...Qalar iki buynuzun (SİTAT)
Paylaş:
Klublar Komitəsinin budəfəki iclası yeni sədr, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun, necə deyərlər, moderatorluğu ilə keçib. Qızğın və qızğın olmayan müzakirələr növbəti dəfə sıralanıb.
Qapalı xarakter daşıyan (Bunun məntiqi də hələ aydın deyil) iclasdan çıxan məlumatlarda bildirilir ki, kifayət qədər gərgin məqamlar olub. Olsun...
Günün əsas mövzusu klubların PFL-ə borcu mövzusu olub. Bu məsələdə həllə nail olan klublar bunlardır: "Qarabağ", "Qəbələ", "İnter" və AZAL.
Sonuncular da borcun tam ödəndiyini bu gün rəsmən açıqlayıb.
Borclu qalanlarsa bunlardır: "Sumqayıt", "Neftçi", "Zirə", "Xəzər Lənkəran" və "Kəpəz". Hüseynov deyir ki, Premyer Liqanın yayımçısı CBC Sportdan gələn 70 min manat hesabına qarşılanacaq. Ancaq bununçün hələ PFL prezidenti Ramin Musayevlə danışıqlar olmalıdır...
Borclulardan yalnız "Xəzər Lənkəran", konkret klubun vitse-prezidenti Tuyqun Nadirov yenə borc məsələsinə adekvat münasibət göstərməyib. Bildirib ki, AFFA-nın bizə daha çox borcu var, nəinki bizim quruma.
Ancaq burda məsələ PFL-ə olan borcdan gedir və məlumdur ki, Nadirov tutarlı izahatı olmadığı üçün mövzudan bu cür yayınmağa üstünlük verməyə məcbur olub.
PFL-in isə konkret təyin elədiyi tarix var: 29 yanvaradək Premyer Liqa iştirakçıları son 2 mövsümə aid borcları ödəməsə, heç bir transfer rəsmiləşdirə bilməyəcəklər. Belədə, deyəsən, Nadirovun kluba aid "iki buynuzdan" başqa əlində heç nəyi olmayacaq.
Bildirək ki, PFL-in bu iddiasının ortaya atılmasından dərhal sonra bir neçə klub, ən çox da XL sərt formada açıqlamalar verdi ki, qurumun heç bir cəza mexanizmi tətbiq etməyə ixtiyarı yoxdur və s. Ancaq mövzunun nədən getdiyi, borcların yığılmasının konkret AFFA prezidenti Rövnəq Abdullayev tərəfdən tapşırıldığı, cərimələr ödənməzsə, cəzaların tətbiqi üçün "dobro" verildiyi də bilinməlidir. Bu haqda əvvəl də xəbər vermişdik.
Prosesin gedişatı hansı nəticələri ortaya qoyacaq - bunları bilməkçün yarım həftə vaxt var. Borcları ödəməyən klublara, güman ki, ikinci müddət veriləcək/verilməyə də bilər. Ancaq belədə XL nə edəcək? Axı klub həm də FIFA-dan yeni müddət istəyir. Borc içində üzə-üzə farağat qalmayan vitsenin hər cəhddə və hər fürsətdə dilini daha da uzatması komik animasiya effekti yaradır...
Elçin Cəlilov
| Paylaş: