“Qəbələ” – PAOK matçına hazırlanan video anonsa sözardı (QEYD)
Paylaş:
Əvvəlcə aşağıdakı video-anonsa baxın, sonra birlikdə deffektlərə nəzər yetirərik.
Ancaq mətləbə keçməzdən əvvəl haşiyə: Səhv - iş olan yerdə baş verir. Tənqid də iş olan yerdə əmələ gəlir. Bu video-rolik “Qəbələ”nin rəsmi “facebook” səhifəsində yerləşdirilmişdi və klubun təşəbbüsü ilə hazırlanıb.
“Qəbələ”nin xeyli cəhdləri var ki, alqışlanasıdır. Elə ötən illərdə “FutbolPressTV"nin “Klub saytlarının monitorinqi” rubrikasında məhz “Qəbələ”nin saytının qalib olması və s. detalları sadalamaq olar ki, bu klubda yaradıcılıq baxımdan iş görülür.
Söhbətsə konkret bu rolikdən gedir və biz istərdik bəzi məqamları incələyək; bundan sonra klub xərcə düşüb iş gördürəndə xərclədiyi məbləğin qədrini bilsin.
Ümumiyyətlə, ölkəmizdə reklam yaradıcılığının bərbad olduğunu bilirik. Üstəlik,oğurluq ssenarilər, uğursuz mətnlər, keyfiyyətsiz çəkiliş və süjet yanaşmaları və s. Detalları vurğulamaq olar. Hətta vəziyyət o həddədir ki, yaradıcılıqda, kinayəli “Azərbaycan standartı” deyilən ifadə yaranıb - nәyəsə oxşayan çək, "bas, getsin"... Rəqabət mühiti də yoxdur ki, yaxşını pisdən, səviyyəlini zəifdən seçməkçün nümunələr olsun.
Təəssüf ki, bu video-rolik də o sıraya aid edilə bilər.
Təkrar qeyd eirik ki, çəkəcəyimiz qeydlər sırf yaradıcılıq məsələsidir, zövqlərsə müxtəlifdir.
Əvvəl ordan başlayaq ki, anonsda hansısa süjet xətti ilə getməyə cəhd edən müəllif(lər) yaxşı olardı ki, şablondan qaçardılar. Anons bir hadisəyə kütlənin dqqətini cəlb etmək, çağırmaqdır. Belə bəsit, sıradan bir çağırışla çətin ki, əlahiddə diqqət yaransın oyuna qarşı. Zatən, oyuna gəlmək istəyənlər gələcək, anonsun cəlbediciliyi burda heç bir rol oynamamış oldu – yalnız informativ motivi çıxmaqla.
Anonsda hansısa ştrix, detal orijinallığı düşünmək olardı, ancaq təəssüf ki, buna rast gəlinmir, əvəzində süni “ssenari”.
Materialda çoxlu “filmoqrafik” yanlışlıqlar var. Fokuslanmadan tutmuş, çəkilişdə kadr keyfiyyətsizliyinə qədər...
Tamaşaçı avtomatik, hipnoza düşür, çünki o, eyni xətti, eyni yanaşmanı demək olar, bütün reklamlarda görür, bütün anonslarda da. Belədə bu rolikin təsir gücü itmiş olur.
Həm də sünilik, bəsitlik detallarda əks olunub.
Məsələn, rolikdə dərzi və mühəndisin su və ya çay (digər olsun) içdiyi fincan eynidi. Belə monotonluq, təkrarlar şərf məsələsində lap qabarıqdır. Həm avtomobil ustası, həm dərzi, həm bərbər, həm bənna, həm də mühəndis – hamısı eyni şərfdən istifadə edir. Bəs klubun marketinqinin ölçü və fantaziyalarını qısaltmaq, kiçiltmək deyilmi bu? Onlar başqa dizaynlı şərf və ya etketlər hazırlamayıblar? Yox, bu olmadı, belə olmaz. Müştərinin cılız fantaziyalarının qurbanı etmək...
