Elxan Məmmədov imperiyası haqda bir neçə qeyd (XƏYALİ XƏRİTƏ)
Paylaş:
Azərbaycan futbolunda praqmatik idarə sistemiylə fərqlənən AFFA-nın baş katibi Elxan Məmmədov öz imperiyasını qurmaq sevdasına çoxdan mübtəla olub. Uçan Məlum Obyektlərin verdiyi son məlumatlara görə, yaxın 1-2 ildə Məmmədov AFFA-nı bütünlüklə hökmü altına alacaq.
Onun başlatdığı imperializmin daxilində əsas hərəkətverici qüvvələr və “işğal etdikləri”:
1. “Sumqayıt” Futbol Klubu
2. “Neftçi” Peşəkar Futbol Klubu
3. Bütün yaş qrupları üzrə Azərbaycan milli komandaları
Niyyət:
1. “Kəpəz” Futbol Klubu
Böyük plan:
1. “Xəzər Lənkəran” Futbol Klubu
2. “İnter” Peşəkar Futbol Klubu
Hədəfdə olan:
1. Peşəkar Futbol Liqası (PFL)
Sonuncuya sahiblənmək istəyi təxminən 3-4 ildir ki var. Cəhdlərsə 1 ildən artıqdır yaranıb və uğurlu nəticələnərsə, PFL ləğv ediləcək, yerinə Klublar Komitəsi adlı qurum sürüşdürüləcək və başçı “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov olacaq.
Bu, xəyali “A” planının “B” bəndidir. Planın əsas bəndində Rövnəq Abdullayevin AFFA prezidenti postundan getməsidir. O getsə, Ramin Musayev və bəzi kadrların gedişi də avtomatik olacaq. Belədə Elşad Nəsirov de-fakto, “xaç atası” qismində, Məmmədov isə de-yure AFFA-ya sahiblənəcək. Bu planın yaxın vaxtlarda sürətli işlək vəziyyətə keçirilməsi gözlənilir. İşlər isə çoxdan başlayıb və təmkinlə davam etdirilir.
Elxan Məmmədovun imperiyasını bərqərar etdiyi andan futbol təsərrüfatında tamamilə köklü dəyişiliklər gözlәnir. Hazırkı klub idarə strukturlarında, komanda texniki heyətlərində, hətta media istiqamətində forma dəyişilikləri mütləq olacaq.
İmperiyanın әmәlәgәlmә prosesi AFFA-nı maliyyələşdirən SOCAR pullarının köməkliyi ilə gedir. Məhz bu detala görə Rövnəq Abdullayevə birbaşa adekvat detallar hiss etdirilmir, onun rəhbərlikdən gedişi üçün real taktikalar işə salınmayıb.
Abdullayevin AFFA-dan gedəcəyi halda maliyyənin indikitək olmayacağı dəqiqdir. Belədə Məmmədov “xaç atası” Nəsirovun kölgəsi, xeyir-dualarıyla başlatdığı bu işləri tamamlamaya bilər.
Abdullayev özünə qarşı mübarizəyə qalxanı əfv eləmir. Məqam düşən anda rəqibinə ölümcül zərbə vurur bu təmkinli və mülayim görünüşlü insan.
Buna 5 misal çəkə bilərik, ancaq gələcək yazılarımızda... Hələliksə, sadəcə, Hafiz Məmmədov variantına fikir verməyiniz kifayətdir.
Bu savaşın ildırımsürətli hal alması və zərərçəkmiş tərəfin nə cür çökdürülməsi birbaşa Elxan Məmmədovun şahidliyi ilə baş verdiyinə görə o, hər şeyi gözəl bilir və vəziyyətə uyğun davranır.
Biz isə imperiyanın konturlarını cızan prosesləri müşahidə eləməkdə, məlumat toplamaqda, sizinlə söhbətləşməkdə davam edəcəyik... xoşdur.
Elçin CƏLİLOV
| Paylaş: