')

Bu gün:


FutbolPress.Az | Sankt-Peterburq təəssüratları (YOL QEYDLƏRİ)

Sankt-Peterburq təəssüratları (YOL QEYDLƏRİ)


oxunma sayı: 1741 Paylaş:

FutbolPress3—12 yanvarda Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirdə Azərbaycan U-17  komandası da iştirak elədi. 28-ci dəfə keçirilən turnirə ardıcıl 8-ci dəfə qatılan yığmaya bu dəfə Təbriz Həsənov  baş məşqçilik eləyirdi. Yığmanın çıxışını izləməkçün “FutbolPress” də “şimal mirvarisi”nə səfər eləmişdi. Ezamiyyətə dəvət üçün AFFA rəhbərliyinə bəribaşdan  minnətdarıq.

Salam, “Şimal mirvarisi”...

Yanvarın 2-i, sübh 6-da hava limanından uçuşa başladıq. Bakı həmin gün özünü şimal şəhərlərinin soyuğuna bənzətməyə çalışmışdı. Havalanmağa başlayanda  təyyarəmizi də 10-15 dəqiqə bərk silkələməyi lazım bildi.  
Bizi “şimal mirvarisi”nə Moskvadan transfer olmaqla, 6 saatlıq yolculuq gözləyirdi.  Firuz Abdulladan Jül Vernin seçilmiş əsərləri seriyasından olan kitabı götürmüşdüm  ki, uzun yolu özümçün maraqlı edim, ancaq İbrahim Cəfərovun aerofobiyasının bu dəfə daha şiddətli  hal aldığını görcək, ikimiz də onu təsəlliylə məşğul olmağa başladıq. Yaxşı ki, “kapitan nemo”  turbulensiyalarda aerofobiklərin gərginliyinə toxtaxlıq gətirəcək sözləriylə Firuzla mənim cəhdlərimə dəstək çıxırdı.



İlk məşq, ilk gün və...

Sankt-Peterburqdayıq. Aeroportu tərk eləyib, bizi otelə aparacaq avtobusadək getdiyimiz 40-50 metrlik məsafədə Raskolnikovun baltasının tiyəsini hiss elədik: xoş gördük, ömrümdə rastlandığım ən kəsici şaxta...
İlk məşq həmin gün 19:00-da idi. Təbriz Həsənovdan məşqə tam baxmaq istədiyimizi bildirib, etiraz almayandan sonra komandayla birlikdə bazaya yollandıq. Həsənovu tanımayana, iş prinsipinə, yanaşmasına bələd olmayandək - sırf nəticələr ucbatından çox sərt tənqid elədiyim yerli məşqçilər içində bəlkə ilk üçlükdəydi. Ancaq “La Masiya”da məşqlər izləmiş biri kimi deyə bilərəm ki, Təbrizin metodikası bir yana, psixologiyası təəccübləndirəcək həddə üstün göründü. Yerli məşqçilərimizin çatışmayan əsas tərəfi komandada individual yanaşmaları hiss etməmələridir. Bu da intellekt və dünyagörüşə bağlı şeylərdəndir. Təbrizlə sonrakı söhbətlərimizdə onun açıqfikirliliyinə, soyuqqanlılığına, yumor hissinə bələd oldum. Müxtəlif yaş qruplarında çalışmış bu mütəxəssisin yuxarı yaşlılarda işləməsi, uğur qazanması üçün, demək olar, hər şey çatır.

Tunirdə ilk oyunu Latviyaya qarşı keçirdik. Uda biləcəyimiz oyunda heç-heçə oldu. Boyca bizim oyunçuların arasında ən hündüründən hündür olan onların ən kiçiyi həm də fiziki güc baxımdan üstün görünürdü. Səbəblər içində həm də onların yaşca bizimkilərdən böyük olması idi. Ümumiyyətlə, tunir 19 yaşadək oyunçular arasında keçirilir və iştirakçı 14 komandadan yalnız Azərbaycan və Bolqarıstan U-17 ilə qatılmışdı.
İkinci matçda Bolqarıstanı udduq. Qrupdakı son oyunda, yekunda turnirin qalibi olacaq Sloveniyaya böyük hesabla (0:4) uduzduq. 7-ci yer uğrunda matçda isə kompakt futbol oynayan Belarusa məğlubiyyət – yenə hesabı açan tərəf olsaq da...
4 oyunda müşahidə elədiyim o oldu ki, yerli oyunçulardan Pilağanı çıxmaqla, heç biri yüksək səviyyəli futbolçu keyfiyyətlərinə malik deyil, hətta təriflənən Fərid də. Pilağa da sırf güc hesabına nəsə edirdi. Komandanı çiynində daşıyan 3 keyfiyyətli oyunçu vardı – 2, 8, 18 nömrələr. AFFA-nın saytında onlar haqda məlumat öyrənə bilərsiz. Onlar da türkiyəli futbolçulardır. Yəni milliyə calaq edilmişlərdir, bizdə yetişən məhsul deyil.
Bu turnir də göstərdi ki, Azərbaycanda futbolçu  yetişmir. Təbriz Həsənov da razıdır ki, burda əsas nöqsan sistemdədir. Azərbaycanda futbolçu yetişdirilməsi üçün heç bir maddi-texniki, mənəvi, psixoloji və s. aidiyyatı mühit yoxdur. Yalnız istehsal prosesi gedir ki, bu da... Açığı, siz də bezdiniz, eləmi? Azərbaycanla antonim olan futbolu maqnitin əks üzü kimi; nə faydası pressləməyin, gücənməyin, danışıb, yazıb, “sizif əməyi” ilə məşğul olmağın. Dünyanın sənət incilərindən biri olan Sankt-Peterburqdayıq, səviyyəcə bu şəhərdən kiçik olan bir oyun haqda bezdirici cümlələr qurmağa məcburuqmu?

Donmuş Nevanın günahı nəydi...

İş günü bitəndən sonra ya komandanın İspaniya təhsilli, zəngin dünyagörüşlü həkimi Natiqlə söhbətləşirdik, ya Təbriz Həsənovla müxtəlif daxili-xarici futbol mülahizələri aparırdıq (Ümumiyyətlə,  bizimkilərdən  heç vaxt belə mədəni məşqçi heyəti görməmişdim). Ancaq bu da “odboy”a qədər. Sonra?
Darıxdırıcı keçən günün birində turniri işıqlandırmağa gedən İbrahim və AFFA-nın ictimaiyyət və media üzrə baş mütəxəssisi, əslində isə həmkarımız Firuzla otelin restoranına getdik. Orda almanüsulu, özlərinin bişirdiyi pivə verilir. Bu, möhtəşəm bir şey idi.  Biz pivədən yudumlayıb, klassik, müasir rus play-listindən ibarət  estrada musiqilərinə qulaq asırdıq. Arabir qonaqlar rəqsə qoşulur, ortalıq əməllicə nağıllar aləminə dönürdü. Biz də gözəl rus qızlarının valehedici rəqs-naz sintezini seyr edə-edə dolma, “Sarı gəlin” kimi dəyərlərimizdən düşünür, belə məclislərdən Cıdır düzündə qurulması haqda diləklərimizi dilə gətirmiş kimi varıydıq və s. Hər şey milli tonda, "yes, ser". 
Səhər açılanda isə -25, -30 dərəcə temperaturda çölə çıxmaq və otelə geri dönmək yekə qəhrəmanlıq tələb eləyirdi. Lippertin dediyi kimi, “Ouuu, xilaskar rus vodkası“.
Qrup mərhələsinin oyunları bitəndən sonra 2 günlük fasilə oldu. Ayın 8-də bütün heyətlə şəhər gəzintisinə çıxdıq. Əvvəlcə fikrimiz vardı ki, biz komanda ilə yox, ayrı çıxaq. Ancaq birlikdə çıxmaq qərara alındı və elə bu yaxşı oldu.



Sankt-Peterburq kimi inqilablar şəhərini, memarlıq nümunələriylə sərgi olan bir yeri avtobusda yataraq gəzən futbolçu da tapıldı. Komandanın administratoru Anar və avtobus şoferi heyətçün gid funksiyasını da öhdəsinə götürmüşdülər. Onlar yolboyu tikililər haqda məlumat verirdilər, ancaq futbolçuların bəzisi qulaqcıq taxıb musiqinin hayında idi, bəzisi öz aralarında möhtəşəm-cahan zarafatlar eləyirdilər.
Azərbaycanda futbol niyə zəifdir” sualının cavabı həm də bu mənzərədə əksini tapmışdı.

