')

Bu gün:


FutbolPress.Az | Yanlış siyasət və Elnur Məmmədov "hədəfdə"...  (QEYD)

Yanlış siyasət və Elnur Məmmədov "hədəfdə"... (QEYD)


oxunma sayı: 963 Paylaş:

FutbolPress“Neftçi”nin Sadıq Sadıqov və Tahir Süleymanov rəhbərliyindən alınmasını AFFA-dan istəyənlərin israrı hiss olunurdu, görünürdü və s.

Nəhayət, bu üstüörtülü, yarızarafat-yarıciddi proses müvəffəqiyyətlə başa çatdırıldı. İndi Sadıqov futboldan uzaqdır, Tahir Süleymanov isə yenə efir şeylər danışır...

Abdullayev Cüdo federasiyasına prezident təyin olunandan sonra Sadıqovu ora - vitse-prezident  apardı (Sanki ölkədə başqa kadr yoxdur)...

Ümumiyyətlə, Rövnəq Abdullayevin öz qohumu Sadıq Sadıqovu “Neftçi”yə prezident təyin eləməsi, klubun SOCAR-dan istədiyi qədər maliyyə əldə eləyib, bu imkanlardan titullar, yeni nailiyyətlər qazanması üçün gen-bol  xərcləməsi AFFA-da ikinci qol rəhbərliyin xoşuna gəlmirdi. Bu qol Elşad Nəsirov və assosiasiyanın baş katibi Elxan Məmmədovdan ibarətdir...

Onlar milli komandanın uğursuzluqları fonunda uğur qazanan klublara qarşı qısqanclığını gizlədə bilmirdilər. Hətta əgər əslində elə deyildisə də, elə görünürdü...

Bu qısqanclıq konkret Məmmədova aid edilməlidir, Nəsirov isə ümumiyyətlə əzəldən Abdullayevin futbol rəhbərliyində olmasını istəməyib. Daha doğrusu, Abdullayev "pul kisəsi"nin başında qalmaqla, futbol siyasətini Nəsirovun ideologiyaları əsasında tətbiq etməlidir - niyyət belə olub...

***               ***               ***

“Neftçi”yə Məmmədovun  futbola gətirdiyi kadr – Elnur Məmmədov göndərildi və orda sistemi dəyişmək ona tapşırıldı. Sonra elə baş katibin təşəbbüsü ilə əmələ gələn şuralaşma sisteminin tətbiq olunduğu azsaylı klublardan biri oldu “Neftçi”.

Sonra Müşahidə Şurası yaradıldı, sədr də dünyada tanınan detektiv yazar Çingiz Abdullayev təyin edildi. Abdullayevin dediyi kimi, onu dostu Elşad Nəsirov dəvət eləmişdi. Aha...

Məqsəd, Nəsirov siyasətindəki kimi - kluba yeni, üstün imic gətirmək. Onlar düşünürdülər ki, Sadıq Sadıqov "basıb yeyir", imic olaraq da xoş deyil. Nəsirov aristokratiya tərəfdarı kimi...

Ancaq aforizmdə necəydi: geyiminə (görünüşə, imicə) görə qarşılanan, ağıla (bacarığa, səriştəyə) görə yola salınar. Hərgah, Elnur Məmmədovun “mışdır-mişdir” üslubu ilə yürütdüyü klub siyasəti və fərdi siyasətinin nəticələri aləmi bir-birinə qatmaqdadır. Bu da Elxan Məmmədovun dilini Nəsirovun qarşısında qısaldan əsas amillərdəndir. Elnur qardaş "yuxarılardan" başqa dəstək qazanmaqçün əməli fəaliyyətə keçib və bu hal-qəziyyə Elxan qardaşın məlumudur...

Peşəkar Futbol Liqası (PFL) prezidenti Ramin Musayevin bu gün “Report”da dərc olunan müsahibəsindən bir məqama diqqət:

- "Neftçi" ilə necə, borc məsələsində danışıqlar aparılır?

- Xeyr, "Neftçi" rəhbərliyinin başı çox qarışıqdır. Onlar elmi işlərlə məşğuldurlar.

- Keçmiş klubunuza hər hansı bir güzəşt olunacaq?

- Niyə? Güzəşt olunsa, "Xəzər Lənkəran"a, "Kəpəz"ə, "Qəbələ"yə olar. Çünki bunlar bölgə komandalarıdır. "Neftçi"yə nəyə görə güzəşt olunmalıdır ki...

***               ***               ***

Aha, Musayev açıq şəkildə “Neftçi” rəhbərliyinə “diss” atır.

Və Musayev ilk dəfədir bu rəhbərliyə qarşı bu qədər açıq gediş eləyir. Zahirən - dediklərini “gömrükdən keçirməyən” kimi bilinən Musayevin əslində hansısa gedişi nə vaxt eləmək lazım olduğunu bilən biridir. O, niyə məhz indi belə edir?

Əvvəlki məqalələrdə də bildirdiyimiz kimi, Elnur Məmmədovun yürütdüyü yanlış fərdi siyasət nəticəsində Elxan Məmmədovun onunla münasibəti pisləşib. Bunu Musayev də hiss eləyir. Özünü yeni ağa kimi hiss eləməyə başlayan Elnur qardaşın kulisarxası siyasətdəki yanlışının cəzalandırılması başlamışkən, Musayev də öz növbəsində, bu novcavanın birbaşa PFL-ə qarşı demaqoqluğuna belə cavab verir...

Sonrası?

Ehtimalları yazmaqdansa, gözləmək, müşahidə eləmək daha yaxşı olar. Bu prosesin davamı futbol xəritəsində dəyişikliklərə səbəb ola bilər...

Elçin Cəlilov



oxunma sayı: 963 | Paylaş:




?>