')

Bu gün:


FutbolPress.Az | 1+8 nömrəli “İvan el terrible” (YAZI)

1+8 nömrəli “İvan el terrible” (YAZI)


oxunma sayı: 1702 Paylaş:

FutbolPressOnun haqqında yazı yazmağın bir çox səbəbi var: dini məsələlərdən solçu hərəkatına, uşaqlıq illərində küçə futboluna yeni qaydalar gətirdiyindən aqressiv hərəkətlərinə kimi.  18 yanvar Çilinin tarixində  unudulmaz gündür, yəqin ki, Çili futbolu bu gün bayram edir desək, yanılmarıq. Argentinalılar kimi onların da futbol tanrısı var - İvan Luis Samorano Samora və ya qısa olaraq “İvan el terrible”.

Cənubi Amerika futbolunu  “yeni qitə”də layiqincə təmsil edən Samorano ölkəsinin İlahisi kimi qəbul edilir. Düzdü, bu ölkə dünya futboluna Ruben Markos, Xorxe Aravena, Alberto Fuyu, Marselo Salas kimi ulduzlar da bəxş edib. Ancaq millinin heyətində 69 görüşdə 34 dəfə rəqib qapıçıları məyus edən İvan fərqliliyi ilə ölkəsinin futbol “simvoluna” çevrilib. Bəs onu digərlərindən fərqləndirən cəhətləri nə idi?


İvan Samoranonun futbola gəlişi bir çoxunun gedişinə səbəb olub. Hazırda “Mançester Siti”nin çalışdırıcısı Manuel Pelleqrini futbolçu olarkən ölkəsinin ən önəmli stoperlərindən biri olması ilə yanaşı, “Universidad de Çili”nin əvəzedilməzi idi. 1971-cü ildə geyindiyi formanı 1986-cı ilədək heç əynindən çıxarmamışdı - ona bir uşaq “sən artıq qocalmısan” deyənə kimi...

1986-cı ildə Çili kubokunda keçirilən bir matçda 18 yaşlı gənc forvard o dönəm 33 yaşında olan Pelleqrini üçün əsl baş ağrısı olmuşdu. Və bu görüşdən sonra Manuel karyerasını bitirmək qərarına gəlmiş, Çili futbolu isə dünyaya səs salacaq bir futbol dahisinin yetişməsinə şahidlik eləmişdi. Həmin görüşü Pelleqrini belə xatırlayır: “Onsuz da butsularımı mismardan asmaq istəyirdim. Həmin görüş isə bu qərarı verməyimi tezləşdirdi. Xatırlayıram, Samorano bütün hava toplarında məni məğlub etmişdi”.

Maradona, Fabrisio, Valdano və Redondonun sosialist yönümlü olduğu dünya futboluna bəlli olan hadisələrdir. DÇ-74-də almanların əfsanəvi futbolçusu Pol Breytnerin solçu olması da gizli qalmadı. Ancaq İvan Samoranonın solçu yönümlü olması uzun müddət müzakirə obyektinə çevrilmişdi. Onun dinə bağlılığı isə keçirilən “barış matç”larında sezilirdi. Xüsusilə, Roma Papası Franseskonun himayədarlığı ilə keçirilən görüşlərdə İvanın səylə mübarizə aparması diqqətdən yayınmırdı. Elə bəlkə də solçuluğu mübahisəli müzakirələrə məhz buna görə səbəb olurdu. 

Çilili forvard hər zaman diqqəti öz üzərinə çəkməyi bacarıb. Belə ki, karyerası ərzində ölkəsinin sevimli futbolçusu olan İvan banklar tərəfindən xüsusi mükafatlarla da layiq görülüb. Lakin ölkəsində olan bəzi banklar ona limitsiz olaraq kreditlər ayırıb, Samorano isə bundan maksimum istifadə edərək bu illər ərzində 3 milyon dollar vəsait xərcləyib. 2009-cu ildə isə hadisə mətbuata sızıb və İvan borcları ödəmək məcburiyyətində qalıb.


1996-cı ilə kimi, daha dəqiq desək, “Real”dan “İnter”ə transfer olunanadək İvan Samorano daim 9 nömrəli formada meydana çıxıb. “Neradzurra” böyük bir ulduz ordusunu qarşılamağa hazırlaşırdı: italyan futbolunun ilahisi Roberto Bacco və futbol fenomeni Ronaldo... Bacco hər zaman olduğu kimi, 10, Ronaldo isə 9 nömrəli formayla çıxış edəcəyini bildirmişdi. Bu məqamda İvan kölgədə qalmamaq üçün adekvat varianta əl atdı və 18 nömrəli formanı geyinmək istədiyini bildirdi. Amma fərqli halda: 1 və 8 rəqəmlərinin arasına “+” işarəsi qoyuldu. Yəni Samorano yenə də 9 nömrəli forma geyindi.
Həyatını futbola hısr edən İvan Samorano “Kobresal”, “Sent-Qallen”, “Sevilya”, “Real”, “İnter”, “Amerika” və “Kolo-Kolo” kimi klubların şərəfini qoruduğu vaxt azarkeşlərin daim sevimlisi olub və başla vurduğu qollar sayəsində komandalarının əvəzedilməzi olub.

Bu gün Çilidən çıxan bir əfsanənin – “İvan el terrible” ləqəbli İvan Luis Samoranonun ad günüdü. Ömrünün 49-cu baharını qeyd edən keçmiş forvardın bu sözləri hər doğum günündə xatırlanır: “34 yaşımda həyatımın sonu olacağını düşünürdüm. Çili millisində bu qədər qol vurmaq hər vətəndaşa nəsib olmur. İndi isə 101 il yaşamaq niyyətindəyəm”.

Samir
"FutbolPress"


oxunma sayı: 1702 | Paylaş:




?>