')

Bu gün:


FutbolPress.Az | “Xəzər Lənkəran”ın yenə  6 xalı silinə bilər (QEYD)

“Xəzər Lənkəran”ın yenə  6 xalı silinə bilər (QEYD)


oxunma sayı: 647 Paylaş:

FutbolPress“Xəzər Lənkəran”ın vaxtilə yol verdiyi idarəetmə  nöqsanları.. yox, şablon ifadənin yeri deyil, problemi öz rəngində təsvir edək. Klubun maliyyə məsələlərindəki fırıldaqlar, legionerlərin maaşının bir hissəsini vermədən onları qovması və s. bu kimi "siyasətin" nəticələri indi bir-bir öz başında çatlayır. Romulo şikayəti məsələsində komandanın 6 xalının silinməyini xatırlayanlar varsa, nəzərinizə çatdıraq ki, analoji olay yenidən Cənub təmsilçisinin başına gələ bilər.


                                                           ***       ***       ***

Premyer Liqanın 4-cü turunda (12 sentyabr)  "Xəzər Lənkəran" səfərdə son çempion "Qarabağ”ın qonağı olacaq. Ancaq  XL-in yeni  transferləri – Vüqar Nadirovla Ruslan Abışov bu oyunu buraxa bilər. Digər transferi isə tələm-tələsik "Qəbələ"yə verdilər ki, hoqqa çox böyük olmasın.  FIFA-nın "Xəzər Lənkəran"a verdiyi transfer qadağası ilə bağlı cəza müddəti başa çatsa da, cənublular yeni oyunçularının adını PFL-ə təqdim etdikləri sifariş ərizəsinə daxil edə bilmir. Səbəb budur ki, bunun üçün ali futbol qurumundan təsdiq məktubu hələ gəlməyib.

Niyə gəlmir? 

Ehtimal ki, Alfred Sanko və Qalin İvanovun FIFA-ya klubdan şikayəti buna səbəb olub. Klubun İdman Arbitraj Məhkəməsinə (CAS) etirazı isə hələ rəsmi açıqlanmayıb. Bundan sonra bu şikayət olsa da, necə deyərlər, iş artıq düyünə düşüb, gecdir...

İvanov işinə görə 200 min təzminat tələb olunur. Həm də futbolçunun agentinin klubun cəzalanması üçün bütün prosedurları elədiyi məlumdu.

Əgər  belə davam edərsə, “Xəzər Lənkəran”  yenə FIFA-dan 6 xal sanksiyasına məruz qala bilər. Alternativ yol isə şikayətçi futbolçuların şikayət məsələsinin təmin olunması idi. Niyə “idi”... Çünki iş işdən keçib. Bundan sonra  çıxarılmış sanksiyalara qarşı etiraz üçün elə ödəniləcək cərimə məbləğinə yaxın bir məbləğə qədər (Təxminən 60 min avro) ödənməlidir ki, bir şikayətə baxılsın. Şikayətsə bir deyil, iki deyil... Həm klubun maddi imkanları buna imkan vermir. Ardıcıl cəzalara görə büdcədən sərf edilən pullara görə "hesabat" qorxusu suyu əməlli-başlı bulandıra bilər. Ümumiyyətlə, klubdakı ab-havanın bərbad durumda olduğu aşkar görünür...

Son bir ildə klub rəhbərliyinin gah gəncləşdirmə siyasətinə keçid elədikləri haqda  açıqlamaları, sonradan bunu gizlədilmiş cəzanı ört-basdır etməkçün qondardıqlarının üzə çıxması,  gah sonradan deyilənlərin əksinə olaraq, xeyli yerli və xarici futbolçu transfer etmələri/nəticədə onları da cəzalar üzündən oynada bilməmələrini görürük. Klubun iqlimində anlaşılmaz dəyişiliklər, relyefində tektonik çatlar
artmaqdadı. Azarkeş isə hələ də ümid edir...

Elçin CƏLİLOV


oxunma sayı: 647 | Paylaş:




?>