')

Bu gün:


FutbolPress.Az | “Dumanlı Albion”dan zəngin təəssürat və “London kuboku”... (YAZI)

“Dumanlı Albion”dan zəngin təəssürat və “London kuboku”... (YAZI)


oxunma sayı: 1837 Paylaş:

FutbolPressSentyabrın 15-i saat 18:00-da böyük bir heyət  Londona uçmağa hazır vəziyyətdə idi. 5 saat 40 dəqiqəlik hava yolculuğunu hansısa məşğuliyyətlə zənginləşdirmək lazım idi ki, yorulmayaq. Həm sakitçiliyə riayət eləyib, futbolçuların istirahətinə mane olmayasan, həm də müxtəlif intellektual oyunlardakı adrenalini, tempi sakit keçirəsən - açığı, çətin idi... Elə olurdu ki, arada kapitan Rəşad Sadıqov, baş məşqçi Qurban Qurbanov,  klubun direktoru Əmrah Çəlikəl də gəlib biz tərəfə - jurnalistlərin mitinqinə baş çəkirdilər. Səs-küy o qədər maraqlı olurdu ki, arada öz zarafatları, sözbaz müdaxilələriylə onlar da prosesdə iştirakçıya çevrilirdilər. 

Müxtəlif oyunlar oldu, ancaq jurnalist heyəti, əsasən, iki oyunda çoxluqla iştirak elədi – ölkə paytaxtlarını tapmaq və dövriyyəli sistemlə şəhərlərin adını çəkmək. Hər adı çəkilən şəhərin son hərfi ilə növbəti şəhərin adını deməli olan növbəti iştirakçı təkrara yol verməməliydi.   Təki şahidi olardınız,  məğlub olmamaq üçün iştirakçılar bəzən elə şəhərlərin adını çəkirdi ki, dünya xəritəsini açıb, axtarmalı olurduq. Bütün qitələrdən ən qəribə şəhər adları... Moderator Rüstəm Əfsərli də fikirləşməkçün ayırdığı 30 saniyəlik vaxtı elə entuziyazmla səsləndirirdi ki, bildiyin də yaddan çıxırdı. Ölkə və paytaxt yarışmasında bəndəniz 5 dəfə qalib gəlib,  bu yarışmada əsas rəqibi İlkin Fikrətoğlunu 3 dəfə daha çox çempion olmaqla üstələsə də, 2 il əvvəlki  “Neftçi”nin Belqrad səfəri zamanı keçirilən yarışmada aldığı məğlubiyyətin əvəzini tam çıxa bilmədiyini düşünür. Ancaq şəhər adları yarışmasında İlkin fəallığını saxlasa da, mən yarışmadan tez qopurdum, səbəbi isə yaddaş zəifliyi - təkrara yol verməli olurdum. Firuz Abdulla yenə təmkinli və sakit əsəb nümayişi ilə 10 iştirakçı arasında gərgin mübarizədə 2 dəfə çempion oldu. Mirbağırağa, “Futbol+”dən Fariz, Çingiz Abdullayevin “milli xain” adlandırdığı o əlaçı araşdırmanın müəllifi Saleh Arslan, “rekord”çu  Kənan Məstəliyev, mətbuat konfraslarının ən çox sual verəni Hacı Mərdan, “Komanda”dan Elnur Həmidov – oyunun fəal iştirakçısı olmaqla səfərin yol vaxtını zənginləşdirdilər. Əli Sahibin aerofobiyasının uçuş zamanı ortaya qoyduğu “səhnəciklərsə” gülməkdən keçindirə bilər. Arada yatmağa cəhd eləməklə, bəzən kitab oxumaqla vaxt “öldürməyə” çalışsa da, fobiya işini görməkdə idi; təyyarə yerə enəndə, adətən, ən çox nəzər yetirdiyimiz nəfər Əli olur.

Emin Abbasovda da aerofobiya var, ancaq o,  bunu büruzə verməməyə çalışsa da,  Ceyhun Rzayevdə yol narahatlığının hiss olunmadığını görmüşük həmişə. Beləcə biz uzun yolculuğu müxtəlif rənglərlə  keçirdik...

