')

Bu gün:


FutbolPress.Az | “Qəbələ” hekayəsi: proses, nəticə və... (YOL QEYDLƏRİ)

“Qəbələ” hekayəsi: proses, nəticə və... (YOL QEYDLƏRİ)


oxunma sayı: 2416 Paylaş:

FutbolPress“Qəbələ” (Azərbaycan) Avropa Liqasının qrup mərhələsindədir.  Bu, prosesdir...

Azərbaycan komandası C qrupunun IV tur matçında Dortmunda səfər eləmişdi. “Borussiya” ilə qarşılaşma rəqibin 4:0  hesablı qələbəsi ilə başa çatdı. Bu, nəticədir...

Nəticə prosesin yükündən asılı olur...

***              ***              ***

Ancaq Dortmundda 4 və daha artıq qolu “Qəbələ”dən xeyli ad-sanlı, güclü, meqa klublar da “yeyib”: Yurgen Kloppun vaxtında Madrid “Real”ına vurulan dördqat zərbə misalı...

Elə alman filosof Haydeggerin yazdığı  kimi, nəticə yox, proses önəmlidir.

Futbolda nəticə önəmlidir, OK. Ancaq sağlam nəzəriyyə odur ki, önəmli olanı – nəticəni sağlam proses nəticəsində qazanırsan.

“Qəbələ” klubu rebrendinq eləyəndən sonra gözümüzün qabağında böyüyən ağaca bənzəyir.

***             ***             ***

AL-in qrupuna gedən yol təsnifat mərhələsindən yox,  çox uzaqdan başlamışdı.

Rebrendinqdən sonra “Qəbələ”nin tutduğu istiqamətin doğru olduğu görünmüşdü – bu haqda xeyli yazılmışdı. Arada Muntyanunun məşqçiliyi dönəmi – itirilmiş vaxt...

Roman Qriqorçukun gəlişindən sonra onun işə yanaşması, konfranslarda danışdıqları, mimikaları, emosiyaları... Mən yazar kimi onu çox yaxından izləməkdə idim. Bu adamın proses sevimlisi olduğu sezilirdi; nəticə gələcəkdi... 

Və gəldi.

***              ***              ***

Biz bayram əhval-ruhiyəsindəyik” -  BVB ilə matçöncəsi mətbuat konfransında dediklərindən bir fraza diqqətimi çəkdi. O, “Qəbələ”yə gəlişinin ilk ilində qarşıya qoyduğu məqsədin – PROSESİN ən yaxşı nəticəsinə nail olmuşdu. Dünya nəhəngi klublardan biri ilə oynamaq – bu hiss Qriqorçuku içindən böyütmüşdü. O, bayram əhvalı deyəndə məhz bu incə məqamı nəzərdə tuturdu.

4:0-dan sonra təlx, amma ruhlu bir Qriqorçuku konfransda görəndə bu mütəxəssis haqda müsbət fikirlərimin təsdiqlənməsinə sevinmişdim. Ancaq ondan tələb edəcəyimiz, gözlədiyimiz çox şey var. Çünki onun əlində olan şərait bu tələbi şərtləndirir.

Qrup mərhələsinədək olan proses Qriqorçukun aktivinə yazıldı. Ancaq növbəti mərhələ - Azərbaycan çempionatında “Qarabağ” hegemonluğuna qarşı dirəniş və növbəti Avropa mövsümü üçün uğurlu transferlər eləyib, əldə olunan nəticəni yaxşılaşdırmaq...

***              ***              ***

“Borussiya” – “Qəbələ” 4:0

Buna sadəcə nəticə kimi baxanlar da var və təəssüf ki, az deyil. Təəssüf ona görə ki, bu tabloya sadəcə nəticə kimi baxanların öz baxışını təhlil edə bilməyəcəyi gün kimi aydındır.

Almaniyaya 3 günlük səfər bəs elədi ki, tablonun niyə bu cür olduğunu özümçün izah edəm. Sizə cəmi üç epizodu misal çəkim:

1. Sıra qaydasındakı intizam. Həm oteldən stadiona gedəndə, həm oteldən aeroporta yola düşəndə yolda bir neçə dəfə sıxlıq yarandı. Ancaq bircə avtomobil belə öz cərgəsindən çıxıb, “probka” yaratmadı, əziz həmvətənlərim. Biz əvvəlcə “probka”nın bizimlə, bizim də onunla münasibətimizdəki çıxışlıq təsirlik hal şəkilçilərini yox etməliyik.

2. Şəxsiyyət amili. Oyunun fasiləsində, press-lojadan press-ruma gedəndə göyçək bir uşağın yanağından ehmalca çimdikləyib, əzizlədim. Ancaq yanındakı yaşlı kişi qalxıb, eyni hərəkəti mənə elədi, özü də çox acıqlı. Mən gülümsəyib, elədiyimə görə üzr istədim, o da gülümsədi və getdim otağa. Ancaq geri dönəndə fikrimdən çıxmayan bu əhvalatın səbəbini ondan soruşdum. Dedi ki, Müllerin cəmi 4 yaşı var, o, artıq dərketmə prosesindədir və bir şəxsiyyət kimi formalaşmağa başlayır. O hərəkətiniz onu yaşından geri atar.  4 yaşlı oğlana naz eləmək pisdir.  ...Və mən atası olduğum 5 və 2 yaşlı oğlan övladlarımın nə qədər geri düşdüyünü düşünməyə başlayıb, Müllerin babasına təşəkkür eləyib, işimin dalınca getdim.

3. Dərman məmulatlarının çox ucuz olması. Azərbaycanla və olduğum başqa əksər ölkəyə nisbətən aptek qiymətlərinin həddən artıq ucuz olmasını bir əczaçıya bildirdim. O, əvvəlcə təəccübümü anlamadı, sonra belə bir izah verdi: dərmanlara xüsusi nəzarət var. Yəqin bizim indi başladığımız dərman qiymətlərinə dövlət nəzarəti də alman əczaçının dediyi o NƏZARƏTİN tərkib hissəsindən biridir. Azərbaycanda 22 manata olan dərmanı Dortmundda 9 avroya, 18-20 manata olan vitamin kompleksini isə 5 avroya gördüm. Aradakı keyfiyyət fərqindənsə söhbət açmağa ehtiyac yoxdur. Bilirsiz, xəstələnən adamın dərman almağa pulunun çatmayacağını düşünmək onu daha da çarnaçar edər, sağaltmaz... 

***              ***              ***

Tabloya nəticə kimi yox, proses kimi baxmağı öyrənək...

Qriqorçukun oyunsonrası konfransdakı bir frazası ilə budəfəlik sizinlə söhbətimizi bitirək: "Tibbdə belə anlayış var: içdiyin dərmanın təsirinin olması üçün onun səni sağaldacağına inanmalısan. İnam olmasa, qarşıya qoyduğun məqsədə çata bilməzsən. ...Mən bu klubu sevirəm, komandamdakı bütün oyunçuları istəyirəm, klub rəhbərliyinə böyük hörmətim var - "Qəbələ"də görəcəyimiz işlər həddən artıq çoxdur"

Elçin CƏLİLOV


oxunma sayı: 2416 | Paylaş:




?>