')

Bu gün:


FutbolPress.Az | Rəqibi tanıyaq:  “Monako” (DOSYE)

Rəqibi tanıyaq:  “Monako” (DOSYE)


oxunma sayı: 661 Paylaş:

FutbolPressAvropa Liqasının J qrupunda mübarizə aparan "Qarabağ"ın 3-cü turdakı rəqibi Fransanın "Monako" klubudur. Rəqibi yaxından tanıyaq.

Komandanın əsası 1 avqust 1919-cu ildə qoyulub. Mərkəzi Monako knyazlığında yerləşir. Monako knyazlığı UEFA-ya üzv olmadığından klub 1924-cü ildən Fransa çempionatında çıxış edir və bu ölkənin təmsilçisi hesab olunur. Ev oyunlarını Fonveydə 18.523 azarkeş tutumuna malik "II Lui" stadionunda oynayır. Bu arena 1998-2012-ci illərdə  UEFA Super Kuboku uğrunda matçlara da ev sahibliyi edib.


Komandanın ləqəbi "Les Rouges et Blancs" yəni "Qırmızı və ağlar"dır. "Monako" formasını ən çox geyinmiş futbolçu Jan-Lyuk Ettoridir - 755 matç. Komandanın heyətində ən çox qolu isə Delio Onnis vurub. Argentinalı hücumçu 223 dəfə rəqib qapılarına yol tapıb. Klubun səhmlərinin üçdə ikisi rus iş adamı Dmitri Ribolovlevə məxsusdur.
Tarixində ilk dəfə 1953-cü ildə Fransa I Liqasında çıxış edən "Monako" 7 dəfə ölkə çempionu tituluna yiyələnib.

TİTULLAR VƏ...

Knyazlıq klubu 5 dəfə ölkə kubokunun, 4 dəfə Fransa Super Kubokunun, 1 dəfə isə Liqa Kubokunun (Coupe de la Ligue) sahibi olub. Avrokuboklarda ilk uğurlu çıxışı 1992-ci ilə təsadüf edir. O zamanlar tanınmış fransız mütəxəssis Arsen Vengerin rəhbərlik etdiyi komanda Kuboklar kubokunda finala qədər irəliləməyi bacarmışdı. "Monako" həlledici görüşdə Almaniyanın "Verder Bremen" klubuna 0:2 hesabı ilə məğlub olmuşdu. "Qırmızı-ağlar"ın Avropa səhnəsində növbəti finalı 2004-cü ildə baş tutub. Bu dəfə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalında onların rəqibi "Portu" olub. Ancaq fransızlar bu matçda da azarkeşlərini sevindirə bilməyib. Hər 2 komandanın sürpriz finalında gülən tərəf "Portu" olub - 3:0.



"Monako" 2010-2011-ci illər mövsümünü 18-ci sırada tamamlayaraq 35 ildən sonra aşağı liqaya (Ligue 2) yuvarlanıb. 2 mövsüm Liqa 2-də çıxış edən kollektiv 2013-cü ildə çempion olaraq, yenidən əsas liqaya qayıtmağa müvəffəq olub. Elə həmin il rusiyalı biznesmen Dmitri Ribolovlevin maliyyə dəstəyi ilə Radamel Falkao, Joao Moutinyo, Xames Rodriqez və Rikardo Karvalyo kimi ulduzlar heyətə cəlb olunub. Ancaq istənilən nəticəni əldə etmək mümkün olmadı və komanda Liqa 1-də PSJ-dən sonra - 2-ci yeri tutdu. Baş məşqçi Klaudio Ranyeri ilə yollar ayrıldı və bu posta portuqaliyalı mütəxəssis Leonardo Jardim gətirildi.  Bu nəticə ilə Çempionlar Liqasında iştirak hüququ qazanan "Monako" turnirdə uğurlu çıxışı ilə yadda  qaldı. Sözü gedən yarışın qrup mərhələsini birinci tamamlayan "qırmızı-ağlar" 1/8 finalda güclü "Arsenal"la qarşılaşdı. Böyük əzmkarlıq göstərən Jardimin komandası 2 oyunun nəticəsinə (3:1, 0:2) görə rəqibi üstələyərək növbəti mərhələyə vəsiqə qazandı. Burada isə "Yuventus"a məğlub olaraq (0:0, 0:1) Çempionlar Liqasında iştirakını dayandırdı.

Ötən mövsümü isə 3-cü sırada bitirən "Monako" Çempionlar Liqasına III təsnifat mərhələsindən qoşuldu. İlk sədd "Yanq Boyz" asanlıqla keçildi - 3:1və 4:0. "Pley-off"da onların qarşısını "Valensiya" kəsdi. 2 oyunun nəticəsinə əsasən, rəqibindən zəif olan (2:1, 1:3) "Monako" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. "Qarabağ"la birgə J qrupunda yer alan knyazlıq komandası ilk 2 turdan sonra qələbəyə həsrətdi. "Anderlext" və "Tottenhem"lə matçlarda komanda 1:1 hesablı "sülhə" razılaşıb.

Son mövsümdə "Monako"nu bir çox aparıcı oyunçular tərk edib. Aymen Abdennur "Valensiya"nın, Yannik Ferreyra Karrasko "Atletiko Madrid"in, Joffrey Kondoqbia "İnter"in, Dimitar Berbatov PAOK-un, Antoni Marsial isə "Mançester Yunayted"in yolunu tutdu. Bu oyunçuların əvəzinə heyətə bəzi yeni futbolçular cəlb olundu. Yeni transferlərdən Roni Lopez, İvan Kavalyero və Qabriel Boşilyanı "gələcəyə yatırım" da adlandırmaq olar. Təcrübəli futbolçulardan Fabio Koentrao ("Real Madrid") və Stefan Əl Şəravi (Milan) icarə əsasında komandaya cəlb olundu. Daha bir gənc istedad Mario Paşaliç isə "Çelsi"dən kirayələndi.



Ancaq bu transferlərə baxmayaraq “Monako”nun cari mövsümdə yaxşı çıxış etdiyini söyləyə bilmərik. Kollektiv  Fransa çempionatında 10 turdan sonra cəmi 14 xal toplayaraq 10-cu pillədə mövqe tutub. Bu matçlarda cəmi 3 qələbəyə sevinən Jardimin komandası 5 bərabərliyə imza atıb, 2 görüşdə isə meydanı başıaşağı tərk edib. Rəqiblərini 14 dəfə cəzalandıran “qırmızı-ağlar” öz qapısından isə15 top buraxıb. Komandanın ən məhsuldar oyunçusu aktivində 3 qol olan 19 yaşlı Tomas Lemardır. Maraqlıdır ki, Fransa Liqa 1-də “Monako”nun hücumçularından (Quido Karrilyo, İvan Kavalyero, Lasina Traore, Helder Koşta, Stefan Əl Şəravi) heç biri qol vurmayıb.

Elmar Rza // "FutbolPress"



oxunma sayı: 661 | Paylaş:




?>