Bundan başqa, niyə məhz bənna, çilingər, mühəndis, bərbər, taksi sürücüsü? Bu, seçimlərə irad deyil, əslində şablonla normal sayıla da bilər – oyuna sadə camaat gedir, eyni ideya uğrunda... O şərf və fincanla da müəllif göstərmək istəyir ki, bu şəxsləri birləşdirən eyni dəyərdi. Ancaq işdə yaradıcılıq yoxdur. Eynilik bu qədər olmur ki... Bu bəsitlik olur artıq.
Hadisə cərəyanındakı deffektlər:
Fikir verirsinizsə, ahıl yaşlı dərzi iş başında olanda əlinə iynə batır (Yəqin ya yorğunluq, ya da gözün zəif görməyinə işarə və s.) və o an o, işi qoyur bir kənara, həmin o bütün kadrlarda istifadə olunan şərfi götürüb, gedir stadiona.
Bənnanın qәrarı isə lap gülməlidir. Adam heç bir səbəbsiz, kərpici düzüb, divarı hördüyü bir vaxtda anidən malakeşi yerinə qoyub, əyin-başını dəyişir, gedir. Bəlkə ona zəng gəlsəydi, yaxud oyun vaxtının yetişdiyini bildirən, “saata baxma” hadisəsi baş versəydi, yaxud o iş mühitinin harasındasa oyunun bileti gözünə sataşsaydı və s. Ardıcıllıq məntiqi yerini tutmazdımı? Bunlar ki nəzəri ssenari qeydləridi, burda da xəta oldusa, onda işin bəsitliyi göz çıxardar ki...
Ən gülməli məqamlardan biri də mühnədisin işdən ayrılıb stadiona getmə “səbəbidir”. Adam əlindəki kağızı əzib atır kənara və...
Bu aşkar deffektdir. Mühnədislər, əvvəla, artıq xətkeşlə, qələm-kağızla yox, kompyuter proqramlarıyla işləyirlər, lap olmasın mühəndis, deyək, müəllif başqa peşəni nəzərdə tutub o epizodda... Kağızı niyə əzib atır ki? Oyuna getməkçün belə uğursuz keçid nominasiyasında müsabiqə keçirilsə, elə bu epizod qalib olardı.
Vacib detal:
Heç bir epizodda oyunun bileti göstərilmir. Bu vacibdir. Biletin alışının təbliği vacib idi. Ümumiyyətlə,stadiona biletsiz giriş də məntiqi itirir, boşluq yaradır. Lap olmasın bilet, hansısa formada kassanı kadrlardan birinə salmaq olardı. Taksi sürücüsü ya nəvəsi, ya da nərd oynadığı həmyaşıdı ilə getsəydi, necə? Yox, müəllif sürücüyə "Qəbələ" formasını geyindirir, göndərir stadiona". Özü də niyəsə əsəbidi, yəqin müştəri olmayıb...
Bu qədər bəsitliklər arasında bircə işıqlı məqam var. Bərbər üzünə qırmızı-qara rəng çəkir. Ancaq o epizodda da klub vımpelinin yalqız nümayişi də mənasız görüntü yaradır. Sanki bu bərbər dünyada yalnız "Qəbələ"yə azarkeşlik edir, iş otağında yalnız həmin vımpel olmalıydı. Tutalım, "Barselonanın, "Milanın"ın və s. emblemləri arasında olsaydı və kadrda bu çoxlu atributlar içində "Qəbələ"ninkinə fokuslanma baş versəydi, burda səmimiyyətə söz ola bilməzdi.
Sonda: Anonsdakı bütün personajların birlikdə stadiona daxil olması... bu nə deməkdi? Onlar sözləşmişdilər ki, yan-yana, birlikdə girəcəklər arenaya? Bir neçə başqa fiqurların kadra salınması isə heç bir təbiilik qatmayıb.
Ümid edirik ki, ümumiyyətlə, bir çox layihələrində yaradıclığa meyl edən "Qəbələ"də belə detallara nəzər yetirməkçün art-direktor, kreativ işlər departamenti yaradılar. Hər ölkənin ddialı, böyük klublarında bunlar var. Bu yazı isә tәnqid olsa da, görülәn işә, әmәyә sayğı ilә...
Elçin CƏLİLOV
| Paylaş: