')

Bu gün:


FutbolPress.Az | Samiri axtarın, tapacaqsız! (YAZI)

Samiri axtarın, tapacaqsız! (YAZI)


oxunma sayı: 524 Paylaş:

FutbolPressHəmkarlarım Aydın Bağırov və Elçin Cəlilovun veteran hücumçu Samir Ələkbərov barədə yazılarını oxuyanda unuda bilmədiyim iki hadisə yadıma düşdü. Əvvəl ondan başlayım ki, peşəkar futbolçu kimi oyununu çox az gördüyüm insanın veteran kimi oyununa tez-tez baxıram. Amma bəhs edəcəyim hadisələrin birbaşa onun oyunu ilə bağlılığı yoxdu. Şəxsiyyəti ilə bağlılığı var.

Məsələn, başlayaq ilk hadisədən. Ötən ilin dekabrın 23-də “Neftçi”nin keçmiç bazasında keçirilən “Həmrəylik kuboku”nda (Elçin Cəlilov həmin vaxt Barselonada idi) Ələkbərov qazanılan qızıl medalı balaca bir uşağın boynundan asdı və dedi: “Bundan məndə o qədər var ki... İndi isə əsl çempion sənsən!..”

Ələkbərovun bu jesti həmin balacanın sevincinə səbəb olmuşdu. Samir bu hərəkəti ilə bir çoxuna həm də medal, şan-şöhrət, mükafat hərisi olmadığını göstərmişdi... Ələkbərovun medalı təqdimetmə anı o qədər səmimi idi ki, bu səhnəni görməyə dəyərdi...

İkinci hadisə isə Tahir Süleymanovun “Neftçi”də vitse-prezident işlədiyi dönəmə təsadüf edir. Süleymanovla bu və ya digər mövzudakı söhbətimizdən iki gün öncə Ələkbərovu yenə “Neftçi”nin köhnə bazasında görmüşdüm (hansı ki, bu gün axtarılması vacib olan futbol adamlarının bir qismini məhz həmin bazada tapmaq olar). Nimdaş geyimdə idi, tanımayan deməzdi ki, bu adam ölkənin ən vacib futbolçularından olub. Kepkası başında, təsbehi əlində... İndiki kimi yadımdadır, qabağında çay Bakı qoçularından danışırdı.. Dedim ki, Samir müəllim, sizə bir-iki sualım var... Cavab verdi ki, mən futbola lazım deyiləm axı. Futbol mövzusundan uzaqlaşmaq üçün söhbəti zarafata saldı: “Futbolu qoy bir kənara, gəl, sənə Stalindən danışım...”

Təkid etdim, futboldan, futbol adamlarından incikliyinin səbəbini öyrənməyə çalışdım. Danışmadı. “Uzun söhbətdi” – deyib söhbətə nöqtə qoydu.

Düşündüm ki, Samir Ələkbərovun problemini uzun illər şərəfini qoruduğu “Neftçi” klubu ilə danışmaq lazımdır, bəlkə köməkləri dəydi. Süleymanovla telefon söhbətinin məğzi də məhz bu idi... Tahir Süleymanov dedi ki, onun kimi veteranlara qapımız hər zaman açıqdır, amma gərək, həmin şəxs özü də təşəbbüs göstərsin. Məntiqli cavab idi...

Amma ölkədə futbolun inkişafına dair dövlət proqramının qüvvədə olduğu bir vaxtda, əsl futbol adamlarının kənarda qalması absurddur... Bizə, bizim futbola yaşıl meydanlarda həqiqətən canını qoymuş və canını qoyacaq insanlar lazımdır, mütləq lazımdır..

Özü də söhbət təkcə Samir Ələkbərovdan yox, bütovlükdə samir ələkbərovlardan gedir...

Onları axtaran isə tapar... Axtarın ki, tapasınız... 

Elgiz ABBASOV


oxunma sayı: 524 | Paylaş:




?>