 | Paylaş:




?>