PFL-in cəza iddiası haqda (TƏHLİL)
Paylaş:
PFL prezidenti Ramin Musayev bildirib ki, “Qarabağ”dan başqa Azərbaycan Premyer Liqasının digər 9 iştirakçısının quruma borcu var. Bunlara top pulundan tutmuş, cərimələr və legioner futbolçu transferinə görə ödənməli məbləğə qədər daxildir.
Musayev bildirib ki, qış transfer dövründə borclu klubların transfer eləməsinə qadağa qoyula bilər. Bu məqam isə birmənalı qarşılanmayıb.
AFFA rəsmiləri açıqlayıb ki, PFL-in klublara sanksiya tətbiq etmək hüququ yoxdur. Bəzi klublar borcu ödəmək istəmədiyini elə bu formada açıqlama verməklə ifadə eləyib. “Neftçi” isə ilk olaraq bildirib ki, borclar ödənəcək.
Bəs problem nədədir və nə necədir?
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyevin “report”a açıqlamasındakı bir məqama diqqət yetirək: "PFL olaraq öz aramızda bu məsələni müzakirə etmişik. Komandaların xallarının silinməsi təklif olunsa da, bu, qəbul olunmadı. Çünki futbolçular ilboyu əziyyət çəkirlər, xal qazanırlar. Bu məsələ Ramin müəllimin qeyd etdiyi kimi transfer qadağası ilə həll olunacaq. Buna da biz özümüz qərar vermirik. Həmin borclar arasında İntizam Komitəsinin çıxardığı qərarlarda qeyd olunan cərimələr də var. Klublar borcu ödəməyəcəyi təqdirdə, İntizam Komitəsinə müraciət olunacaq və Komitə hansısa qərarı qəbul edəcək. Üstəlik, klubların lisenziyalaşma məsələsi var. Klublar həm avrokubok, həm də ölkə çempionatında iştirak etmək üçün lisenziya alır. Burada əsas meyralardan bir maliyyə ilə bağlıdır. Onlar lisenziya almaq üçün PFL-ə
borclu olmadıqlarını göstərən məktub təqdim etməlidirlər. Yəni, biz o məktubu müvafiq quruma təqdim verməsək, klublar lisenziya ala bilməyəcəklər".
İndiysə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludan sitat: “PFL-in klubları cəzalandırmaq hüququ yoxdur. Yalnız AFFA Nizam İntizam Komitəsinə müraciət olunduğu halda belə qərar qəbul edilə biıər. İndiyədəkbelə bir müraciət olmayıb”.
Məsələnin açar nöqtəsi burdadır. Təbii ki, PFL cəza metodikasına, sanksiya hüququna malik qurum deyil. Ancaq AFFA-nın çempionatın təşkilinə məsul qurumudur və əsasnaməsi, nizamnaməsi və s. var. Belədə bu qurumun rəsmi müraciət etmək, dolayısıyla veto üçün vəsatət qaldırmaq hüququ var.
Şahgəldiyevin dediyi kimi, yəni cəzanı PFL yox, PFL-in qaldırdığı məsələ əsasında, qaydalar çərçivəsində İK verə bilər/verməlidir. Bu, hüququla tənzimlənir.
İndi məsələ qalır PFL-in bu prosesin üstündə nə dərəcədə dirəniş göstərməsinə...
Elçin CƏLİLOV
| Paylaş: