')

Bu gün:


FutbolPress.Az | Uğurlar, "Eliko Lezginchik"! Ancaq... (QEYD)

Uğurlar, "Eliko Lezginchik"! Ancaq... (QEYD)


oxunma sayı: 1067 Paylaş:

FutbolPressƏslində, bu yazı və yazıda işlədəcəyim fikirlərin heç bir jurnalistika prinsiplərinə uyğun gəlmədiyi qənaətindəyəm. Ancaq dahi yazar Ernest Heminqueyin bir qeydindən xatırlayıram ki, hər bir obyektivlik ədalətli, doğru subyektivlikdən yaranır. Həm, bunu bir açıq məktub kimi də qəbul edə bilərsiz.

2013-cü ilin 25 avqustu. "Xəzər Lənkəran"  - "Neftçi" matçından sonra 10-dan çox azarkeş tutulur.

Xəbəri mənə əksəri Lənkərandan olmaqla, müxtəlif bölgələrdəki "Xəzər Lənkəran" azarkeşləri zəng eləyib bildirir və acizanə kömək istəyirdilər. İnsan özünü elə o an o azarkeşlər kimi aciz hiss edəndə bunun nə cür pis hiss olduğunun fərqinə varır...

Medianın təsir gücü nədi ki... Dekorativ media - əksəri məmur və oliqarxa bağlı və s.

Saxlanılanlar arasında "Neftçi"lilər də vardı. Ancaq klub rəhbərliyinin hansısa formada müdaxiləsiylə onlar azad edildilər. Həbsdə qalanlar yalnız XL tərəfdarları oldu.

Onlardan biri də "Eliko Lezginchik" ("Facebook"da bu adla qeydiyyatda idi və azarkeşlər arasında da belə tanınırdı - müəl.) adı ilə təqdim elədiyimiz Elman Tağıyev...

"Eliko Lezginchik"dən başqa kimlər həbsdədi və onlar harda saxlanır - bunu  ilk dəfə bizim redaksiya araşdırdı və ictimailəşdirdi. Sonra idman mediasından bu işə "Futbol+" qoşuldu. Xatırlayıram, qəzetin əməkdaşı Rəşad Qasımov mənə zəng vurub, Elmanın anası Emilya Şərifovanın nömrəsini istəmişdi. Çünki biz artıq həbsin ciddi olduğunu bildirib Elmanın anası, vəkili və müxtəlif bu istiqamətə aid olan şəxslərin mövqeyini dərc etmişdik.

Bu məsələyə "Yeni Müsavat", "Azadlıq" qəzeti, Azadlıq Radiosu da qoşuldu. Mənim Azadlıq Radiosunda bu mövzuda dəfələrlə çıxışım oldu. Məsələnin ört-basdır edilməsinin əleyhinə əlimdən gələn mümkün hər şeyi edirdim.

Bu, həm də psixoloji möhkəmik tələb edirdi. Çünki həmin ərəfələrdə AFFA-nın baş katibi Elxan Məmmədov ANS-də tutulan azarkeşlərin, xüsusən, "Eliko"nun "Molotov kokteyli"ndən istifadə etdiyi, mühafizə orqanlarının əməkdaşlarına xəsarət yetirdiyini demişdi və bu ağ yalan, futbolun bəzəyi olan azarkeşə qarşı xəyanətdən sonra hökmün ağır olacağı dəqiq bilinmişdi.

Xatırlayıram, həmin günlərdə bir azyaşlının haqsız həbsinin əleyhinə çıxmaq bir yana, bu işi yoluna qoymağa səy göstərmək bir tərəfə, məsələni daha da alovlandıran sözügedən çıxışdan sonra "Elxan Məmmədova qarşı müharibə elan edirəm. Əlimdən gələni edəcəm ki, onun yarıtmaz fəaliyyətini ifşa edim" - belə biri post yazmışdım. Bəli, emosional və əsəbi halda insan nə gəldi deyə bilir...

Tam bir emosiya təlatümü və mən  buna görə heç vaxt naşılıq elədiyimi sanmamışam. Bu məsələlərə beyni və ürəyi ilə yanaşan istənilən şəxs əsəblərini cilovlaya bilməzdi.

Atasız böyümüş, ananın yeganə övladı... kiməsə xəsarət yetirməkçün o fiziki imkanları olmayan və sadəcə, XL-i sevdiyi üçün komandanın ev və səfər oyunlarını imkanı düşdükcə stadionda izləyən və sosial şəbəkədən məşhur olan bu yeniyetmənin həbs dramı beləcə yayılmağa başladı.

***         ***         ***

İndi artıq susan vicdanlar da susqunluğuna son qoymaqda idi. Kimisinə "ağız açırdıq" , kimisi hazırladığımız materialı istinadla verirdi, az hissə də öz təşəbbüsüylə - hər halda, Elman Tağıyev başda olmaqla, həbsdə olan azarkeşlər mövzusu gündəmdə qalırdı. Biz bunu bacardıq.

Hər ayda bir neçə dəfə Emilya xanımla, bu işə cəlb olunan vəkillə və müxtəlif aidiyyatı şəxslərlə açıqlamalar edir, prosesin gedişatı ilə maraqlanırdıq. İşin unudulması birbaşa həbsdə olanlara ziyan idi. Hər əfv müddətində bu məsələni xüsusilə qabardırdıq. Medianın imkan verdiyi bütün çərçivələrdə əlimizdən gələni edirdik. Elmanın azad olunması bir məqsədə çevrilmişdi...

İlk günlərdə - yəni "Neftçi"nin həm sosial şəbəkədəki səhifələri, həm klub rəsmilərinin açıqlamaları ilə aydın oldu ki, onların azarkeşi sırf klub rəhbərliyinin səyi nəticəsində azadlığa buraxılıb. 

Həmin vaxtlar biz "Xəzər Lənkəran" klubunu xeyli qınadıq. Onsuz biabırçılıqları sıralanan bu rəhbərliyin, heç olmasa, azarkeşinə sahib çıxmaması doğrudan da idbar bir şey idi. Biz məsələləri qabardandan sonra klub tərəfində belə açıqlama gəlmişdi - "Həbsdəki azarkeşlərin azad edilməsi üçün əlimizdən gələni edəcəyik".

***          ***         ***

OK, gözlədik. Bir müddət sonra Elmanın anası ilə əlaqə saxladıq. O, həm məhkəmə prosesinin gedişatından, həm də klubun bu işə ümumiyyətlə səy göstərməməsindən şikayətləndi. Bu, ciddi rezonans doğurmuşdu. Demək olar,bütün  böyük KİV-lər  problemi qabartdı və işıqlandırdı.

Haşiyə çıxıb bildirək ki, idman mediasının təsir radiusu  o qədər geniş deyil, siyasi medianı da buna cəlb eləməkçün yalnız şəxsi əlaqələrdən istifadə etməli olurduq. Artıq bir çox ictimai-siyasi KİV məsələnin ciddiyyətini anlamış və daha bu proseslə mütəmadi maraqlanmağa başlamışdılar.

Elmanın anasının narazılığından sonra bir neçə idman KİV-də XL rəhbərliyinin növbəti, bu dəfə  "Azad edəcəyik" tipli açıqlaması çıxdı. Ancaq hansı mexanizmlə, hansı əsasla...

Hər halda klubun "reklam pulu" öz işini görürdü. Elmanın məhkəmə proseslərində hüquqi yardım? Bilirsiz, klub hər şeydə manipulyasiya etdi, Elmanın həbsinin motivi bir qədər təhlükəli "altqat" olduğu üçün klub çəkinirdi. Bəli, bu, belədir. Klub bu prosesdə öz dəstəyini qorxaraq göstərmirdi...

"Neftçi" bunu necə bacarmışdı, XL niyə bacarmır və s.

Artıq vədə o yerə çatmışdı ki, saxlanılanlara hökm oxundu və onların həbs müddəti açıqlandı. 2.5 və 3 il müddətləri. Xuliqanlıq maddəsi...

Şəxsən düşünürdüm ki, həddi-buluğa çatmamış bir insan bu həbsdə özünü necə hiss edəcək, necə dözəcək, bu hadisə onun psixologiyasına, şəxsiyyətinə, gələcəyinə necə təsir edəcək. Artıq tək qalan anası və s.

