')

Bu gün:


FutbolPress.Az | Əhsən, "Xəzər Lənkəran"! (QEYD)

Əhsən, "Xəzər Lənkəran"! (QEYD)


oxunma sayı: 932 Paylaş:

FutbolPress"Xəzər Lənkəran"  gəncləşdirmə (siyasəti) elan eləyəndən sonra ilk dəfəydi komandanın oyununa canlı baxırdım...

Haşiyə: Futbolda gəncləşdirmə deyilən anlayış, proses yoxdu. Özü də siyasət... "Gəncləşdirmə siyasəti" deyib təqdim eləmişdilər də, elə deyil?
Yox bir demarkasiya (Əla sözdü ha).. Yox bir anklav (Bu da).. Yox bir "on ze teybl" (Hmm)..

Avropada kiməsə desən bizim klubda gəncləşdirmə siyasəti aparılır, fikirləşər ki,  yəqin bu yeni anlayışdı, xahiş edirəm, izah eləyin, nə cür olur və s.

Var nəsildəyişmə. Və var bunun sürətli aparılması periodu. Bunu da əsasən yığma komandalar, yaxud iqtisadi siyasətində önəmli dəyişiklik eləyən böyük - gəlirli  klublar  eləyir. Dəbdəbəli səsləniş xatirinə nə gəldi danışmaq nəyə lazımdı...

Haşiyədən çıxıb, davam elәyək.  Bu oyuna əvvəllər "Böyük oyun" deyirdik, o cür də yazırdıq və s. Ancaq o siyasət dəyişikliyindən sonra (Oxu: Gəncləşdirmə siyasəti.. ha, ha) bir xeyli dəbdəndüşmə baş vermişdir.

Zarafatı bir kənara qoysaq, ilk dəfəydi ki, "Xəzər Lənkəran"ın ifasında meydanda bir KOMANDA görürdüm. Pul yığını, maraqların cəlb elədiyi legioner toplusu yox, əməlli-başlı komanda. Elə  Elbrus Məmmədovun əvəzedici heyəti liderliyə çıxardıb, ordan əsas heyətə baş məşqçi gətirilməyini də təqdirəlayiq hal kimi hiss elədim. Bircə İlqar Ələkbərovu meydana buraxmağı (Subyektiv fikrim) çıxmaqla, dünən hər şeyi əla tapşırmışdı drujinasına; uduzsalar da, performans yaxşı idi...

"Xəzər Lənkəran"ın gənc və yerlilərdən, əsas da öz yetirmələrindən ibarət heyəti ilk hissənin ilk 20 dəqiqəsində mükəmməl futbol göstərdi. O ayrı məsələ ki, yekun nöqtələri qoymağa təcrübə çatışmazlığı və azca panika hiss olunurdu. Ancaq sistemli oynaya bilsəydilər, hesabı "Neftçi" yox, onlar açardı.

XL 2:0 uduzsa da, oyunuyla məğlub olmadı. Bu heyətin canfəşanlı mübarizəsi marağı cəlb eləməyi bacarırdı. Əgər irəlidə potensiallı Elnur Cəfərov özünəinamlı olsaydı, həmçinin, azca arxadan Kazım top qazanmağa meylli oynayıb, Sadio, Elnur, yaxud Ramazanovdan birini uğurlu ötürmələrlə zərbə mövqeyinә çıxara bilsəydi, olardı tam ürəyəyatan bir oyun. Elşənin fiziki göstəriciləri gözəldi, oyunu da "Qəbələ"dəki Elvin Camalzadə kimi "dişli" olsa, XL azarkeşlərinin sürəkli alqışlarını qazana bilər. Sol cinahdakı İlyasın çevik reaksiyaları və inamlı oyunu cilalansa, qazanılmış kadra çevrilə bilər. Bir sözlə, "Xəzər Lənkəran"ın "süd iyi verən" cavan heyəti ansambllaşa bilsə, yenə siyasəti dəyişib, legioner axıtmasalar içəri, gələn mövsümün ən iddialı heyəti ola bilərlər.

Hücum və müdafiəyə səviyyəli legioner alınsa, bu komandaya başqa heç nə lazım deyil.

Bundan başqa, XL-in aşağı yaş qruplarında da müəyyən islahatlar apardığı haqda xəbərlər gəlməkdədi. Deyərlər, əhsən... Niyə əvvəldən belә eləmirdilər - bu ayrı mövzudu, bu yazıda məqsəd sırf bir oyun və heyət haqda təəssüratların paylaşılmasıdı...

"Neftçi" dünən sırf təcrübəli legionerlərin və əsas da bəxtin hesabına qalib gəldi. Hər iki qolda müdafiəçilərin ani səhvindən istifadə elədilər. Bu, bizim qələbəni kölgəyə salmağımız anlamına gəlməsin,  özü gedib girib kölgənin altına...

Üstəlik, Samir Məsimovun  ayağına "göydəndüşmə"  yapışan  topa sadəcə toxunaraq qola çevirməsindən sonra qeyd elədiyi sevinc ritualı... Qaçıb-qaçıb gəldi oturdu ehtiyat skamyada. Bu da onun qol sevinci... Yəni ki, siz məni ehtiyatda oturtmaqla səhv edirsiz və s. və i. a.

Paho, Samir, nə gözəl intizamın var. Məşqçilər korpusu,  nə cəza kəsəcəksiz bu şıltağa? Bu nə deməkdi - futbolçu hamının gözü qabağında baş məşqçiyə  "söz atır"?

Budəfəki matçın bir çox maraqlı tərəfi oldu ki qeyd eləməyə dəyərdi. Ancaq ən maraqlısı elə meydanda görünən və matçın protokolunda saydığımız XL heyəti idi. Siz buna "gəncləşdirmə siyasəti" deyirsiz, nə deyirsizsə, OK... Ancaq bu yoldan çəkilməmək məsləhət. Əksinə, daha praktik, başqa təcrübələrdən mənimsənilmiş addımları tətbiq eləmək yaxşı olar. Belə gediş uğur və  "comeback" (Sözlərə gəl...) vəd eləyir. Baxaq...

Elçin CƏLİLOV


oxunma sayı: 932 | Paylaş:




?>