"Barselona" modelini hansı Azərbaycan klubu tətbiq edə bilər... (QEYD)
Paylaş:
"FutbolPress"in "Barselona" təcrübəsindən hazırladığı videorolik, fotoreportaj və məqalə ilə mövzunu bitmiş bilirdik. Ancaq futbol klublarından birinin məsul vəzifələrindən birində məhsullu işiylə fərqlənən dostlardan biri ilə söhbətimizdə Kataloniya klubunun modelindən danışdıq. Azərbaycanda bir klubun buna hərtərəfli oxşar, uyğun gəldiyini danışdıq.
Dostumuzun söhbətində ortaya səlis arqumentlər çıxdı.
Barselona da dənizkənarı şəhərdi, Lənkəran da.
Ora da ölkənin fərqli mətbəxi ilə fərqlənir, bura da.
Ora da ölkəsinin etnik milli azlığının bölgəsidi, bura da.
Oranın da öz dili var, buranın da.
Oranın da futbol klubu yerli əhali üçün bölgənin simvolu sayılır, buranın da.
"Qafqazın Çelsi"si yanlış təyinatdı, "Qafqazın Barselonası"dı "Xəzər Lənkəran"a ən uyğunu - söhbətimizdə bu nəticəyə gəldik.
Ancaq sözdə oxşarlıqlar çox olsa da, tətbiqdə mümkündümü...
Məqalədə bildirmişdik ki, "Barselona" Avropanın ən yaxşı marketinq tətbiqçisi sayılan klublarından biridi. Burda təkcə stadion və klub muzeyindən illik 50-60 milyon avro gəlir götürülür.
Fan-şopu isə nəinki İspaniyada, bütün dünyada ən böyüklərdən və ən çox gəlir gətirənlərdədi.
Sonra elə oldu ki, davamı gəlmədi. Fan-şop adi market, mağaza kimi qalıb orda...
Klubun marketinq siyasəti isə yox kimidi.
XL yeganə çempionat iştirakçısıdı ki, ev oyunları bir yana, hətta səfər matçlarında bilet tətbiq olunsa belə, yenə azarkeş sayına görə bütün digər oyunların cəmindən çox tərəfdar gəlib stadiona...
Bu və başqa çoxsaylı təbii situasiyanı dəyərləndirə bilməmək, yaxud dəyərləndirməmək - bunu müəyyənləşdirmək asan deyil...
"Xəzər Lənkəran"ın ölkənin müxtəlif bölgələrində azarkeşləri var, müxtəlif ölkələrdə də. Təkcə bunu şəbəkələşdirib, atribut satışından illik 1 milyona qədər gəlir götürmək mümkündü.
Yeganə və ilk gəlirgətirən klub modelini yaratmaqla tarixə düşəcək bir klubu bunun əvəzində "İddiası azaldılan komanda"ya çevirmək əbləhlikdi.
Guya Oğuz Çətini göndərib, əsas heyətin də yüksək məvacibli oyunçularından imtina etməklə XL hansısa siyasəti, durumumu dəyişdi?! Xeyr, XL elə həmin uğursuz komanda idi, sadəcə, əvvəl Mais Mənsimov prezident olaraq klub idarəetməsini pulun gücü ilə həyata keçirirdi. Ancaq bundan sonra qardaşı Mübariz Mənsimovun gəmiçilikdə gəlirlərinin xeyli azalmasından dolayı azaltdığı klub büdcəsi nəticəsində artıq pul yox, təcrübəsinə güvənib iş görməlidi. Aha... məqam gəlib. Alınacaq?
Biz "Barselona" klub marketinq modelinin tətbiqinin məhz indi məqamlandığını da buna görə bildirmək istəyirik. Artıq Azərbaycan futbolu 10 illik "pul tökülüşü" erasından çıxmaq üzrədi. Əvvəlki dövr deyil.. bundan sonra idarəçiliyi peşəkar futbol mütəxəssislərindən ibarət olanlar çətinliyə tab gətirəcək, inkişaf edəcək / "papasının puluna güvənənlər" isə asta-asta geriyə yuvarlanacaq...
Yazını müsbət məqamlarla başladıq, mənfi notlarla bitimək istəmirik. Ancaq ölkə futbolunun tarixin ən ciddi böhranına qədəm qoyduğu bir ərəfədi, pozitivlik hardan qondaraq...
Elçin CƏLİLOV
| Paylaş: