')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədov haradadır? (YAZI)

Elxan Məmmədov haradadır? (YAZI)


oxunma sayı: 1929 Paylaş:

FutbolPressFilm klassikamızın beşulduzlarından olan "Əhməd haradadır"da Əhmədi xoş məram üçün axtarırdılarsa, bu yazıda məqsəd AFFA-nın baş katibi Elxan Məmmədovu "qaçıb gizləndiyi" üçün axtarmaqdır.

Bütün futbol ictimaiyyəti, idman mediası Qəbələyə - ölkə kubokunun finalına görə yığışıb, AFFA-nın baş katibi, Rövnəq Abdullayevin səlahiyyətlərini etibar elədiyi Elxan Məmmədovsa yoxdur arada.

Niyə?

Bu, futbol mövsümünün son ən böyük hadisəsidir. Ölkə futbolunun idarəçisi bu hadisədə niyə yoxdur? Bunun izahı nədir?

Uyğun zaman olmadığı üçün özü ilə dəqiqləşdirə bilmədik, həm Məmmədovun Qəbələyə getmədiyini gecə saatlarda bildik, yalnız törəndən sonra məlum oldu ki, baş katib orda yoxdur.

Yenə.. niyə?!

Bəs Elxan Məmmədov haradadır?

"Mançester Yunayted" Yay Məktəbi deyilən kommersik bir tədbirdə iştirak edib, sonrası məlum deyil hansı vacib iş çıxıb, olmayıb ortalıqda. Anlamalısınız, Məmmədov, dekorativ layihələrlə işiniz hörmət qazanmayacaq. Üstəgəl, kinli, isterikalı prinsipiniz lap ortamı bulaşdırır və bundan siz yox, futbol zərər görür...

***    ***    ***

Bu gün ölkə futbolu adına kubok finalından vacib hadisə yox idisə, əcəba, baş katib, hətta AFFA prezidenti səlahiyyətlərini yerinə yetirən (!) Elxan müəllim niyə yoxa çıxmışdı?

Niyə?

Ona görə ki, bu şəxsin Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə ədavəti var. Elə Musayevin də onunla. Ancaq görünən odur ki, bu ədavət-ədavət oyununda Məmmədov özünü çox lovğa aparır və bəzən aşırı dərəcədə, qaydaları pozaraq, şəxsi prinsiplərini vəzifə borclarından üstün tutur.

***   ***   *** 

Kubokun finalının təşkilatçılığı haqda eninə-uzununa, nə qədər istəsən, tərif yağdırmaq olar. Zatən, Azərbaycan futbolu mövzusunda tərifli üç-beş məqalə olubsa indiyədək, onun yarısında bunaqədərki kubok finallarının möhtəşəm təşkili haqda  bəhs edilib. Hər dəfəsində də "FutbolPress" təşkilatçılıqdakı kreativliyə, orijinallığa xüsusi diqqət yetirib, futbolun populyarlaşması üçün ən uyğun variantın bu cür hadisələrin olduğunu bildirib.

Budəfəki finalın təşkilatçılığını da kubokun ekstremal tərzdə meydana gətirilməsi bəzədi. Kuboku helikopter stadionun həndəvərinədək daşıdı və helikopterdən paraşütlə düz meydanın mərkəzinə...

Bu şou ilə dünyaya çıxmaq olar. Bəli, belə hadisələr Azərbaycan futbolunda işləyən beyinlərin olduğunu göstərir. Peşəkar Futbol Liqasında bu ideyanı düşünən, həyata keçirən ən sıravi əməkdaşdan tutmuş, Media və İctimaiyyətlə Əlaqələr Departamentinin başçısı Aslan Şahgəldiyevə, qurumun prezidenti Ramin Musayevədək - təbriklər!

Ancaq deyin görüm, bu nə hoqqadı? Bəli, ictimaiyyətə açıqlama borcunuz var, siz nə qayırırsınız? Bir-birinizdən vəzifənizi qoruyursuz? Musayev, Məmmədov niyə yox idi finalda? Ən azı, protokol qayda ilə - o şəxs təltifetmədə iştirak etməli idi. Bunu sizə soruşsa kimsə, Məmmədovun səhv elədiyini deyərsiz? Qətiyyən!

Sizin bir-birinizə gülümsəyərək saxtakarlıq etdiyiniz artıq bezdiricidir. Ya deyin ki, mən PFL-dən gedirəm, qoy Elxan Məmmədov gətirib, öz kadrını qoysun ora, ya da belə mülayimbazlıq eləməyin.

***    ***    ***

Əgər kubok finalında ölkə futbolunun rəhbər şəxsləri yoxdursa, bunun adı dərəbəylikdir.

Siz bir-birinizə təbəssüm oyunu oynasanız da aranızdakı qatı düşmənçilik artıq bariz şəkildə ortadadır.

Ötən kubok finallarında Məmmədov iştirak etmişdi. Bu dəfə nə ölkə xaricində deyildi, nə də ölkə içində əhəmiyyətli futbol tədbiri yox idi.

Gəlmədi Qəbələyə. AFFA və PFL da öz arasında bir final etsin, şounuza baxaq, qalib də bilinsin, bitsin bu konsert...


Elçin CƏLİLOV


oxunma sayı: 1929 | Paylaş:




?>