')

Bu gün:


FutbolPress.Az | Şikayətçi “İdman Azərbaycan”dırsa, Elxan Məmmədov bu dəfə haqlıdır (YAZI)

Şikayətçi “İdman Azərbaycan”dırsa, Elxan Məmmədov bu dəfə haqlıdır (YAZI)


oxunma sayı: 783 Paylaş:

FutbolPressAFFA və PFL-in Premyer Liqanın oyunlarında çempionatın yayım hüququna malik "CBC Sport"dan başqa heç bir telekanalın çəkiliş apara bilməyəcəyi ilə bağlı bəyanatına "İdman Azərbaycan" telekanalında sərt cavab gəlib.

Telekanal bununla bağlı rəsmi "Facebook" hesabında bəyanat yayıb. Bəyanatla bu linkdə tanış ola bilərsiz.

Tanış oldunuzsa, keçək kiçik mətləbə.

Bunadək çempionatın yayım hüququ “İdman Azərbaycan”da idi. Ortaya qoyulan iş əksər etibarilə narazılıq yaradırdı.  Həm də bu kanalın futbolda yükü, təbliğat işinin çəkisi hiss olunacaq dərəcədə deyildi. Bir də görürdün, ölkə çempionatının ən maraqlı oyunu gedir, kanal  formula-1, yaxud dəxli olmayan hansısa bir yarışı nümayiş etdirirdi. Səbəbi araşdırılanda, adətən, ortaya anormal detallar çıxırdı. Məsələn,  klub pul ödəməyib, yayım verilmir və s. bu kimi şeylər.  

Bu sahədə hökm sürən  rəqabətsizlik mühitində "İdman Azərbaycan"ın özünü belə, diletant  aparması xoş təəssürat yaratmırdı. Əslində, oyunların göstərilməyində kanalın özü maraqlı olmalıydı, klubdan pul gözləməməliydi,  əksinə,  kluba ödəməliydi. Dünyada belədir, "İdman Azərbaycan"çün isə "öz qaydaları" keçərlidi. Əsas səbəb də, reklam cəlbi üçün çalışıb-vuruşmaq stimulunun olmaması. Hazır büdcə.. rəqabət mühiti yox. Belə şəraitdə hansı peşəkarlıqdan dəm vurasan...

***              ***              ***

"İdman Azərbaycan"da ölkə çempionatına aid cəmi  bir veriliş var idi, o da “Filankəs yaxşıdır, filankəs daha da yaxşıdır, hər şey lap yaxşıdır” janrında. Bəzən verilişlərə dəvət olunanlar.. və ictimaiyyətə mütəxəssis kimi təqdim olunmaları “İdman Azərbaycan”ın səviyyəsini ortaya qoymuş olurdu. İstinad obyektləri də məhdud çərçivə və s. bulaşdırmaq istəmədiyimiz aşağı səviyyəli detallar.

Açığı, “CBC-Sport”  daim tənqid etməkdən yorulduğumuz ölkə futbolunda azsaylı gözəgörk işlərdən biri sayıla bilər. Bəli, işin yaxşı alınması üçün kifayət qədər pul xərclənir, ancaq keyfiyyət istəyirsənsə, çox da xərcə düşməlisən və s.

Yoxsa “İdman Azərbaycan”... Dövlətdən ayrılan (qeyri-rəsmi məlumatlara  görə) 9 milyon manatlıq illik büdcəylə ortaya nə uğurlu layihə qoyuldu ki, heç olmasa, işıq ucu görək, əhsən deyək... Nə interaktiv müzakirələr vardı, nə ictimaiyyətin cəlbi üçün müvafiq sorğular, nə orijinal reportajlar, nə müəllif yanaşmaları, nə uğurlu ekspert heyətiylə ciddi, taktiki müzakirələr açılırdı, nə alternativ fikrə yer verildi. 

Bəli, ayrı-ayrı fərdlərin işində irəliyə cəhd, şərhçilikdə xırda sıçrayışlar və s. Biz bunları qeyd  etmişik. Məsələ miqyası geniş addımlardadır və burada kanalın  axsadığı, müasir tələblərə cavab vermədiyi gün kimi aydındı. İndi də görüntünü əldə eləməkçün məbləğ tələbi  qoyulub deyə, bəyanatda incik şəkildə vurğulanıb ki, bu səbəbdən Premyer-Liqa verilişi efirə getmədi. Bahooo... Nə danışırsınız, cənablar, biz çox böyük itkiyə məruz qalmışıq. Futbol maariflənməsindən məhrum olmuşuq.

Güldürməyin...

“CBC” heç olmasa, keyfiyyətli çəkiliş təqdim edir. "CBC-Sport" fəaliyyətə başlamamış artıq ən maraqlı liqaların yayımını aldığını anons edib, interaktiv, təhlil, maarifləndirmə xarakterli verilişlər hazırlanacağı açıqlanıb və s.

Keyfiyyətli məhsulu satmaqçün də, necə deyərlər, bu kanalın  “dili uzundu”...

***              ***              ***

Kanalın təsisçisi AFFA elan olunmuşdu.  "İdman Azərbaycan"ın narazılıq bəyanatı Elxan Məmmədova xitabən hazırlanıbsa, deməli, kanal onun kurasiyasındadır / belə qəbul olunur de-fakto... Əgər AFFA çəkiliş üçün “CBC-Sport”dan icazə alınmasını, dolayısı ilə, materiallar üçün pul ödənməsini tələb edirsə, tamamilə haqlıdır.  İmkan vermək lazımdır ki, bu sahəyə peşəkar yanaşma gəlsin.

Sadə düstur: məhsulu hazırlamışam, havayı vermək fikrində deyiləm.  Yox, o başqa məsələ ki, "İdman Azərbaycan" deyir, biz də yayım hüququ əlimizdə olanda belə qərar verdik, sonra bizə ağız açdılar, "çox da şey eləmədik", nə bilim nə... Əvvəla, yuxarıda müfəssəl qeyd olunub, o məhsul keyfiyyətsiz idi, mübahisə epizodlarını şərh etməkçün yaramırdı, rakurs qıtlığı bol idi, görüntü keyfiyyəti aşağı idi və s. Başqa cür də yanaşsaq, satmamısınızsa, deməli, bu o demək deyil ki, "CBC-Sport" da havayı təqdim eləməlidir. Siz öz "standartlarınızı" təklif edirsiniz, hətta diqtə edirsiniz, pardon, olmur...

***              ***              *** 

Ümumiyyətlə, Premyer Liqanın yayım hüququnun  satışı elan olunanda “İdman Azərbaycan” harda idi? Ölkənin əsas idman kanalı özünü kənara niyə çəkmişdi? Gözləyirdiniz, alan olmayacaq, yenə havayı veriləcək sizə? Ay xatakarlar...  700 min nədir ki? O qədər pulu yox idimi kanalın? Onda hansı böyük işlər, layihələr iddiasından dəm vurulur?

Yeni addımları isə alqışlamaq lazımdır. AFFA, dolayısıyla Elxan Məmmədov  bu tələbdə tam haqlıdır. Kanal narazılıq eləməkdənsə, öz üzərində çalışmalıdır, səviyyəni yüksəltməlidir, jurnalistika prinsiplərinə uyğunlaşma istiqamətində islahatlar aparmalıdır.  Əgər keyfiyyətli məhsulu hazırlamağa potensialınız çatmırsa, onda onu əldə eləməkçün ödəniş etməlisiniz...

Bəyanat küskünlüyü artıqdır, əliniz cibinizdə olsun...

Elçin CƏLİLOV


oxunma sayı: 783 | Paylaş:




?>