')

Bu gün:


FutbolPress.Az | Bakı Olimpiya Stadionu da şadlıq sarayı olsun (YAZI)

Bakı Olimpiya Stadionu da şadlıq sarayı olsun (YAZI)


oxunma sayı: 2578 Paylaş:

FutbolPressTəməli 2008-ci ildə atılıb, açılışı 2011-də olan “PGE Arena Gdansk”ın   43.615 oturacağı var. Bu  arena  2012-ci il futbol üzrə Avropa Çempionatının keçirildiyi 8 stadiondan biridir.

Stadion haqda ətraflı məlumatı “vikipedia”dan öyrənə bilərsiz, mövzumuz ayrıdır.

Bilirik ki, neftin qiymətində 4-5 qat ucuzlaşma əsasən neft ixracatçısı olan ölkələrə zərbə vursa da, bu ölkələrlə iqtisadi əlaqələri olan digər dövlətlər də ziyan görüb. Onlardan biri də Polşadır. Neft qiymətində sürətli ucuzlaşma başlayandan zloti 10 faiz devalvasiyaya məruz qalıb.

Əhalinin gəlirlərində azalma hiss olunmağa başlayan kimi Polşa hökuməti yerli idarəetmə orqanlarına daxili imkanlar hesabına maliyyə islahatları aparılmasına göstəriş vermişdi.  Əməliyyatlardan biri də Qdansk şəhərinə aiddir. Sənaye şəhərinin yerli  idarəetmə orqanı əhalinin gəlirlərinin azalmasını önləməkçün müxtəlif islahatlar aparmışdı. Onlardan biri də “PGE Arena Gdansk”ın yerli iş adamlarına icarəyə verilməsi idi.

Stadionun meydança hissəsindən tutmuş, restoran, idman zalları və digər bütün hissələri ayrı-ayrılıqda icarəyə verildi.

Əsas arenada toy fotoşəkillərinin çəkilməsi, restoranda isə toy məclisinin quurlması üçün qiymətlər açıqlanıb.

Hətta toy məclisini əsas meydançada keçirmək istəyənlər də tapılıb. Bununçün icarəhaqqı 6 min avrodur.

Bu addım şəhər əhalisi tərəfindən müsbət qarşılanıb. Səbəb iş yerlərinin açılması və fərqli addıma görə stadiona turist marağının yaranmasıdır.

Bu və başqa islahatlar Qdansk əhalisinin maliyyə panikasını nisbətən sakitləşdirib.

***                         ***                          ***

Gəlirik bizə.

Manat 70 faiz devalvasiyaya məruz qalıb. Əhalinin gəlirləri o qədər azalıb ki, deputat Aqil Abbas soğan əkməyi məsləhət bilir və s. "İslahat aparmaq lazımdır" tezisi qarşısında kipriklərini döyəcləyən məmurizasiyanın neft gəlirləri vaxtı yekəqarınlıq eləməsi, gəlirlər azalanda isə fərsiz olduqlarının yaratdığı mənzərədə eşələnmələri davam edir...

Prezident də hər gün bir sərəncam verir, fərman verir və s. 

TV-lərdə xəbərlər buraxılışında "Prezident belə dedi", "Prezident belə elədi" cümlələrindən başqa qulağa nəsə dəymir. Elə bil, qanunlar lazım deyil; hər şey "belə deyilməkdən", "belə edilməkdən" asılı vəziyyətdədir...

İslahat?

Düzdür, ölkə başçısı İlham Əliyev tez-tez məmurları toplayıb sərt tapşırıqlar verir. Yumurtanın və unun qiymətinin ucuzlaşdırılması tələbindən tutmuş, gömrük məsələlərində sadələşdirməyə qədər... Ancaq gözlə görünən odur ki, ən sərt tələb, həmişəki kimi, yumurta ilə bağlı olur və elə məhz yumurtanın qiyməti enir.

Söhbət yumurtada deyil, mövzumuzla əlaqədar, təbii ki, nəzərlərimizi dikirik Bakı Olimpiya Stadionuna (BOS). Gah 1 milyard, gah 700 milyon, gah başqa-başqa rəqəmlər səsləndirildi, ancaq məlumdur ki, bu stadionun ərsəyə gəlməsi üçün elə 1 milyard həndəvərində bir məbləğ getdi. Ancaq biz bu stadiondan hansı faydanı görə bildik/bilərik?

Avropa oyunlarının açılışı oldu və...

Sonra stadiona direktor təyinatı oldu. Direktor stadionun gəlir gətirməsi üçün layihələr hazırlanacağını bildirdi. Ancaq məlumdur ki, oranın gəlir gətirməsi müşkül məsələdir.

Bəlkə “PGE Arena Gdansk” kimi eləyək?

Sizcə, 4-5 milyon əhalisi olan Bakıda toy fotoşəklini stadionda hazırlamaq istəyən olacaq?

Toyunu stadionda keçirmək istəyən.. bax, bu, olacaq. Ancaq indi yox, devalvasiyadan əvvəl olsaydı, bəli. Çünki TV-lərdə şadlıq sarayı reklamlarında rəqabətin ana mövzusu sarayın tutumu ilə bağlı olurdu. Son eşidilən rəqəm – “Bizim 1000 nəfərlik zalımız var” – olmuşdu. BOS isə 65 min tutmluqdur. Kef kefə qarışacaq qədər yəni...

Polşada futbola sevgi, hörmət var. Stadiona gedənlər əylənirlər, emosiyalarını qidalandırılar və s. Onların stadiona getməyinə komandalarının uğurları təkan verir. Futbol insana, insan da futbola maraqlıdır...

Bizim BOS-a getməyə stimulumuz nə olsun? Heç “Tofiq Bəhramov” “Qarabağ”ın Avropa oyunlarında tam dolmurdu...

Bizdə stadiona nifrət var. Ora söyüş söyməyə, məşqçidən, futbolçudan ağıllı olduğumuzu göstərməkçün göstərişlər verməyə, tum çıtlamağa, “peraşki” satmağa gedirik.

Bizim stadionların daimi sakinləri polislər olub. Azarkeş qışqırıb komandasına dəstək olmaq istəyəndə, “Əəə, sus, başım xarab oldu” deyən polisin zorakılığına məruz qalıb.

Həm də BOS-a uğurlu yol yoxdur ki, oranı gəlir mərkəzinə çevirmək mümkün olsun. Ümumiyyətlə isə neft pullarının miqyaslı axını 2005-ci ildən başlamışdı. Elə ölkədə futbolda canlanma (süni) da o dövrə təsadüf edir. 2005-2015-ci illəri əhatə edəcək dövlət proqramı qəbul olunmuşdu. Tale elə gətirdi ki, o proqramın son iki ilində "Bakı" müflis oldu, "İnter"in himayədarı həbs olundu, "Xəzər Lənkəran"ın boş mədəsində FIFA siqnalları eşidilir və s. və i. s.

Neft pullarının hesabına ağıllı idarəçilər idi hamısı, neft pulları qurtaranda ortalıq səhralığa döndü. İndi biri tapılmır ki, hər addımında pula güvənmədən iş görüb, nəticəyə nail olsun.

Allah "PGE Arena Gdansk"da evlənənləri, toy fotosessiyası edənləri xoşbəxt eləsin. Amin! Ümumiyyətlə, gəlin, salavat çevirək...

Elçin









oxunma sayı: 2578 | Paylaş:




?>