')

Bu gün:


FutbolPress.Az | Rəqibi tanıyaq :   “Borussiya" Dortmund  (DOSYE)

Rəqibi tanıyaq:   “Borussiya" Dortmund (DOSYE)


oxunma sayı: 849 Paylaş:

FutbolPressAvropa Liqasının qrup mərhələsində çıxışına davam edən  “Qəbələ”nin ən ciddi rəqibi şübhəsiz ki, Dortmund “Borussiya”sıdır. Roman Qriqorçukun komandası  növbəti matçını da məhz almanlara qarşı keçirəcək. “FutbolPress” ənənəvi  “Rəqibi tanıyaq” rubrikasını təqdim edir:

MƏKAN, TARİX, LƏQƏB VƏ S.

Əvvəlcədən onu qeyd edək ki, bu, Azərbaycan komandalarının  dortmundlularla ilk matçı deyil. Hələ 2010-cu ildə “Qarabağ” Avropa Liqasının  “pley-off” mərhələsində “Borussiya” ilə qarşılaşmış və hər 2 matçda məğlub olmuşdu (0:1, 0:4).

Klubun əsası 1909-cu ilin 19 dekabrında qoyulub. Rəsmi adı “Ballspielverein Borussia 09 e.V. Dortmund”, qısaca BVB-dir. “Borussiya” söz olaraq Prussiyanın latınca tələffüzüdür. Komandanın bazası Şimali Reyn-Vestfaliya əyalətinin Dortmund şəhərində yerləşir. Ev oyunlarını 81.359 azarkeş tutumuna malik “Siqnal İduna Park” stadionunda keçirir. Keçmiş adı “Vestfalenştadion” olan arena çılğın dortmund azarkeşləri tərəfindən, demək olar ki, hər oyun tam doldurulur. Stadionun ən məşhur tribunası “Gelbe Wand” yəni, “Sarı divar” adlanır.



Qapı arxasında yerləşən bu tribuna, təxminən, 25.000 tərəfdar tutumuna malikdir və matç zamanı rəqib komandaların vahiməli yuxusuna çevrilir. İl ərzində isə “Siqnal İduna Park” arenasında təxminən 1 milyon insan öz sevimli komandasına azarkeşlik edir. Son zamanlar dortmundlu tərəfdarlar matçlarda açdıqları maraqlı 3D pankartlarla dünya mediasını diqqətini özünə cəlb edir. Klubun ləqəbləri “Die Borussen” (borussiyalılar), “Die Schwarzgelben” (qara-sarılar)-dir. Komandanın əsas şüarı isə “Əsl eşq” anlamında olan “Echte Liebe”dir. Əzəli və əbədi rəqibi “Borussiya” ilə eyni əyalətdə yerləşən “Şalke 04”dür. Bu komandaların görüşü “Rur derbisi” adlanır.

AVROPADA KUBOK QAZANAN İLK ALMAN KLUBU

Bundesliqada 8 çempionluq yaşayan dortmundlular 3 dəfə ölkə kubokunu, 5 dəfə Almaniya super kubokunu başı üzərinə qaldırıb. 1966-cı ildə Kuboklar kubokunun qalibi olan “Borussiya” Avropada kubok qazanan ilk alman klubudur. “Köhnə qitə”də ən böyük uğuruna isə 1997-ci ildə nail olub -  “qara-sarılar” UEFA Çempionlar Liqasının qalibi olmuşdu.  Bundan başqa, bir dəfə də adıçəkilən turnirin yalnız finalında məğlub olublar. 1997-ci ildə Tokioda Braziliya “Kruzeyro”sunu üstələyərək, “Qitələrarası kuboku”da muzeyinə aparıb.



Son dönəmlər “Borussiya”nın əldə etdiyi uğurlar baş məşqçi Yürgen Kloppun adı ilə bağlıdır. 2008-ci ildə klubun “sükanı arxasına” keçən alman mütəxəssis dortmundluları 2 dəfə - 2011 və 2012-ci illərdə Almaniyanın ən güclüsü edib. 2012-ci ildə Kloppun komandası Çempionlar Liqasında da inamlı çıxışı ilə azarkeşlərini sevindirib. Finala qədər rəqib tanımayan “qara-sarılar” həlledici görüşdə digər Almaniya təmsilçisi “Bayern Münhen”ə yenilmişdi. Çılğınlığı ilə yadda qalan Klopp “Borussiya” ilə 1 dəfə ölkə kubokunun (2012), 3 dəfə Almaniya super kubokunu (2008, 2013, 2014) qazanmağa müvəffəq olub. Bu uğurlarına görə 48 yaşlı mütəxəssis 2011 və 2012-ci illərdə Almaniyada “İlin ən yaxşı baş məşqçisi” seçilib. Ötən mövsüm elə də yaxşı təsir bağışlamayan “Borussiya”, az qala, avrokuboklardan kənarda qalacaqdı. Ölkə kubokunun finalında “Volfsburq”a uduzan, çempionatı 7-ci pillədə tamamlayan komanda birtəhər Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazandı. Uğursuz mövsümün ardından Yürgen Kloppla yollar ayrıldı və komanda Tomas Tuxelə tapşırıldı. Cari mövsümdə isə komanda ötən ildəkinə nisbətən yaxşı çıxış edir. 9 turdan sonra 20 xal toplayan Dortmund təmsilçisi bundesliqanın 2-ci pilləsində qərarlaşıb. 9 oyunun 6-da qalib gələn, 2-də “sülhə razılaşan” “Borussiya” yalnız 1 dəfə məğlub olub. Həmin matçda isə bundesliqanın hazırki lideri “Bayern” dortmundluları darmadağın edib – 5:1.



HEYƏTDƏKİ “SİLAHLAR”...

“Borussiya”nın “vuran ayağı” qabonlu Pyer-Emerik Obameyanqdır. 26 yaşlı hücumçu bundesliqanın ilk 9 turunda 10 dəfə rəqib qapılarını dəqiq nişan alıb. Komandanın digər aparıcı futbolçuları isə Marko Roys, İlkay Gündoğan, Henrix Mxitaryan, Sinji Kaqava, Nuri Şahindir. Erməni futbolçu Mxitaryan cari mövsümdə kariyerasının ən yaxşı dönəmlərindən birini keçirir. O, bütün turnirlər daxil olmaqla, 16 matçda 10 qol və 7 assistlik performans göstərib. 
Ötən mövsüm etibarlı müdafiəsi seçilməyən “Borussiya” problemin aradan qaldırılması üçün bəzi addımlar atdı. Komanda yay “transfer” pəncərəsində ilk olaraq qapıçı problemini həll etdi. Heyətə “Frayburq”dan Roman Burki cəlb olundu. İsveçrəli qolkiper qısa zamanda qocalmaqda olan Roman Vaydenfellerdən üstün olduğunu sübut edərək əsas “çərçivə qoruyucusu”na çevrildi. Düşərgəyə qoşulan yeni futbolçulardan biri də Park Cu Hodur. Koreyalı müdafiəçinin son iş yeri “Maynts” olub. Baş məşqçi Tomas Tuxel əsas heyətdə Mattias Ginter, Yonas Hofman, Erik Durm və Yulian Vayql kimi gənc futbolçulara da oynamaq şansı verir. Adı çəkilən sonuncu futbolçu da “Borussiya”nın sıralarına bu il qoşulub. 20 yaşlı Vayql “Münhen 1860” klubunun yetirməsidir. “Mançester Yunayted”ə məxsus olan gənc istedad Adnan Yanuzay da bu mövsüm icarə əsasında “qara-sarılar”ın şərəfini qoruyur.
Cari Avropa Liqasına III təsnifat mərhələsindən başlayan “Borussiya” Dortmund burada Avstriyanın “Volfsburqer” komandası ilə qarşılaşıb. Rəqibini asanlıqla mübarizədən kənarlaşdıran (1:0, 5:0) alman klubunun növbəti rəqibi Norveç təmsilçisi “Odd” olub. İlk görüşdə dortmundlular möhtəşəm “come-back” (geridönüş -red.) edərək, 0:3 hesabı geriliyi öz xeyrinə dəyişə bilib – 4:3. İkinci matçda isə səviyyə fərqi öz sözünü deyib -7:2. Beləliklə, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan “Borussiya” bu mərhələdə indiyədək 2 görüş keçirib. Doğma divarlar arasında Rusiyanın “Krasnodar” klubunu məğlub edən Tomas Tuxelin yetirmələri 2-ci görüşdə PAOK-un müqavimətini qıra bilməyib – 1:1. “Qəbələ” ilə matça qədər 2 oyundan 4 xal topan “Borussiya” C qrupuna başçılıq edir.   
 
Elmar // "FutbolPress"


oxunma sayı: 849 | Paylaş:




?>