Hava limanına enəndə heç birimizdə yorğunluq yox idi - mexaniki yorğunluq nəzərə alınmasa...

Şam yeməyinin tam ortasında çatdıq otelə və yerləşib, hamımız sabahı gözlədik. Axşam yerli vaxtla 17:30-da “Qarabağ”ın məşqi və Qurbanovun oyunqabağı mətbuat konfrasında iştirakımız elan edildikdən sonra yerdə qalan boş vaxtı səmərəli keçirməkçün həmkarlar müxtəlif qruplara bölünüb Londonu öyrənməyə çıxdılar.

Şimal şəhərlərinə xas bahalıq öz yerində, ancaq hər detalda bir sistem, peşəkarlıq gözlənilən idi.. canlı şahidi olmaq isə tam başqa hiss və təcrübədir. Bizim ilk qarşımıza çıxan “Şerlok Holms”un ev muzeyi oldu. Şotland yazıçı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı haqda vikipediyadan oxuyub, geniş məlumat ala bilərsiniz.

Ondan qabaq Madam Tüsso muzeyilə qarşılaşsaq da, sıx növbə səbəbindən orda gözləməmək qərarı vermişdik.

Daha sonra “English” dərsliyindən gözümüzə, yaddaşımıza möhkəm həkk olunan “Big ben”i görmək, “London Eye”də olmaq, Trafalqar meydanını ziyarət etmək, Temza çayının... bir sözlə, Londonu gəzdikcə bir paytaxtın, şəhərin qismində şəhərsalma mədəniyyətinin, arxitektura mühafizəkarlığının və s. möhtəşəm keyfiyyətlərin sahidi olmaq kimi bir hiss.

“Dumanlı Albion”un kövrək buludları tez-tez dolub-daşırdı... Gün ərzində 3-4 dəfə möhkəm yağış oldu, sonra gün çıxdı.. ecazkarlıq təsvirlərə sığışmaz.

17:30 və biz “Qarabağ”ın media üçün açıq olan 15 dəqiqəlik məşq hissəsini izlədik; qədimdən də qədim, ancaq möhtəşəm “Uayt Hart Leyn” stadionunun futbolyönümlü mahiyyətinin dərinliklərində bərq vurduq; gözəl hisslər...

Ondan əvvəlsə mətbuat konfransında Qurbanovun həmişəki təmkini, açıq danışmaması...


***       ***       ***

Oyun başladı. “Tottenhem” 5-6 dəqiqədən sonra hiss elədi ki, “Qarabağ” yoldankeçən, təsadüf iştirakçı  deyil. Bunu dərk eləyənə qədərsə Ansinin sol cinahdan keçidinin qarşısı penaltilik həddə kəsildi. Hakimin təyin elədiyi 11 metrliyi Riçard Almeyda sol ayağı ilə qapıçının sol tərəfinə ustalıqla vurdu – Lyoris istiqaməti tutsa da, topu tuta bilmədi. 0:1 öndəyik, “Spurs” özünü “yığışdırmağa” başladı. Oyunu meydanın mərkəzindən sürət götürüb, cərimə meydançası həndəvərinə  girməklə  qurmağın faydasız olduğunu, yerlə oyunun “Qarabağ”da daha yaxşı alındığını görüb, hiss eləyəndən sonra dərhal tipik ada futbolu üslubuna – cinah reydlərinə keçdilər. Elə bu tərzdə oyun da bizimkilərin adaptasiyasını ləngitdi. Son 3 dəqiqəyə 2 qol vurub, komandasına özünəinamı qaytardı.

“Qarabağ”da Əfranın oyundan “qopması” işini görürdü. Sol cinahdan isə Cavidin reyd eləməli olduğu məqamlarda çox detalın çatışmadığı ortaya çıxdı. Belədə rəqib bir qədər rahatlaşdı, müəyyənləşdirdiyi üslubda oynamağa davam elədi.

Bu arada, ingilis azarkeşlərin “futbol akademiki” olduğu haqda aforizmlərin canlı şahidi olduq. Onların ilk hissənin ortalarında bir-iki epizodda öz komandasını uğultu və fitə basmağı heyrətləndirici idi. Bilirsinizmi niyə?

Çünki “Spurs” tempi aşağı salmağa, mərkəzdə top saxlayıb, ora-bura “çalxalanmağa” başlamışdı. ...İngilis azarkeşi biletə verdiyi pulun boşa getməsini bağışlamır – Frenk Teylor “Peşəkarlar” kitabında bu haqda çox geniş  yazıb.

Temp qalxanda "Qarabağ"ın yorulmamağı, tərzini itirməməyi xoşagələn olsa da, fərdi ustalıqlar arasındakı fərq, təəssüf ki, vəziyyətə damğasını vururdu. 2:1-lik üstünlük Lamelanın qolu ilə artdı, ancaq “Spurs”un bütün heyəti hesabın daha böyük olmasına köklənmişdi. “Qarabağ”ın, xüsusən, son 5-6 dəqiqədə tab gətirməyi çox vacib idi, çünki Əfranın boşa verdiyi o şansdan sonra hesab fərqini azaltmağın mümkünsüzə çevrildiyi hiss olunmaqdaydı, barı, rəqib daha qol vurmasın...

Müdafiəmizdə panikanın hiss olunmasını qabartmalıyıq. Bunun üzərində iş görülməlidi. Düzdü, “Tottenhem” də müdafiədə kifayət qədər boşluqlar buraxmışdı, sadəcə, bizimkilər yaranan şanslardan yararlana bilmirdilər. Səbəbsə buna yetəcək gücün rəqibə nisbətən az olması idi.  Onlar müdafiənin önündə sıxlıq yaradıb, Riçard və Reynaldonu zərərsizləşdirməyi bacarırdılar. Qol vurmaq bir yana, ağır qrupdur, burada əvvəlcə qol buraxmamaq vacibdir. Belədə isə "Monako” və “Anderlext” kimi sürətli futbol üslubuna məxsus komandalarla möhkəm müdafiə “sığortası” vacibdir...

Oyun 3:1 hesabı ilə bitsə də, açığı, hesabın oyuna görə olmadığını iddia eləmək mümkündü. Hətta həm ingilis həmkarlarımızdan eşitdiklərimiz, həm azarkeşlərin rəyləri – “Qarabağ”ı belə gözləmədikləri aşkar idi. Həmyerlimiz, Londonda yaşayan və BBC-nin əməkdaşı olan Vüsal Həmzəyevlə qısa söhbətimdə bildirdi ki, orada  “Qarabağ”ın oyununu xoşladığını deyənlər çoxdur.

Oyunsonrası mətbuat konfransında Qurban Qurbnovun hirsli olduğu görünürdü. Görəsən o, Şehiçin lazımsız “sarı” almasına, oyunu gecikdirmə cəhdinin uğursuz manevr olmasına hirslənmişdi, yoxsa layiq olmayan 3:1-lik məğlubiyyətə, yoxsa kapitan Rəşad Sadıqovun 2 epizodda səhvinə, yoxsa... bunu bilmədik. Çünki oyun haqda fikirlərini deyəndən sonra mətbuat katibi Nurlan İbrahimov jurnalistlərdən sual verib-verməyəcəklərini soruşanda  4-5 saniyəlik pauza yarandı, pauza Qurbanovun “Sağ olun” deyib, zalı tərk eləməsiylə bitdi. Başa düşməyə çalışırdıq ki, qəzəblidir... 

Yaxşı oyun səbəbindən, bizi də, azarkeşləri də çox incitməyən məğlubiyyətin səhəri günü, yerli vaxtla saat 14:00-da havaya düzəldik. Komanda Gəncə aeroportunda düşəcəkdi – ayın 20-də “Kəpəz”lə səfər oyunu var. Jurnalist heyəti isə Bakıya doğru...

Yenə 6 saata yaxın yolculuq və təbii ki, bezdirici keçməməsi üçün müxtəlif məşğuliyyətlər.  Bu dəfə domino... Öz aramızda “şeş qoşa” davası, gərgin və ya əksi olan mübarizə gedərkən “oyun meydançasının” həndəvərindən keçən klubun baş meneceri Asif Əsgərov, direktor Əmrah Çəlikəl   “oyunçu aparsın” dəstəyi sərgilədilər.

Yenə iştirakçılardan kiminsə  tərəf müqabilinin səhv daş gəldiyini iddia elədiyi, dava saldığı, hesabda geri düşdüyünü həzm eləmədiyi  bir məqam idi.  Bir az da temp düşmüşdü. Qurban Qurbanovun təklifi isə çempionatda dopinq rolunu oynadı. “Yenidən çempionat qurun, qalib cütlüyə 200 manat  “premiya" məndən!” dedi. Pəh... Domino savaşı başladı, nə başladı.  “London kuboku” adı verdiyimiz yarış olimpiya sistemi ilə keçirildi. 4 komanda  yarımfinal və final oynadılar.  Hacı Mərdan  və bəndəniz  Firuz Abdulla – Rüstəm Əfsərli komandasıyla oynadı. Çempionatdan əvvəlki qarşılaşmada onları məğlub eləsək də, mükafat uğrunda mübarizədə bəxtimiz gətirmədi. Nə Hacıya, nə mənə şanslı “daşlar” gəlmədi. Əvəzində çempionluğa iddia elədiyini qulaqlarımızın dibinətən çığıran rəqib cütlük ələ düşən şanslardan gen-bol istifadə edib, qalib gəldilər. Digər yarımfinal matçında isə Saleh Arslan və klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov tandemi ilə Fariz – Kənan cütlüyü qarşılaşırdı.  Gərgin mübarizəni  Nurlan-Saleh komandası qazandı. Final matçını böyük auditoriya izləyirdi. Göyün yeddinci qatında domino üzrə “London kuboku”nu   həmçinin baş sponsor, stimullaşdırıcı Qurbanov da əvvəldən sona qədər izlədi.

Mübarizəyə Nurlangil 44 xal qazanmaqla tufan kimi start verdilər.  Əksəri onları çempion kimi görsələr də, Firuz-Rüstəm komandası asta-asta fərqi azaltdı, sonra önə keçdilər və qalib gəldilər. İndi onlar hərəyə 100 manat mükafat sahibidilər, “yeyib-içmək” istəyə bilərsiz, istəsəniz əlaqə nömrələrini də verə bilərik...

Zarafat, deyib-gülməklə dolu, çox maraqlı səfər yaşadıq. Bu təşkilatçılığa görə başda Tahir Gözəl olmaqla bütün “Qarabağ rəhbərliyinə təşəkkür edirik. Hər səfər həm də böyük bir təcrübədir...

”KİV-də “Qarabağ”ın “Spurs”a qarşı oyunu haqda müxtəlif açıqlamalar, müsahibələr oxumusunuz. Biz sizə həm də  dünyaca məşhur “ForForTwo” jurnalının “Qarabağ” haqda hazırladığı araşdırmanı təqdim elədik. Həmkarlarımız “Atlılar” haqda alqışlanası zəhmətlə, çox geniş, informativ, zəngin təhlilləri olan bir məqalə hazırlayıblar. Yerli media oyunqabağı  soyuq yanaşsa da, oyunsonrası həm reportajların həcmi kifayət qədər geniş idi, həm  də komandamız haqda xoş təəssüratlar yer almışdı.

London bizi yağışla qarşıladı, yağışla da yola saldı. Adadan məğlubiyyətlə qayıtsaq da, səhvlərin doğru təhlili istiqamətində zəngin təcrübə gələcək oyunlarda özünü göstərəcək/göstərməlidir. “Qarabağ”ın tutduğu yol gözəl, ağıllı, alqışalayiq futbolla  özünü büruzə verir. Daha uğurlu nəticələr arzusuyla...

Elçin CƏLİLOV


oxunma sayı: 1837 | Paylaş:




?>