')

Bu gün:


FutbolPress.Az | Arif Əsədovun qovulmasında mason izi  (YAZI)

Arif Əsədovun qovulmasında mason izi (YAZI)


oxunma sayı: 969 Paylaş:

FutbolPressAzərbaycan kubokunun finalından ("Qarabağ" - "Neftçi") həmən sonra "flaqman"ın Müşahidə Şurası Qəbələdə fövqəladə iclas keçirib. İclasda Arif Əsədovla yolların ayrılması qərarı qəbul edilib. Qərar qəbul ediləndən sonra icraata verilib. İcra ediləndən sonra da ki.. baxın görün də, fantaziyalarınızda sərbəstsiz. Ağzınıza nə gəldi, danışın, ağlınıza nə hoppandı, yazın...

***      ***      ***

Biz də öz növbəmizdə belə düşünürük: bu, istefa yox, qovulmadır. Bu, bir qovulma halıdır. Qovulmanın yeddi halı mövcuddur...

Niyə bir az gözləmədilər? Bunu niyə, heç olmasa, Bakıda eləmədilər? Çünki MŞ elə adamlardan ibarətdir ki, hərəsinin nə qədər iş-gücü var; onlar bir də Bakıda toplaşsınlar, vaxt itirsinlər; nədi-nədi Arif Əsədovu vəzifəsindən qovacaqlar?

Belə deyək, olan oldu, olmayan da olmadı... Olan oldu, keçən keçdi.

İndi əsas sual budur: Əsədov niyə qovuldu?

Ətraf-aləmdən belə siqnallar eşidilir ki, "Neftçi"ni Elxan Məmmədov "işğal edib". Buna dair sübutlar, faktlar olmasa da, şəxsin özü ilə müsahibə edilib, mövzu ilə bağlı sorğu-sual edilməsə də, bu, belə yazılır, belə də oxunur...

Onda, gəlin, belə düşünək. Əgər ki, AFFA-nın baş katibi futbol hökumətinə yiyələnmək iddiasındadırsa, bununçün də müxtəlif islahatcıqlar aparırsa, komitəbazlıq sistemi və s. edirsə, biz də bunu belə təsvir ediriksə ki, bəli, bu şəxs bütün futbol industriyasının hökumət başçısı olmaq istəyir, onda deməli, belədir də, eləmi? Yoxsa belə deyil? 

***      ***      ***

Belədirsə, onda Sadıq Sadıqovu sıxışdırıb, əvvəl SOCAR-dan uzaq salmağa nail olan Məmmədov asta-asta öz kadrı, Elnur Məmmədovun orda adi vəzifəyə təyin olunmasına, nəticədə "Neftçi"ni, lap nəticədə də ölkə futbolunun özəyini  onun vasitəsiylə ələ almasına nail oldu. Elədirmi? Burada Elnur Məmmdəvoa əhsən düşür. Fərasətə bir beş!

Elnur Məmədov zahirən fağır, savadlı, ancaq bicliklərdən xəbərsiz təsiri bağışlasa da, ən kiçik imkanları belə bağışlamır.

***       ***       ***

Arif Əsədovun qovulması məsələsindən çox uzaqlaşdıq...

Xatırlayırsınızsa, hər yanda Sadıq Sadıqovun belə bir açıqlaması görünürdü: "Neftçi"də yerli məşqçi çalışacaq". Kişi dediyinin üstündə durdu. Axıra kimi durdu. Və masonik sirri də burda axtarmaq lazımdır...
"Neftçi"ni, sizin təbirinizcə desək,  fəth eləmiş Elxan Məmmədov, Sadıqova dirək, məhz yerli məşqçidən imtina eləməyi tapşırıb. "Qordi düyünü" burdadır, bu məsələdə. Onun Müşahidə Şurasında öz "kadrları" var. Bu kadrlar "çerez" mason məsələni həll eləyiblər.

Masona deyiblər ki, Arif Əsədov getməlidir, yerinə öz adamımızı qoymalıyıq. Mason yoldaş da qayıdıb deyib ki, bunu fövqəladə şəkildə, Qəbələdə eləyin. Komanda uduzsun, finaldan dərhal sonra Arifi çağırın, deyin ki, vəziyyət belədir; gün batdı... Bu məlumatları yerli mediadan bəhrələnərək şey elədik.

***       ***        ***

Masonlardan sızan son məlumatlarsa təxminən bu istiqamətdədir ki, "Nefçi" idman mətbuatına reklam verə bilər. Bu məlumatlar da ortalığı əməllicə qarışdırıb. Girinc-giriftar qalanlar var. Nə MŞ-ni yıxıb-sürümək olur, nə Arif Əsədov olayında hay-həşir qopartmaq, nə də heç başqa səhvləri qabartmaq... Bu soxaya qalmış reklam pulu adamın qanını qaraldır. Heç düz eləmir.

Masonlardan daha bir vacib informasiya sızmışdır. O informasiya belədir ki, reklam pulu yalnız Elxan Məmmədovun təklif edəcəyi siyahı üzrə veriləcək.

Hamısını eləyən masonlardı!  Çox keşməkeşli bir zəmanəyə qədəm basırıq. Allah özü kömək olsun! 

P.S. Bu məktubu 5 dostuna göndər, "reklam pulu" ruzisinə yetişəcəksən. 

Elçin CƏLİLOV


oxunma sayı: 969 | Paylaş:




?>