Klublar Komitəsi və onun artist sədrindən "incilər" (YAZI)
Paylaş:
Bu gün Klublar Komitəsi adlanan və hər iclasdan sonra olduğu kimi, təkrarən xatırladaq ki, əslində, Peşəkar Futbol Liqasına (PFL) əks yaradılan qondarma qurumun növbəti - heç bir mənası, faydası olmayan iclası keçirildi.
Yenə klub rəsmiləri "Hilton" otelinə yığışıb, boş-boş danışdılar, çıxdılar, media üçün brifinq, vəssalam.
Əvvəla, haşiyə çıxaq ki, qondarma, hansısa əsası hələ göstərilməyən, vacibliyi nə əvvəldən hiss edilməyən, nə də soradan görünməyən, sübut edilməyən bu qurumun iclasları nəyə görə hansısa "od qiymətinə" olan oteldə keçirilir?
Hər iclasa görə AFFA, dolayısı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, yəni dövlət büdcəsi, yəni vətəndaşın pulu niyə faydasız iclaslara görə bahalı otelə verilməlidir?
Məgər daha ucuz otel yoxdur? Başqa otellərin akt zalı pisdi, balacadı, AFFA-nın akt zalı yaramır, yoxsa nə?
*** *** ***
Klublar Komitəsi yaranma vacibiyyətini sübut etdimi?
PFL və prezidenti Ramin Musayevin zərərsizləşdirilməsi altniyyəti güdən bu qurumun yaradılması futbol islahatı adına nə verdi? İndiyəqədərki iclasların hər birindən təhlillər yazmışıq və əminliklə bildirə bilərik ki, heç bir faydası olmayan, maket, görünüş mahiyətli bir qurumdur. Sadəcə, təkrar bildirək, məqsəd PFL-i də sıradan çıxardıb, tam futbol hakimiyyətinə yiyələnməkdir.
Pardon, onda o iclaslara yığışan digər klub rəsmiləri AFFA-nın baş katibi Elxan Məmmədovun Ramin Musayevə qarşı intriqabazlığının təkanverici qüvvələri olduğunun fərqində deyillər?
Quruma saxta, adı seçki qoyulan, ancaq göstərişlərlə səsvermənin nəticəsində "seçilən" "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov... Adamın futbol aləmindəki reputasiyası hamıya məlumdur. Uğursuz, klub büdcəsini saxta legioner müqavilələri nəticəsində FIFA məhkəmələrinin badına verən, yarıtmaz idarəçiliklə ad çıxarmış, guya məşqçi işinə qarışmayan, ancaq əslində, əlaltı futbolçular və s. vasitələrlə "sözə baxmayan" məşqçiləri bezdirib klubdan uzaq salan və istədiyi siyasəti yürüdən bir şəxs... Bu şeyləri digər klublarda da edən var, ancaq bu qədər naşı şəkildə yox. Klub idarəçiləri içində xüsusi futbol savadsızlığına malik bu adam darmadağın olan imicini klub büdcəsindən hər yana dağıtdığı "reklam pulları" hesabına birtəhər saxlayır. Azarkeşlərin pərən-pərən düşməsində "xidmətləri olmuş", gördüyü hər şeyə satın material qismində baxan biri...
Bu gün klub reklamı dayandırılsın, üstündən ikicə gün keçəndən sonra bu şəxs haqda idman KİV-də yazılacaq "dastanları", ifşaları oxuyub şoka düşəcəyinizə əmin olun. Yazılanların qarşısını almaqda ona kömək edən "reklam pulu"nu kənara qoyub, sizinlə budəfəki iclasdan absurdluqlara nəzər yetirək.
*** *** ***
Hələ indiyədək heç bir yenilik olmayıb. Nə də deyilənlər yerinə yetməyib. Nə hər dəfə danışıb, suyunu axıtdıqları yayım məsələsi qaydasına düşür, nə legioner limiti mövzusu, nə yerli gənc oyunçular...
Üstəlik, bu mövsüm ölkə çempionatını yarımçıq tərk eləyən "Araz Naxçıvan"ın ardınca, məhv olan "Bakı" üçün, can üstə olan "İnter" və "Simurq üçün nə edə bildi bu qurum? Adı Klublar Komitəsi, məramı da klubların vəziyyəti, hüquqi durumu və s. ilə maraqlanmağı məqsəd olan bu qurumun bəs hansı faydası olacaq?
Danışdıqları makulatura yığınından başqa bir şey olmayan, manipulativ nitqi ilə cazibə yaratmaq istəyən Tuyqun Nadirovun bugünkü iclasdan sonrakı brifinqdə dediklərinə sitat-sitat nəzər yetirib, güləcəyik.
Beləliklə, sitat 1:
"Bəzi məsələlər var ki, onlar hələ də öz həllini tapmayıb".
- Bəzi yox, heç bir məsələ həllini tapmayıb.
Sitat 2:
"Gənc legionerlərin, yəni 21 yaşa qədər olan əcnəbilərin üzvlük haqqının 50 faizə qədər endirilməsinin tərəfdarıyıq. Alternativ olaraq legionerlərə görə üzvlük haqqı ödənilməsinin ləğvi tələbi ilə çıxış edə bilərik. Yəni, istərdik ki, legionerlərə yerlilər arasında fərq olmasın".
- Ağıllı görsənməyə gücənmək, bax, budur. Bu adam guya nəsə icad edib, yaxud sanki o iclasdakılardan böyük bir ixtira sıçrayıb ortaya. Məsələ çox sadədir. Neft qiymətlərindəki böhran və manatın dollar qarşısındakı məlum acizliyindən sonra avtomatik olaraq, futbol da zərər çəkəcəkdi. Çünki futbol 99.9% neftdən asılı vəziyyətdədir. Belədə, "tək əl"lərdən asılı olan ölkə futbolunda ilk növbədə bürokratik xaraterli qərar olan legionerlərə görə üzvlük haqqı ləğv olunacaqdı. Bu, aksioma idi. Bununçün filan qədər pul verib, "Hilton"da yığışıb fason eləməyə nə hacət? Legionerlərə görə üzvlük məsələsi də birbaşa PFL-i "vurmaqdır". Çünki ordan gələn pullarla qurumun büdcəsi qidalanırdı. Yəni, həlli daha vacib məsələlər qalsa da, adamların müzakirə elədiyi 3 mövzudan biri məhz budursa, onda niyyət və məqsəd bir daha bəllidir... Ortalıq şəxsi intriqaların poliqonuna çevrilib, sadəcə, buna forma verməkçün komitə yaradılıb.
Sitat 3:
"...O biri məsələ isə "Bakı" klubu tərəfindən irəli sürülüb. Bunu digərləri də dəstəklədi. Hər klubun fikrini dəstəkləyirik. "Bakı"nın irəli sürdüyü təklif 2015-2020-ci illərdə futbolun inkişafı ilə bağlıdı".
- Bazası, akademiyası ola-ola özünü saxlaya bilməyən, süquta məhkum, Premyer Liqanın növbəti mövsümü üçün lisenziya şərtlərini belə yerinə yetirə bilməyən "Bakı" 2015-2020-ci illər Azərbaycan futbolunun inkişafına təklif irəli sürür. Siz məsələnin absurdluq dərəcəsinə, Klublar Komitəsindəki komediyanın dozasına baxın. Bu adamlar "Hilton"da yığışıb 1-2 saat danışırlar ki, gəldiyi nəticələrlə hamımızı güldürsünlər. Biri saxtakar - KK-nin sədri, biri luzer klub, ancaq inkişaf təklifləriylə çıxış edir. Bərəkallah!
Sitat 4:
"Elə etməliyik ki, həm klub, həm də televiziya qazanc əldə edə bilsin. Misal üçün, komandanın sponsorunun məhsulu televiziyada yayım vaxtı reklam oluna bilər. Bu məsələlərlə bağlı AFFA-nın prezidenti və İcraiyyə Komitəsinə məktub unvanlayacağıq".
- Eder Bonfimə maaşı, müqavilə məbləğini tam vermədikləri üçün FIFA-nın "Xəzər Lənkəran"a qoyduğu iki pəncərəlik legioner transferi qadağasının alovu hələ sönməyib, mümkünsə, bu və başqa futbolçuların şikayətləriylə bağlı ayıbların üstünü örtün, yayım məsələsinin həlli sizlik və heç KK-lıq da deyil.
Yayım məsələsiylə bağlı şeir deməyə nə gərək, burda ən həssas məsələləri bütün tərəflərlə oturub müzakirə etmək, razılığa gəlmək lazımdır. Komandanın sponsorunun məhsulu yayım vaxtı reklam olunmalıymış. Reklamçılıqdan, bu sahənin qaydalarında tarixi yenilik gətirmək istəyirlər... AFFA prezidentinə məktub nə deməkdir? O məktubu yazmaq haqda qərara gəlməkçün "Hilton"a o qədər icarə haqqı vermək mütləq vacibdir, eləmi? Məktubu ona görə yazırsız ki, problemin həlli sizlik deyil, AFFA prezidenti zəng eləsin, "ağız açsın", problem həll olunsun, eləmi? Belə qayda olur? Belə iş həll olunur?
Sitat 5: "Bir çox klubda maliyyə problemi ola bilər. Heç kim bundan sığortalanmayıb. "Bakı" çempionatda çıxışını AFFA-nın dəstəyi ilə başa vurdu. Sağ olsun AFFA..."
- Açığı, bu adamın danışıq ritorikası dostu, eks-həmkarı Tahir Süleymanov stilistikasına keçməkdədir. Hər iclasdan sonra ya Elxan Məmmədovu, ya da AFFA-nı "Sağ olsun"la malalayır. Sədrin işi sadəcə sədrlikdir, bu qurum adından kiməsə təşəkkür etmək, malalamaq yox, girib-çıxmaq, çıxıb-girmək yox, OK? Xüsusən də bu girib-çıxmağı intelligentcəsinə görnüərək etməyə cəhd eləyəndə lap mozaik görünürmüş adam...
Qaldı ki o qurumun əsasnamə və nizamnamə və başqa namələrinə - əl gəzdirsəniz, yaxşı olar. Hansı standartlarda görülüb ki, hazırkı sədr növbəti seçkiyə də qatıla bilsin? Bu nə qaydadır? Siz əvvəla "Sağ olsun" guplamazdan əvvəl icarəyə götürülən o bahalı oteldə KK-nın sədrlik qaydalarını, səsvermə şərtlərini müzakirə edin, təkmilləşdirin. Heç olmasa, hazırkı sədr növbəti seçkiyə qatılmamalıdır. Yoxsa, bütün növbəti "seçkilərdə" də sizin sevimli və istəkli "kadr" kimi "seçilməyiniz" şübhə doğurmur.
Sitat 6:
"Futbolçu hara gəldiyini bilməlidi. Ən azından bizim klubun adı var. Biri başqa yerdə 100 manata oynayırsa, bizdə 50 manata çıxış etməlidi. Çünki hədəflərimiz var. İnanırıq ki, Səlahətlə danışıqlarımız müsbət yekunlaşacaq".
- Bəli, bilməlidir... Məsələn, sizin 180 minə "Qəbələ"nin imtina elədiyi, "Simurq"da qəpik-quruşa oynayan Rasim Ramaldanova 250 mindən çox verməyiniz kimi. Bundan başqa da 10 manatlıq oyunçuya 25 manat verməkləriniz haqda rəvayətlər dolaşır. Bəli, çox mükəmməl klubsuz. 20 milyon büdcəylə 2 mövsüm autsayderlər sırasında oldunuz, sonra Mübariz Mənsimov əsəbləşib klub büdcəsini azaltdı, FIFA-dan transfer qadağası gəldi, "komandanı gəncləşdiririk" yalanını guppuldatdınız. Çox əntiqə və çox pakizə klubsunuz. O qədər peşəkarsız ki, belə çox ee.. KıKı...
Elçin CƏLİLOV
| Paylaş: