')

Bu gün:


FutbolPress.Az | Emin Mahmudovun müsahibəsinə sözardı (QEYD)

Emin Mahmudovun müsahibəsinə sözardı (QEYD)


oxunma sayı: 934 Paylaş:

FutbolPressAzərbaycan əsilli (?) futbolçu Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib. Bildirib ki, məhz Azərbaycanda internet və peyk televiziyasının olmadığına görə, camaat Rusiya Premyer Liqasını izləyə bilmir. Müsahibənin ən əsas hissəsində isə Mahmudov Rusiya millisində oynayacağını ümid edərək Azərbaycandan gələn təklifi geri çevirdiyini söyləyib.

Əslində Azərbaycana bağlılığı belə müəmmalı olan birinin bu cür fikir söyləməsini müsbət qarşılamaq lazımdı. İncəsənət adamlarının futbolumuza başçılıq etdiyi bir dönəmdə Elxan Məmmədovun ən uğursuz ssenarisi digər ölkələrdə top qovanları milliləşdirmək oldu. İndi bizlər Emin Mahmudovu milliyə xəyanət etməkdə günahlandırırıq. Düzmü edirik? Bəs eminkimilər milliyə niyə bu qədər dəyərsiz yanaşırlar?

Bu barədə çox fikirlər söylənildi, yazılar yazıldı, müzakirələr aparıldı – bəlkə bir ümid olar, bəlkə Emin qonşu ölkədən səsimizə səs verər. Əslində məsələ Eminin günahkar və ya günahsız olması deyil. Son illərə kimi yaxşı oynamasına baxmayaraq, heç cür özünü millimizin məşqçilər korpusuna bəyəndirə bilməməsidi. Milli qürurumuzdu, milli canımızdı, milli bizi digərlərinə qiyabi də olsa tanıtdıran bir vasitədir deyirik, lakin bu ifadələri işlətməklə, özümüzü aldatmış (alçatmış) oluruq. Bunun fərqinə varmırıq və eminkimilərin “rədd” cavabından sonra hər vəclədə onları tənqid etməyə çalışırıq. Milli haqda söz deyənlər isə kənarda bu tamaşaya sadəcə gülümsəyərək fikir verirlər.

Düzdü, sözü deməmək insanın ürəyini deşir. Biz milli haqda dediyimiz və ya demək istədiyimiz sözü digərlərindən (onlardan) fərqli olaraq öz vicdan ölçülərimizlə dəyərləndirməyə, gizlətməməyə öyrəşmişik. Olan sözümüzdü, onu da çatdırmaq istəyirik, qoy futbol qurumumuz elə bilməsin ki, lalıq.

Bir misal əsl məsələnin özəyini elə özündə əks etdirir:

Keçmiş SSRİ dönəmində kolxoz sədrinin 90 yaşlı anası rəhmətə gedir. Günlər, həftələr keçir, amma ağlaşma kəsmir. Yaşlı qadının cümə axşamına gələn bir ağsaqqal kolxoz sədrinə təskinlik verir: “Anan 90 il yaşadı, sən buna şükür eləməlisən, bu ağlaşma nədi? Heç cavanlar öləndə bu qədər ağlamırlar”. Kolxoz sədri gülümsəyərək deyir: “Vallah, biz çoxdan sakitləşmişik. Amma qonşu kənddən gələnləri ovutmaq olmur”.

İndi məsələnin əsl sahibi AFFA qala-qala bizlər yaxamızı cırırıq.

Futbolpress.az


oxunma sayı: 934 | Paylaş:




?>