')

Bu gün:


FutbolPress.Az | Dünya Kubokunun Kovboyu: ən məşhur braziliyalı fanatın qısa tarixçəsi (YAZI)

Dünya Kubokunun Kovboyu: ən məşhur braziliyalı fanatın qısa tarixçəsi (YAZI)


oxunma sayı: 2282 Paylaş:

FutbolPressHərdən futbolda elə hadisələr baş verir ki, ən əzəli rəqibinin də əvəzinə təəssüf hissi keçirir, peşmanlıq yaşayırsan. Məsələn, futbolçuların aldığı zədələr, onların meydanlarda qəfil ölümləri, stadionlarda baş verən qarışılıqlar, qəzalar zamanı azarkeşlərin ölməsi və ya xəsarət almaları hər kəsin, hətta ən düşmən komandaların və onların azarkeşlərinin qəminə, qüssəsinə səbəb olur.

Bir neçə gün əvvəl bütün futbol dünyası “Mançester Yunayted”in gənc oyunçusu Lyuk Şoun aldığı ağır zədənin şokunu yaşadı. Təbii ki, həm “qırmızı şeytanlar”ın, həm də onların əbədi və əzəli rəqiblərinin də fanatları 20 yaşlı futbolçunun ayağının qırıldığı anın görüntülərini çox üzgün şəkildə qarşıladı.  Səhərisi gün daha bir hadisə əsl futbol azarkeşlərini sarsıtdı. Bu dəfə dünyanın ən məşhur fanatlarından sayılan, dünya çempionatlarının bəzəyi, Braziliya yığmasının qatı fanatı, bir çoxları üçün fanatlığın simvolu olan Kvolis Akosta Fernandes dünyasını dəyişdi. Mundialların korifeyi, bütün azarkeşlərin sevimlisi olan cənubi amerikalı uzun sürən oknoloji xəstəlikdən sonra bu dünyaya gözlərini əbədi yumdu.



Bir il əvvəl çəkilən bu kadrları demək olar ki, hər kəs görüb. Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın göz yaşlarına heç kəs biganə qalmamışdı. Yalnız “Youtube”da həmın videoçarx cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamşdı.



Almaniya millisinin 1:7 hesablı qələbə qazandığı gün – bu, Braziliya futbolu tarixinin ən biabırçı, ən pis günüdür desək, yanılmarıq. Lakin məhz həmin gün hamı hələ heç kimə adı bəlli olmayan "dünyanın ən kədərli Braziliya fanatı”na aşiq oldu.



Gəlin, böyük bir sirrin üstünü açaq. Həmin o məşhur fanat Kvolis Akosta Fernandes idi. Ömrünün 60-cı yazında (red-cənub yarımkürəsində hazırda yazdı) əbədiyyətə qərq olan Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib. Həmin vaxtdan o, Braziliya millisinin oyunlarını stadiondan canlı izləmək arzusu ilə alışıb-yanıb. 



Həmin an uzun illər sonra, 1990-cı ildə yetişir. Akosta bir aylıq mundialın keçirildiyi uzaq İtaliyaya getmək istəyir. Lakin  həyat yoldaşı onun qarşısına sərt şərt qoyur. Şərtə görə, Akosta arvadına yeni alman pianosu almamış, Avropaya yollana bilməyəcəkdi. Arvadının arzusunu qısa müddətdə reallaşdıran Kvolis Fernandes artıq bir neçə gündən sonra Roma hava limanında olur və həyatının ilk dünya çempionatında sevimli komandasına stadiondan dəstək vermək şansını əldə edir.

İtaliyada yaşamaq üçün Akosta hətta bir müddət bütün dünyaya məşhur olan İtalyan piroqu və pizzası hazırlanan firmaya işə də düzəlir. Bu müddətdə o, həm Braziliya millisinə dəstək olmaq üçün Cənubi Amerikadan gələn həmvətənliləri ilə dostlaşır, həm də dünyanın bir çox ölkələrindən özünə yeni tanışlar tapır.



1994-cü ildən onun bu işdə ilk şəriki doğma oğlu olur. ABŞ-da keçirilən və Braziliya millisinin qələbəsilə bitən turnir zamanı Frenk Deniel atasına ingiliscə danışmaqda kömək edirdi. Mundial zamanı Kvolis Fernandesin əhatəsi xeyli böyüyür. Həm Braziliyadan, həm də dünyanın müxtəlif yerlərindən “sambaçılar”a azarkeşlik eləməyə gələn insanlar onun ətrafında toplaşır və bir azad azarkeş qrupu əmələ gəlir. Onlar hətta özlərinə ad da seçirlər – “Copa da Gaucho”. Yəni, “Dünya Kubokunun Kovboyları”. Bununla da Kvolis həmin fanat birliyinin “baş kovboy”u seçilir.

“Hamı deyir ki, Braziliya millisində oyun sayına görə rekordçu müdafiəçi Kafudur. O, 142 dəfə yığmanın formasını geyinib. Lakin bu mövzuda hər kəslə mübahisə edə bilərəm. Çünki Braziliya millisinin görüşlərində mən ondan daha çox iştirak eləmişəm” – deyə, 2014-cü il mundialından əvvəl Akosta zarafatlaşmışdı. 



Kvolis Fernandes bütün fanatlıq karyerası ərzində dünyanın 60-dan çox ölkəsində olub və bu ölkələrdə Braziliya yığmasının 150-dən çox matçını stadiondan izləyib. “Dünya Kubokları Kovboy”u 6 mundialda, eyni sayda Amerika Kubokunda, 4 Konfederasiyalar Kubokunda və bir Olimpiya Oyunlarında iştirak edib, sevimli komandasına dəstək olub. 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən Avropa Çempionatı zamanı isə o, 2014-cü ildə vətənində təşkil olunacaq mundialın piarı ilə məşğul olub və kifayət qədər insanı bu işə cəlb edib. Müqayisə üçün bildirim ki, futbolçular arasında dünya birinciliklərində iştirak sayına görə rekordçular almaniyalı Lotar Matteus və meksikalı Antonio Karvahaldı. Onların hər ikisi 5 dəfə dünya kuboklarında milli komandalarına kömək edib.



Hər dünya çempionatına səfəri zamanı Kvolis biri-birindən maraqlı macəralarla qarşılaşır. 2002-ci ildə o, dostları ilə turnirə gəlir və adəti üzrə Braziliya millisinin oynadığı şəhərləri arasındakı məsafəni qət eləmək üçün maşın icarəyə götürmək istəyir. Lakin o və “Dünya Kubokunun Kovboyları”ndan olan dostlarına heç bir şirkət icarəyə avtomobil vermir. Bu səbəbdən fanatlar turnirin keçirildiyi Yaponiya və Cənubi Koreya arasında ictimai nəqliyyatdan istifadə eləməyə və kifayət qədər böyük məbləğdə vəsait xərcləməyə məcbur qalır. Asiya ölkələrində isə dil problemində ona mundiala cəlb olunmuş könüllülər kömək edir. Lakin bütün yaşanan çətinliklərə baxmayaraq Kvolis xoşbəxtlik uduşunu qazana bilir. Onun sevimli komandası həmin mundialın finalında Almaniyanı 2:0 hesabı ilə məğlub edərək tarixində 5-ci və hələlik sonuncu dəfə dünya kubokuna sahib çıxır. Nə pis ki, bu kubok həmçinin Kvolisin canlı gördüyü son trofey olur.



2002-ci il mundialından bəri Kvolis Fernandes bütün dünya çempionatlarına öz şəxsi talismanı – dünya kubokunun kiçildilmiş surəti ilə getməyə başlamışdı. Hansı ki, mundiallarda Braziliya millisinin oyunlarından əvvəl həmin kubokun surəti matçların yayımlandığı televiziyaların ekranlarında canlanırdı.



Bəzilərinin "dünyanın ən kədərli braziliya fanatı” kimi yadda saxladığı Kvolis Fernandes ömrünün sonuna kimi bütün mundiallarda iştirak edəcəyinə söz vermişdi. Mən özüm isə hələ ötən ildən onun Rusiyada keçiriləcən DÇ-2018-ə gələcəyini proqnozlaşdırmış və xatirə fotosu çəkməyi məqsəd qoymuşdum. Axı Braziliya millisi bütün dünya çempionatlarında iştirak edən yeganə komandadı, Kvolisin isə belə ağır xəstəliyə düçar olduğunu düşünə bilməzdim. Amma bu baş verdi... Qəfil ölüm onu həm futboldan, həm sevimli Braziliya millisindən, həm də azarkeş dostlarından vaxtsız ayırdı, mənim isə onunla nə vaxtsa görüşməyimə mane oldu. Sonda isə bir söz demək qalır - rahat yat, cənab kovboy!

Şəfi ŞƏFİYEV
FutbolPress



oxunma sayı: 2282 | Paylaş:




?>