')

Bu gün:


FutbolPress.Az | "Maradonizm" : Argentinada futbol dini (YAZI)

"Maradonizm": Argentinada futbol dini (YAZI)


oxunma sayı: 1929 Paylaş:

FutbolPress1998-ci il, 30 oktyabr. Rosario. Saatın əqrəbləri gecə saat 3-ü göstərir, Alexandro Veronun telefonu çalınır. O gözlərini güclə açır və dəstəyi qaldırır: 

- Dostum, Miladın mübarək! –  idman jurnalisti Hernan Amesin var gücü ilə xırıltılı qışqırığı eşidilir.

- Ağlın başındadı? Gecə saat 3-dü, özü də oktyabr. Dəli olmusan? Get, yat! – qorxmuş Veron məntiqlə cavab verir.

- Yox-yox, bu gün Allahın doğum günüdür. O anadan olub. Milad bayramın mübarək! - dəstək asılır...

Söhbət 38 yaşı tamam olan Diyeqo Armando Maradonadan gedirdi.

Gecə Ames daha bir dostuna - Hektor Kampomaruya zəng edib, təbrikini çatdırır. Amma o da təlaşa düşür və yuxulu halda təbrikləri rədd edir. Lakin bir neçə gün sonra üç dost şəhərdəki barların birində görüşür, Maradonanın adı ilə bağlı ətrafa diqtə edə biləcək böyük nəyisə yaratmaq haqda müzakirələr aparır. Sonda razılıq əldə olunur. Amma nə? Fan klub? Yox, bu, belə dahi bir insan üçün çox xırdadı...

Onlar böyük bir kilsə açdılar. Bəli, sonradan bir çox insanın ziyarət edib, sitayiş elədiyi kilsə.

Yeni yaradılan dinin insanların tanıması üçün 3 il vaxt lazım oldu. 2001-ci ilin oktyabrın 30-u Rosarioda ilk ibadətçilər bir araya gəlib, Maradonanın şərəfinə dua edirlər. Təşkilatçılar 20 insanın gələcəyini təxmin eləsələr də, bu say gözləniləndən çox, lap çox olur. Düz 500-dən çox adam həmin gün ibadətə qoşulur. Həmin vaxtdan onlar üçün xüsusi təqvim fəaliyyət başlayır: 2015-ci il əvəzinə Maradonanın yaşı – 55-ci il. Cərəyanı "Maradonizm", özləri isə “Maradonist”lər adlanırlar. 

Maradona adına kilsənin xüsusi binası və ibadətçilərin daimi görüş yeri yoxdur. Mərasimləri yalnız iki tarixdə təşkil eləmək mümkündü – 30 okytabr və 22 iyun. İlk tarix Maradonanın, onların dili ilə “futbolun Allahı”nın doğulduğu gün, ikincisi isə Pasxa. Niyə Pasxa, niyə 22 iyun? Ona görə ki, 1986-cı ilin məhz həmin günü Argentina dünya çempionatının 1/4 finalında İngiltərəni məğlubiyyətə uğradıb. Maradona isə həmin görüşdə bir qolunu “Allahın əli” ilə vurmaqla dubl edib.



Maradonistlər məbəd kimi adətən Rosario şəhərində pizzeriyadan - Pizza Bananadan istifadə edirlər. Mərasim günü 300-dən çox adam kiçik bir ocağın ətrafına cəmlənir, çaxır və pivə içir, nepolitan pizza yeyir, müxtəlif dillərdə mahnılar oxuyurlar. Mərasimdə müxtəlif kilsələrdəki kimi diqqət mərkəzində dua oxuyan keşiş yox, Argentina millisinin 10 nömrəli formasını geymiş kök kişi olur. Bu, kilsənin əsas yaradıcısı Hernan Amesdir.

“Din – bu, ilk növbədə sizin hislərinizdi. 10 ildən çoxdu bu işlə məşğulam və anlamışam ki, bu yalnız əyləncə deyil. Bu həqiqətən də bir din və ya dini cərəyandı”, – Ames müsahibələrin birində izah eləməyə çalışır. “ Biz katolik kilsəyə qarşı heç vaxt hörmətsizlik eləmirik. Axı biz bir xalq hərəkatı deyilik. Argentina üçün futbol dindir. Hər bir dinin isə Allahı var. Futbolun Allahı isə Maradonadı”, – o qeyd edir.  

Bayram günü pizzeriyanı Maradonanın formaları və Argentina bayraqları ilə bəzəyirlər. İbadətçilər müxtəlif şəkillər gətirir, ekranlarda isə Diyeqonun ən yaxşı qolları göstərilir. Tədbir başlayanda 10 nəfər ağ xalatlı kişi kilsənin əmanətləri: butslar, formalar, Dünya Kubokunun replikası və 34 kürəcikdən ibarət (Maradonanın milli komandanın heyətində vurduğu qollar qədər) təsbehlə düzülür və mahnı oxuya-oxuya kilsə ətrafında dövrə vururlar.



Səhnənin mərkəzində isə içərisində Maradonanın kiçik heykəli olan taxta kilsə dayanır. Heykəlin yanında yerli İncilin və “Mən Maradonayam” adlı tərcümeyi-halın bir nüsxəsi qoyulur.



Bəzən Maradonanın azarkeşləri burda öz uşaqlarının simvolik vəftizini keçirir, bəzi hallarda isə evlənən cütlüklər burda nigaha girirlər. 2007-ci ildə meksikalı cütlüyün toyu kilsəni nəinki Cənubi Amerikada, hətta bütün dünyada tanıtmışdır.



Tədbirin sonunda müxtəlif müsabiqələr başlayır. Maradonistlər öncə öz aralarında “Diyeqnun ən yaxşı tatosu”, ardınca isə “Kim Maradona haqda digərlərdən daha çox bilir?” adlı konkurslar keçirirlər. Finala çıxanlar isə hətta Maradonanın ilk maşının rəngini də bilməlidilər.



Gecə yarısı, Diyeqonun ad günü düşəndə ofisiantlar badələri şərabla doldurur və atəşfəşanlıq olur. Bəzi hallarda tədbirə Maradonanın özü də zəng edir. Bu vaxt “Allah”ın gur səsi bütün pizzeriya boyunca yayılır, itaətçilər göz yaşlarını saxlaya bilmirlər.

"Çox sağ olun! Allah bizimlədir. O, 1986-cı ildə olduğu kimi bizə daha bir qələbə bəxş edəcək”, - 2008-ci ildə kilsəyə zəng edəndə Diyeqo söyləmişdi. Bir çox insanlar isə bu səsi eşidib ağlamışdılar.

Əgər əvvəllər Diyeqo adına kilsə dostlar üçün balaca bir klub idisə, indi təşkilatçılar hesab edirlər ki, bütün dünyada Maradonistlərin sayı 120 min nəfərdən çoxdu. Doğurdan da, ötən ilin oktyabrında təşkil olunan mərasimə Rumıniya, Avstriya, İsveç, Danimarka və hətta Uelsdən də onlarla insanın qatılması buna bariz sübutdu.

“İsa Məsih və Maradona möcüzələr yaradıb. Sadəcə Diyeqonun yaratdıqlarının videoyazıları var”, - artıq bir neçə dəfə bu mərasimdə iştirak eləmiş 23 yaşlı Qlazqolu Antoni Beyl vurğulayır.

Kilsə üzvlərinə üzərində ləqəb olan xüsusi kartlar verilir. Məsələn, Karlos Tevez, Lionel Messi, “Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonun adını çoxdan kimsə özünə ləqəb götürüb. Bu ləqəblər arasında hətta 1986-cı il mundialında İngiltərə millisinin şərəfini qorumuş əfsanəvi Hari Linekerin də adı var.

Bir dəfə kilsənin banisi Hernan Emese Ronaldinyonun agenti zəng edib:

“Düzdü, öncə elə bildim ki, bu bir zarafatdı və dəstəyi asdım. Lakin bir neçə dəqiqə sonra argentinalı bir jurnalist mənimlə əlaqə saxladı, Ronaldinyonun kilsədən Maradonanın köynəyini istədiyini, bunun qarşılığında ona müsahibə verəcəyini bildirdi. Mən də razılaşdım. Görürsüz, hətta Roni də Diyeqonu sevir?!” 



Sonda diqqətinizə Diyeqo Maradona adına kilsənin 10 buyruğunu çatdırırıq:

1) “Top bulaşmır!” ( Diyeqonun sitatı)
2) Futbolu hər şeydən çox sev!
3) Diyeqo və futbolun gözəlliyinə şərtsiz sevgi aşıla!
4) Argentinanın şərəfini qoru və digər insanlara hörmət et!
5) Bütün dünyada Dieqonun möcüzələri haqqında danış!
6) Diyeqonun oynadığı klubları yadda saxla və formalarını müqəddəs bil!
7) Diyeqonun adını hansısa klubla bağlama!
8) Kilsənin prinsiplərini daim təbliğ et!
9) Dieqo sənin ikinci adın olmalıdı!
10) Birinci oğlunun adını Diyeqo qoy!


Mənbə: Sports.ru
Tərcümə: Şəfi ŞƏFİYEV


oxunma sayı: 1929 | Paylaş:




?>