"Təbriz müəllim, olar gedim avtobusa?"

Sankt-Peterburqun qurucusu, ümumiyyətlə, dünya tarixində iz qoymuş ən mühüm şəxslərdən biri – I Pytorun büstünün həndəvərindəyik. Təbriz Həsənov komandaya avtobusdan düşüb, büstün qarşısında kollektiv foto çəkdirməyi təklif edir.  Futbolçuların bir hissəsi gözünü ovuşdura-ovuşdura, bir hissəsi qulaqcığı çıxarmadan, yəni Təbrizin nə dediyindən xəbərsiz – kütləyə qoşuaraq avtobusdan enir, bir hissəsi isə avtobusda qalır. Elə olur ki, kollektivin heç 10-15 faizi gedib Pyotrun büstünədək çıxa bilmir. Şedevral anlardan biri də orda baş verir. Uşaqlardan biri, “Təbriz müəllim, olar gedim avtobusa?” deyir və Təbriz, “Heç olmasa, bu heykələ baxdınmı?” – soruşur. Uşaq, “Hə ee məllim” deyərək, getməkdə israrını hiss elətdirir. Beləcə, o, can atdığı avtobusa qovuşur. Yerdə qalanlara isə Pyotr və üzbəüz Neva çayı haqda bir az məlumat verilir, yenidən yola düzəlirik.

Dramatizm

Tənqidlərə hərtərəfli uyğun gələn bu komandanın azsaylı təqdirəlayiq tərəflərindən biri də oyunlara başlamazdan əvvəl birlikdə “Allahu Əkbər!” yox, üç dəfə Azərbaycan qışqırması olurdu. Onadək hansısa aşağı yaş komandasında belə görməmişdim, görmüşəm deyən də görməmişdim.
İnsafən, oyun baxımdan pis komanda deyildi. Hətta sistematik, taktiki tərzinə görə xeyli fərqlənənən bir yığma komanda gördüm. Sadəcə, bu uşaqlarda intellekt rüşeymi olmasa, onların futbolu çox yuxarı qalxmaz.


Buz üstündə üzən ördək

Sankt-Peterburqun necə bir şəhər olduğu haqda vikipedia-da oxuyun. Yazıda informativ sitatlar yerləşdirib, statistikaya işləmək istəmirəm. 
Peterburq haqda təsəvvür və təəssüratlarımı necə ifadə edim ki, hisslərim qarşımdakına çatsın... Uşaqlıqdan görmək istədiyim şəhərdəyəm. Fyodor Dostoyevskinin “Bəyaz gecələr”ini 11 il əvvəl oxuyanda onun insafsızca gözəlliklə təsvir elədiyi Neva və nevasahilini görəndə buralardan ədəbiyyat rənglərini, qoxusunu hiss eləməyə başlayırsan.
Burda, donmuş nevanın sahilində ördəklər üzməyi təlqin edir. Dayanmış çayın canlını hərəkətə gətirməkçün vasitə olmasına ədəbiyyat deyən Nabokovun doğulduğu şəhər.


Sankt-Peterburq hansı dahiləri doğurmayıb ki... Küçələri, prospektləri ötdükcə təəssürat zənginliyinin içində üzdüyünü hiss eləmək kimi bir şəhər. Qış sarayı, Ermitaj muzeyi tandeminin arasında nəhəngliyə qərq olmaq...
Alicənablığı şablondur - deyilməlidir, bu cürdür çünki; həm də aksiomadır. Ancaq bir özəllik də var. Bu şəhərlə zarafatlaşmaq asan məsələ deyil - zəhmlidir. Onunla deyib-gülmək, oturub badə-badəyə vurmaq üçün gərək çox böyüyəsən; hələ çağa olduğunu hiss edirsənsə...
Yenə, bəlkə başqa paralellərdə görüşərik...

Elçin CƏLİLOV



oxunma sayı: 1741 | Paylaş:




?>