Hökm oxunmuşdu və heç nə...

Əldə çarə yalnız o idi ki, heç olmasa içəridəkilərə mənəvi və ya maddi dəstək edilsin.

Biz bu məsələni qabartdıq ki, "Eliko" Qusardan həmişə Lənkəran stadionuna sırf Rahid Əmirquliyevə görə gedirmiş - yerlisinə və ümumiyyətlə, həmin komandaya azarkeşlik etməyə. İnsafən, sonradan öyrəndik ki, Rahid əlindən gələn çox şey edib. Hətta yığmada vurduğu bir qolu Elmana həsr etdiyini açıqlamışdı...

Gözəl hisslər idi.

Bir də Elmanın həmkarları, bir neçə azarkeş. Onların sayı çox az idi. Onlar Elmanın saxlandığı təcridxanaya gedib ona mənəvi dəstək olurdular. Vəssalam... 

***         ***         ***

Sosial şəbəkədə "Eliko"nun azad edilməsi, XL rəhbərliyinin istefasını tələb edən müxtəlif səhifələr yaradılmışdı. Həmin ərəfələrdə klub haqda ardıcıl ifşaedici məqalələr yazdığımız üçün hətta bu səhifələri guya bizim maliyyələşdirdiyimizi iddia elədi XL tərəfi. Hansı ki, saytı saxlamaqçün böyük məbləğdə borca düşmüşdük və s.

Klub  müxtəlif fanklublara öz əlaltıları vasitəsiylə çıxış tapıb, fanklub idarəçilərini maddi təklif qarşılığında şirnikləndirməyi bacarmışdı. Ancaq demək olar, bütün fan-klublarda müstəqil ruhlu azarkeşlər vardı və onlar Qəbələdə, Sumqayıtda, Bakıda - müxtəlif oyunlarda Elmana və başqa həbs edilən azarkeşlərə dəstək pankartları açırdılar. Bu məsələlərin də, necə deyərlər, koordinasiyasında rolumuzun olması təbii hal idi. Klub bunu hiss edirdi. Azarkeşlərin həbsi "Fırtınalar meydanı"nı pərən-pərən salmışdı. Xüsusən, rəhbərliyin bu işdə acizliyi azarkeşləri küsdürdü. Sıradan bir oyunda dolan stadion indi heç "Böyük oyun"da belə 4-5 min azarkeş görmürdü. Bu durum birbaşa klubun reputasiyasına zərbə yetirirdi. Ancaq klub vəziyyətdə çıxış üçün sağlam islahatlar yox, çirkin yollara əl atmaqdan əl çəkmirdi. Əlaltısı olan və adını çəkməyi lazım bilmədiyimiz fan-klubcuqlar vasitəsiylə təbliğat aparırdılar - guya həbs edilən azarkeşlərin arxasında durublar və guya aranı qarışdıran bizik. Başqa edilənlər və olanları isə sadalamağı lazım bilmirik. İyrənclik...

***         ***         ***

Artıq Elman və həbs olunanlar adına manipulyasiyaya başlanılmışdı və klub  dağılmış, pərən-pərən dümüş XL azarkeşlərinin könlünü almaqçün saxta, əsası olmayan və arxasında durmayacağı açıqlamalar verdi. Bu məsələlərə reaksiyasız qala bilmədik.

Vaxt-vədə keçdi, Elman azadlığa buraxıldı. Sevinc hissləri...

Redaksiyamızın bir əməkdaşı "Eliko"nun azadlığa çıxdığı günün səhəri geniş bir məqalə yazdı. Etiraf edim ki, ilk dəfə bu KİV orqanındakı baş redaktor səlahiyyətimdən subyektiv motivdə istifadə etdim və məqalə "senzuramdan keçmədi". Niyə? Çünki əməkdaşımız soyuq başla yazdığı məqalədə bildirmişdi ki, Elmanın azadlığa çıxması bizim sevincimiz, klubunsa öz manafeyi üçün yararlanmaq imkanı deməkdi. Onu özünün dağılmış imici üçün istifadə edəcəklər. Elmanın vasitəsi ilə klub özünü mələk obrazına salacaq. Və s. fikirlər.

Mən yazı müəllifinə bu soyuqqanlı fikirlərə görə təşəkkür elədim (Halbuki özüm də o ehtimalları düşünürdüm, sadəcə, dilə gətirmək istəmirdim, qeyd eləməyi lazım bilmirdim - bu məqamda yanlış anlaşıla bilərdim deyə), ancaq yazının dərc edilməyəcəyini bildirdim. Müəllif bunu anlayışla qarşıladı. O yazı hələ də məndədir. Bundan başqa, adını qeyd eləmək istəmədiyim bir köşə yazarımız da eyni motivdə yazı hazırlamışdı və mən bu hadisəni ona danışıb, o yazını da sayta buraxmadım.

Peşəkarlıq prinsipləri öz yerində, ancaq kobud desək, yeri deyildi o yazıları verməyin...

***         ***         ***

Və...

Dünən Elman mənə "facebook"da yazdı ki, klubda işə düzəlib... hamı bunu paylaşır... mənsə yox...

Keçib onun postlarına baxdım və anladım ki, söhbət nədən gedir. Dərhal o yazılar yadıma düşdü. Keçdim o yazıları bir də oxudum və müəlliflərin hərəsinə dəqiq, peşəkar təhlilə görə təşəkkürümü bildirib, Elmana cavab verdim: "Salam Elman. Necəsən? Təbrik edirəm! Sevindim!".

Elman incidiyimi soruşdu. Mənə elə gəldi ki, ona kimsə demişdi bunu, yoxsa o niyə desin ki incidiyimi. Niyə inciməliydim? Nə səbəbə, hansı əsasa?

Onun klubda işə düzəlməyinə vasitəçi olan şəxslər güman ki, ona bildiriblər - Elçin buna görə səndən inciyəcək. Axı Elman "içəridə olanda" çöldə nələrin  cərəyan etdiyini tam bilmir... Hər halda, imanımızı da yandırmayaq...

Elmana necə yazmışdımsa, bu subyektiv məqaləm vasitəsiylə də bildirirəm, mən əvvəlcə 3 ilə yaxın oğlunun həsrətini, xiffətini çəkmiş, əziyyət içində qıvrılan, hər danışdığımızda ağlamağına hakim kəsilə bilməyən Elmanın anası Emilya Şərifovanı təbrik edirəm. Gözünün ağı-qarası, yeganə övladı onunla birlikdədir. Elmanla da həbsdən çıxdığı gün telefonla danışdım və hiss elədim ki, hər şey yaxşıdır. Pozitivdir və bu, sevindirici idi. Həbs onu əzməmişdi, möhkəmləndirmişdi...

Bu münasibətlə həm də həmişə azarkeşlərin yanında olan, ən çox azarkeşlərin hüquqlarını, vəziyyətini gündəmdə saxlayan "FutbolPress"i təbrik edirəm. Sonra bütün futbol azakeşlərini və peşəkar futbol təmsilçilərini.

Elmanı işə götürdüyünə görə də "Xəzər Lənkəran"a da təşəkkürümü bildirirəm. Ancaq... zaman və tarix unudulsa da, silinmir.

Mən heç cür inanmıram ki, siz Elman Tağıyevin bundan sonra klub əleyhinə güclü müxalif qüvvə olacağı ehtimalını gözə alıb, onu "zərərsizləşdirməkün" işə götürməmisiz...

Elman artıq populyar persona idi və onun kütləyə təsir imkanı genişlənmişdi.

...Hətta insanların yaxşılıq, qəhrəmanlıq kimi gördüyü bu addımınızda bir qram səmimilik hiss etmirəm. Təki, siz "Elmanı "zərərsizləşdirmək" niyyəti ilə işə cəlb etməyəsiniz və təki mən yanılam.  Ancaq...

Uğurlar, Elman! Gələcək həyat və iş karyeranda. Bir daha azarkeş həbs edilməsin, bir daha polislər oyun vaxtı azarkeşə "Ə, sakit dur", "Ə, otur aşağı" - deməsin. Xudahafiz!

Elçin CƏLİLOV


oxunma sayı: 1067 | Paylaş:




?>