')

Bu gün:


FutbolPress.Az | FIFA sanksiyaları və “Xəzər Lənkəran”ın yaxınlaşan  iflası... (YAZI)

FIFA sanksiyaları və “Xəzər Lənkəran”ın yaxınlaşan  iflası... (YAZI)


oxunma sayı: 1843 Paylaş:

FutbolPressGündəmlə ən passiv maraqlananlar da bilir ki, “Xəzər Lənkəran”dan FIFA-ya şikayətlər olub və ali futbol qurumu klubu cəzalandırıb. Son cəza bolqar futbolçu Qalin İvanovun şikayətinə görə olub. 

Qərara əsasən, klub futbolçuya 215 min avro ödəməlidir. Bundan başqa da şikayətlər var və bu barədə müntəzəm məlumatları oxuyursunuz.

Bu gün klubun vitse-prezidenti Tuyqun Nadirov bu məsələlərlə əlaqədar mətbuat konfransı keçirib. Konfransın tam mətni ilə bu linkə basmaqla  tanış ola bilərsiz.

Gördüyünüz və gözlənildiyi kimi, Nadirov sadəcə, boş və əsassız söz yığını danışıb. Biz oxucuların, XL azarkeşlərinin problemi daha aydın şəkildə anlaması üçün detalları açıqlayırıq.

Bu konfransın keçirilməyinə səbəb nə oldu?

Konfransı ona görə keçirdilər ki, son günlər mediada ardıcıl olaraq klub haqda neqativ məlumatlar yer almağa başlamışdı. Bunun qarşısında klub neyləməliydi? Əldə üstünlük bildirən faktlar yox, FIFA-dan gələn sanksiya böyük bir DƏLİL kimi dillərini qısaltmışdı. Uzaqbaşı, Çingiz Abdullayev kimi, yazılanlara reaksiya olaraq “O yazan  jurnalistlər xaindir” deyib, acizliklərini, çarəsiz qaldıqlarını  bildirməliydilər. Ya da çox düşünüb-daşınıb, konfrans keçirmək variantını seçmək. Ki bəlkə gündəmin dəyişilməyində rolu oldu bunun.


Deyir, “FIFA bizə qarşı ədalətsiz yanaşır”. Sanki o boyda qurumun özünü idarə eləyə bilməyən “Xəzər Lənkəran”a xüsusi ədavəti var.

“FIFA niyə məhz “Xəzər Lənkəran”a sanksiya tətbiq edir” sualına isə daha gülməli cavab verilib: “Avropada bütün dəyərlər qanuna söykənir. Qanun onu göstərir ki, “Xəzər Lənkəran” 31 avqustdan sonra azad agent statusu daşıyan oyunçuları heyətinə qata bilmir. Amma biz bunu edə bilmiriksə, deməli, qərəz var”. Danışılanlardan görünür ki, illərlə klub idarəçisi olsa da, hələ bu işi tam öyrənməyib, incəlikləri bilmir.  Bunu edə bilmiriksə, deməli qərəz var - bu nə demədir. Bəli, Avropada hər şey qanuna əsaslanır. XL da qanunla cəzalandırılıb. Əgər haqlıdırsa, qanunla da haqqını tələb eləsin. Sübut eləsin ki, doğru işləyirlər, legionerlərin pulunu kəsib, mənimsəyib, onları qovmurlar və s.

Heç kəsə sirr deyil ki, klubun fəxri  prezidenti Mübariz Mənsimov, “Mən bu klubu bu gün dağıdaram, sadəcə, azarkeşlərə görə saxlayıram, onların komanda haqda fikirləri  mənimçün hər şeydən vacibdir” deyib.

Belədə nə olur?

Azarkeş yenə rüsvaylığa düçar olan kluba etiraz etməyə, stadionda “İstefa” şüarları artmağa başlayır, dayanmadan “Palmali”nin mərkəzi – İstanbul ofisinə şikayət məktubları gedir. Nəticə?

Mənsimov klub rəhbərliyinə üz tutur: azarkeş niyə qalxıb?

Buna görədir ki, kiçik Mənismovun ən qorxduğu şey azarkeşlərin qalxmasıdır. O, tərəfdarların susdurulması üçün hər şey eləməyə hazırdır.

Mirça Rednik qovulandan sonra ayağa qalxan kütlənin susdurulması üçün əlindən gələni edən bu rəhbərlik müxtəlif saxta azarkeş qrupları yaradıb, onları pulla şirnikləndirib, başqa fəal fanklubları da ələ keçirdi.

Beləcə böyük pullar hesabına mübarizə apardıqları aktiv XL tərəfdarları ya uğursuz nəticələrə görə küsüb çəkildi kənara, ya susduruldu, bir hissəsi də 25 avqust 2013-cü ildəki məlum hadisədən sonra sadəcə, qorxmağa, çəkinməyə başladı. Həmin gün “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra 13 nəfər saxlanılmış, onların 4-nə 2-3 il müddətinə həbs  verilmişdi. Bu hadisə Lənkəran stadionundakı azarkeş izdihamını azı 5-15 dəfə azaltmışdı. Transferlərdən maxinasiya etməyin asan “yem” olduğunu düşünən və bu işdə əlaltısı Tuyqun Nadirova güvənən Mais Mənsimov üçün bu vəziyyət göydəndüşmə idi...

Beləliklə, azarkeş qüvvəsinə birtəhər qalib gəlməyi bacaran bu rəhbərlik başqa tərəfdən uduzdu. 2 il əvvəl Romulonun şikayətinə görə FIFA-dan 6 xal cəzası alan klub problemdən çıxış yolunu bilmirdi. Ancaq elə oldu ki, qurum səhv qərar qəbul etdiyini açıqlayıb, 6 xalın bərpa olunmasına göstəriş verdi. Bu işin baş tutmasında guya öz rolunun olduğunu qabardan Tuyqun Nadirovun yalan danışdığı ən azı, redaksiya olaraq bizə məlumdu və bu haqda dəfələrlə məqalələr yazıb, oxucuları məlumatlandırmışıq.

Nadirovun başqa keyfiyyətləri öz yerində, ancaq onun futbol idarəçiliyindən anlamadığı aydındı. Onun Mais Mənsimova transferlərdən “pul qırmaq” üçün həyata keçirdiyi siyasət belə səhv idi.

Haşiyə: sual yarana bilər ki, Mais Mənsimovun nəyinə gərək qardaşı Mübariz Mənsimovun kluba ayırdığı puldan mənimsəsin, adamın imkanına nə gəlib və s.

Əlbəttə, ola bilər ki, imkanı gen-boldur və daha gen olsun, ancaq daha çox pul daha cazibəlidir. Həm də kluba 2-3 il əvvəlkitək konkret büdcə ayrılmır. Ona görə də kiçik Mənsimov məcburdu ki, böyük pullar üçün transferlərdən "qatlasın". Vaxtında buraxılan səhvlərin acı nəticələri klubu pis vəziyyətdə qoyub, Nadirov isə konfransda deyir ki, olanlardan Mübariz Mənsimovun xəbər var.

Qətiyyən xəbəri yoxdur. Ona yalan məlumatlar çatdırılır. Yerli mediada klub haqda ifşaları yazan çox az sayda KİV var, onlar da klubun reklam pulu qarşılığında susmağı boyuna almayanlardır. Həmin KİV-lərdə yazılanların böyük Mənsimova çıxışının qarşısı alındığı bizə məlumdur.

Əgər böyük Mənsimovun bu rüsvaylıqlardan xəbəri olsaydı, əmin olun ki, mütləq ölçü götürərdi. Bu qədər futbolçunun məvacibi niyə kəsilib o vaxt? Şikayət bir olar, iki olar, uzaqbaşı üç olar. Gətirilən legionerlərin demək olar, hamısı FIFA-ya pullarının tam ödənilməməsi haqda şikayət edirsə, Nadirov hələ də olanlarda FIFA-nın qərəzini hansı məntiqlə qabardır?

Hazırda “Xəzər Lənkəran”  bolqar futbolçu Qalin İvanovun şikayəti əsasında pul cəzasını ödəməlidir. Veldin Muharemoviçin şikayətinə görə isə 2 transfer pəncərəsi müddətinə davam edən və bu mövsümçün bitməli olan, ancaq dünənki qərarla yenidən daha altı aylıq uzadılan bir cəzanın zibilinə düşüb. Klubun isə hələ də xəbəri yoxdu ki, proseslərin davamı yenidən xal silinməsi ilə nəticələnə bilər, ya da xəbəri var, sadəcə, susmaqdan başqa çarə yoxdur. 

Keçən il, xatırlayırsınızsa, elə Nadirov tez-tez açıqlayırdı ki, klub gəncləşdirmə siyasəti yürüdəcək. Bilirsizmi, bu da yalan idi. Əslində, həmin vaxt kluba FIFA-dan tarnsfer qadağası gəlmişdi, məsələni ört-basdır eləməkçün belə bir şey uydurulmuşdu. İki transfer mövsümünü əhatə edən cəza bu yay dövrü üçün bitirdi və klub yeni oyunçu gətirərsə, bundan sonra oynada bilərdi. Ancaq nə oldu?

İvanovun şikayətinə görə FIFA bu cəzanı daha altı ay uzadıb - yəni qış “transfer pəncərəsinə” qədər. Əgər gəncləşdirmə siyasəti aparılırdısa, onda niyə Vaqif Cavadov, Vüqar Nadirov, Ruslan Abışov alınırdı? Niyə legionerlər gətirilirdi? Məlumdu, vaxtikən deyilmiş gəncləşdirmə siyasəti əasassız fikir idi.

İndi İvanov məsələsinin həlli üçün CAS-a şikayət eləmək lazımdı. Bu quruma şikayət üçün də 60 min avroya yaxın məbləğ ödəmək lazımdır. Büdcədən hansı adla pul ayrılacaq? Yenə cəza? Yoxsa “Biz məhkəmələri uduruq” yalanı ilə? Həm də bu cəzanın ləğvi artıq mümkünsüzdür, klubun bunu bilməsi vacibdir. Aydın deyilsə, şərtləri və qaydalara nəzər yetirmək vacibdir. 

“Xəzər Lənkəran”ın udduğu məhkəmə olmayıb. Ciddi şikayətlərin hamısında uduzublar və arada pullar gedib, ən əsası isə komanda zəifləyib, azarkeş küsüb və s. Adamda belə sual yaranır: niyə futbolçunun pulunu vaxtında vermirsən, sonra şikayət edir, məbləğin 5-6 qat artığını verməyə məcbur olursan? Bu nə siyasətdi belə, nə idarəçilikdi? Bəlkə siz kömək edəsiniz, buna bir ad qoyaq...

Tuyqun Nadirov konfransda bütün bu olanların onların idarəçilik xətası olduğunu etiraf eləmək əvəzinə, az qala, FIFA-nın təqsirkar, qərəzli olduğunu iddia edib.

FIFA özündən qərar çıxarmaz, bu, aydındı. Əgər cəza qərarı veribsə, deməli, şikayət var. Əgər şikayət qəbul olunub, icraata verilibsə, deməli, kifayət qədər ciddi arqumentlər olub.

Onda yalan danışıb, sözlərlə manipulyasiya edib, ictimai fikri çaşdırmağa cəhd eləmək də bir acizlikdi, yaxud saxtakarlıq. 

Bütün bu proseslərin baş verəcəyini “FutbolPress” çoxdan yazıb, məlumatlandırmışdı. Klub heç bir tədbir görmədi, əvəzində media orqanı olaraq, dəfələrlə dezinformasiya yaymaqda, qərəzli olmaqda suçlandıq. Faktlar isə zamanı gəldicə, bir-bir ortaya çıxır. 6 xal məsələsində də hamıdan əvvəl bu  xalların qaytarılmasının mümkünlüyünü yazan yeganə KİV “FutbolPress” olmuşdu. Və yazdıqlarımız tezliklə təsdiqini tapmışdı.

Həmin ərəfələrdə klub rəhbərliyinin problemlərin hardan yaranmasından necə xəbəri yox idisə, indi də eyni vəziyyətdir. Əslində, bir rəhbərliyin bu qədər səriştəsiz ola biləcəyinə inanmaq çətindir. Məlum olan isə odur ki, bu gedişat 2-3 ildi davam edən məhvetmə prosesinin davamıdı və "Xəzər Lənkəran"ın iflası yaxınlaşır. 

Sıradan bir klub halına gətirilməsi üçün XL-in başına gələnlər davam edir. 


Elçin CƏLİLOV


oxunma sayı: 1843 | Paylaş:




?>