')

Bu gün:


FutbolPress.Az | Üç kəlmə, bir cümlə, bir hekayə: ümidləri oğurlanmayan “Parma” (YAZI)

Üç kəlmə, bir cümlə, bir hekayə: ümidləri oğurlanmayan “Parma” (YAZI)


oxunma sayı: 1491 Paylaş:

FutbolPressİtaliyada köklü bir klubun çöküşü azarkeşlər üçün üzücü oldu.  Apennin futbolunun bu cür acınacaqlı halla üzləşəcəyi əslində “Yuventus” məsələsində özünü büruzə vermişdi. Borca görə işığı kəsilmiş “Ennio Tardini” stadionunun qarşısında sadəcə bu sözlər yazılmışdı: “Oğurluğa görə bağlanıb”. Üç kəlmə, bir cümlə, bir hekayə. Bir zamanlar Avropa futbolunun ən yüksək səviyyəsində oyulara ev sahibliyi etmiş stadionun divarında yazılmış bu sözlər hələ də silinməyib.

Futbol tarixi “Parma”nın əldə etdiyi uğurları heç vaxt unutmaz. 1999-cu ildə UEFA kubokunu başı üzərinə qaldıranda  “Parmalat”ın sponsoru olduğu “sarı-mavilər” heyətində dünya ulduzlarını yetişdirirdi: Buffon, Türam, Kannavaro, Dino Bacco, Veron, Krespo, Asprilla.




Əslində, klubun süquta uğrayacağı son illər özünü hiss etdirməyə başlamışdı – A Seriyasında son pillələr klubun adına yaraşmırdı. Lakin Roberto Donadoni yenidən komandanı dirçəldəcəyinə söz vermiş və bu yolda müsbət addımlar atmaqda idi. Lakin may ayında ümidlərin boşa çıxdığı anlaşıldı. Sonradan çox peşman olduğunu söyləsə də, “İnter”dən gələn təklifləri rədd edən Antonio Kassanonun liderlik etdiyi “Parma”da Conatan Byabiani, Marko Parola və kapitan Lukarelli mükəmməl oyun sərgiləyərək, komandanı 2013/2014 mövsümündə A seriyasında 6-cı etməyə müvəffəq oldular. Bəli, heyət kasad görünsə də, onlar yenidən 1999-cu ildəki uğurlarını təkrarlamaq istəyirdilər. Həm də 100 yaşı qeyd edəcəkləri vaxt. Amma vəziyyət fərqli idi, sanki fırtınaöncəsi səssizlik onları narahat edirdi.

Bunun ilk nümunəsi, vergi ödəmədikləri üçün əllərindən alınan Avropa Liqasının bileti oldu. Prezident  Tommaso Qirardi vəziyyətdən xəbərdar olmadığını deyib, maliyyə durumlarının yaxşı olduğunu dilə gətirəndə, azarkeşlər öz ad günündə komandaya Kassanonu alan başqana inanırdılar. Ancaq sonradan işlər yaxşı getmədi: Parolanın “Latsio”ya transferi, Byabianinin ürək problemlərinə görə futbola ara verməsi “Parma”nın alt sıralara yuvarlanmasına səbəb oldu.



Prezident klubu satışa qoyduğunu elan edənsə borclar 200 milyon avronu keçmişdi. Buna baxmayaraq, Qirardi yenə də kefini pozmurdu. Klubun yeni sahibi Rezart Taci isə azarkeşlərə ümid verməyə tələsmirdi. İki ay boyunca komandada kimsəni görmədiyini deyən Taci, eyni  formada -  heç kimə görünmədən klubu 1 avroya Qyampyertro Manettiyə satdı. Bu, son 10 ildə “Parma”nın başına gələn ikinci belə hal idi: saqqız puluna satılması....
Komandanı başına toplayan Manetti 100 milyon avro xərcləyəcəyini deyəndə buna inanmayan ilk adam fədakar kapitan Lukarelli idi: “Bundan şübhələndim, çünki çox böyük miqdarda puldu”. Manetti klubu bir qəpik xərcləmədi. Şəhərinin klubunu xilas etməyə çalışan Parma valisi Federiko Pitsarotti Manettini saxtakarlıqda təqsirli bildi.

“Parma” isə çöküşdə  idi. Onlara ən böyük dəstək isə A seriyasında mübarizə aparan futbolçulardan gəldi. Məhz bunun nəticəsində 25-ci turun oyunları 15 dəqiqə gec başladı. Borclar ödənmədi, komandanın B seriyasında belə oynamasına icazə verilmədi və “Parma” həvəskar bir klub oldu -  D seriyasına yuvarlandı. Bu anda ən böyük dəstək azarkeşlərdən gəldi. Bunun da bir səbəbi var: kapitan Alessandro Lukarelli. Komanda harda oynasa da, “Parma”nı tərk etməyəcəyini bildirdi. İnsanları kluba kömək etməyə çağırdı və bunun müqabilində uzun illər dəyişmədiyi kapitanlıq bandını satışa çıxardı.



İndi “Parma” İtaliya D seriyasında, daha dəqiq, həvəskarlar liqasında çıxış edir. 29 futbolçusu olan komandanın “sükanı arxasında” Luici Apollonidi. 13 il bu komandanın formasını geyinən və 300-dən çox oyun keçirən Luicinin sayəsində indi “Parma” çıxış etdiyi liqada turnir cədvəlinin liderdir. Klubun prezidenti isə məşqçi kimi komandaya uğurlar qazandırmış Nevio Skaladı. Onun dönəmində “Parma” İtaliya Kuboku, Kuboklar Kuboku, Avropa Super Kuboku və UEFA kubokunu başı üzərinə qaldırıb.
İndi Parmada insanların dilində bir söz gəzir: klub oğruluqlara görə bağlana bilər, lakin ümidlərimizi oğurlaya bilməzlər...

“FutbolPress”


oxunma sayı: 1491 | Paylaş:




?>