FIFA menecerindən "Xəzər Lənkəran" haqda şok faktlar
Paylaş:
“Xəzər Lənkəran”da baş verən maliyyə qalmaqalları barədə çox yazılıb, çox deyilib. Elə son “Qalin İvanov məsələsi” də bu qəbildəndi.
Maraqlıdı ki, hələ ötən il bu barədə Türkiyə mətbuatı geniş məqalə dərc edib. Klubun sahibi və fəxri prezidenti Mübariz Mənsimovun komandasında nələrin baş verməsi haqda yazı dərc edən qardaş ölkənin mətbuatı cənubluların saxtakarlıqlarını aşkar şəkildə ortaya qoyub.
“Beşiktaş” konqressinin üzvü olan və hazırda “Kasımpaşa”nın idarə heyətində yer alan Mübariz Mənsimovun sahibi olduğu klubda vitse-prezident Tuyqun Nadirovun əcnəbi futbolçular və menecerlərinin pullarını ödəmədiyi və kluba gələn bir çox legionerin FIFA-ya şikayət etdiyi məlum olub. İspaniyalı menecer Toni Krua açıqlamasında “Lənkəran təmsilçisi bir yalan maşınıdı, bütün İspaniya və Avropa onların saxtakar olduğunu bilir. Həvəskar və saxtakarlar”, deyib.
Krua daha sonra əlavə edib: “Lənkəran komandasına xeyli ispaniyalı oyunçu apardım. Amma onlar həqiqətən çox qeyi-peşəkardılar. Bütün oyunçularla bağlı problem yaratdılar. Heç bir müqaviləyə və verdikləri heç bir sözə sadiq qalmadılar. Bizi aldatdılar. 2 il yarım bundan əvvəl “Barselona”nın aşağı yaş qrupunda yetişən Mario Rosası oraya apardım. Puyol, Valdes, Xavinin ilk vaxtlarında “Barselona”da idi. “Real Betis”in hücumçusu Daniel Martin isə tam başqa futbolçu idi. Biz verdiyimiz sözlərə sadiq qalsaq da, Nadirov bizə olan öhdəliklərinin heç birini yerinə yetirmədi. Futbolçuların və mənim pulumu ödəmədilər. Zərərçəkən tərəf biz olduq. Mənsimovun hörmətli adam olduğunu bilirəm. Amma bunların belə hərəkətlərə necə yol verdiyini başa düşə bilmirəm”.
FIFA meneceri Krua “Nadriov Marionu alacaqlarını dedi. Tibbi müayinədən uğurla keçsə də, “yox sağlam deyil, problemi var” dedi. Gözümüzün içinə baxa-baxa bizə yalan danışdı. Mario və Martinlə telefon və e-mail vasitəsi ilə bütün bəndlər üzrə razılaşmışdıq. Buna əsasən də hər 2 oyunçunu Bakıya apardım. 5 gün sonra Martin İspaniyaya qayıtmaq məcburiyyətində qaldı. Çünki Nadirov müqavilədəki məbləğin yalnız yarısını ödəyə biləcəyini dedi. Söhbət Çempionlar Liqasında oynamış, İspaniya La Liqasının ən təcrübəli futbolçularından biri olan Martindən gedir!. Marioyla isə 1ay Azərbaycanda qaldım. Tuyqun Nadirov saxtakardı. Müqaviləni dəyişdirmək istəyirdi, verdiyi heç bir sözü yerinə yetirmirdi. Bizim xərclərimizi ödəmədikləri kimi pulumuzu da vermədilər”.
Toni Krua sözlərini bu cür tamamlayıb: “Xəzər Lənkəran” artıq həm İspaniya, həm də bütün Avropada çox pis şöhrət qazanıb. Onlar dünyaya səs salacaq bir komanda olacaqlarını deyirlər, amma artıq heç kim onlara etibar etmir. Formalaşdırdıqları bu imicə görə kluba keyfiyyətli oyunçu gətirə bilməzlər. Başımıza gətirilənlərlə bağlı FİFA-ya şikayət etdik. Bütün İspaniya bu klubun yalan maşını olduğunu fikirləşir. Həvəskar və saxtakar bur klubdu. Müştərilərimlə birlikdə 3 min kilometrlik məsafəni geri qət etməli olduq. Nə yol xərclərimi, nə də müqavilədə nəzərdə tutulan faizlərimi ödəmədilər. Futbolçularım da zərər çəkən tərəf oldu”.
Xeyli öncə işıq üzü görə bu yazıda Kruanın tam haqlı olduğunu deyə bilmərik. Menecerdi, öz maraqlarını güdür və ola bilsin ki, yalan danışır. “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov isə redaksiyamızdan edilən telefon zənglərinə cavab vermədiyindən onun fikirlərionə yer vermək mümkün deyil. Amma həm Nadirovun susqunluğu, həm də cənubluların başına gələnlər Kruanı haqlı çıxarır.
Həqiqətən də “Xəzər Lənkəran” idarəolunmaz vəziyyətdədi. Klub elə bir imic qazanıb ki, hamı onlarla ettiyatlı davranır. Azərbaycandan FİFA-ya edilən şikayətlərin yarıdan çoxu bu klubla bağlıdı, üstəlik, elə indi də neçə-neçə əcnəbinin şikayətləri ali futbol qurumunda araşdırılır. Heç bir əcnəbi ilə normal qaydada vidalaşa bilməyən, elə bu səbəbdən müxtəlif problemlər yaşayan, hətta aldığı oyunçuları sifariş edə, oynada bilməyən komandada çox şeylər düzgün getmir. Mübariz Mənsimovun hadisələrə seyrçi qalması isə daha müəmmalıdı. Klubun sahibi ya bu məsələlərdə özü maraqlıdı və qardaşı olan klub prezidenti Mais bəylə Nadirovu sadəcə, görünən simalar kimi istifadə edir, ya da cütlüyü işdən kənarlaşdırmaq, klubda işləri yoluna qoymaq üçün səlahiyyətə sahib deyil.//"futbolinfo"
| Paylaş: