')

Bu gün:


FutbolPress.Az | Altı sıfır.. üstü dә sıfır (YAZI)

Altı sıfır.. üstü dә sıfır (YAZI)


oxunma sayı: 2131 Paylaş:

FutbolPress

(I Yazı)

Adətən ezamiyyət səfərlərində yol qeydləri dəvətçi(lər)yə təşəkkürlə bitir. Şablondan canısıxılma kompleksim olduğuyçün elə əvvəldən şəxsimi İtaliya və Xorvatiya səfərlərinə dəvət elədiyi üçün AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna təşəkkür edirəm.

“FutbolPress.Az”ın 5 ilə yaxın fəaliyyətində milli ilə ilk səfəridi bu. Beş il lazım oldu ki, yolumuzun bir olduğunu, mövqeyimizin jurnalist mövqeyi olduğunu və bugün yaranıb, sabah sıradan çıxmaqçün yox, bu sahədə obyektiv mövqe formalaşdırmaqçün meydanda qalmağa potensialımızın yetdiyini isbatlayaq... AFFA-ya.

Biz heç vaxt səfərə getmək istədiyimizi demədik, dəvətlərin arasında seçim edib, getdik və s.

Heç yazıya girişin də bu qədər pafoslu olmasının lehinə deyiləm; media təmsilçisi “mən”dən bitərəf, pafosdan uzaq olmalıdı.

Özünütənqidlə başlayan yazıda Nərimanoğluna təşəkkürümü həm də ona görə bildirirəm ki, Elxan Məmmədovu və başqa aidiyyatı şəxsləri məhz mənim səfərə aparılmağımın “problemsiz” keçəcəyinə inandırmaqçün əziyyət çəkib – bunu hiss eləyirdim. Ancaq “Yüz eşitməkdənsə, bir görmək yaxşıdı” – bəli, gördüm, gəldim, təəssüratların boldu. Sizə daha səhih mənzərələr yarada biləcəyimə inanıram.

*** *** ***
Palermoda oyundan əvvəlki mətbuat konfransından sonra düşərgəyə düşən “civildəşmə” iyrənc idi. Saytımızda həmkarların İtaliya, Xorvatiya oyunları haqda sorğusu narazılıq yaradıbmış. Bu nə vəlvələ, bu nə qorxu...

Sorğuda “Milli AFFA rəhbərliyi (Oxu: Rövnəq Abdullayev red.) üçün pul yeyintisi vasitəsidi” tipli fikirlərin olmasını mənə və saytmıza yaraşdırmadığını bildirən hörmətli Nərimanoğluna iradında haqlı olduğunu bildirdim – hər halda, öz işlədiyi orqanda yaza bilənlərə, fikri boğulmayanlara tribuna veririk həmişə...

Nərimanoğluyla bu mənasız mövzunu və ona “həmkarlarım” tərəfindən yazılan “...nə əcəb Foqtsa aftafa verən jurnalisti aparmısız... dostlaşmısız...” tipli sancı dolu mesajları yazanları da çözdük, dedik, güldük...

Aydınlaşdırdıq ki, media və futbol hökumətində peşəkar münasibət nəzərdə tutulursa, belə münasibətlərə elə kiçik nəsnələrin aidi, dəxli sıfıra endirilməlidi və s.

Həm də Nərimanoğluna təkrar bildirdim ki, səfərə hansı KİV-i dəvət elədiyinin fərqindədi yəqin - “FutbolPress” heç vaxt hansısa təzyiq, təsirdən mövqe formalaşdırmayıb, bilərəkdən qərəz mühiti yaratmağa cəhd eləməyib - bizim sayt öz iş yerində məqaləsi çıxmayanların məqaləsini dərc edən, mövqeyi gizlədilənlərin mövqeyini ictimailəşdirən, fəaliyyəti müddətində heç bir materialı təzyiqlərə və təkliflərə baxmayaraq silməyən, fırıldaqçı klubla reklam əməkdaşlığına məhz özü xitam verən və ən çətin yolları dəf edib, böyüyən KİV-di.

Beləcə, belə səfərlərin futbol və media münasibətlərinin peşəkarlıq və şəffaflıq şərtlərinə uyğun olmasının vacibliyi ikimizin də ortaq məxrəcə gəldiyimiz mövzu oldu.

*** *** ***

Səfər həm də ona görə maraqlı idi ki, çox uğurlu heyətlə getmişdik - mənim həmkar kimi çox hörmət elədiyim şəxslər, Firuz Abdulla (AFFA media şöbəsinin baş mütəxəssisi), PFL-dəki dirçəliş islahatlarıyla çox hörmət qazanmış Aslan Şahgəldiyev, Rüstəm Əfsərli, Ceyhun Rzayev, Elman Himayətoğlu, Elmir Əliyev, Şahin Oğuz və daha da yaxından tanıdığım Rüstəm Fətəliyev, Mirağa Mirzəyev, Seymur Səfərli, Səbuhi Musayev.

Bu kollektivin yol yoldaşlığı maraqlı müzakirələrlə, faydalı mübahisələrlə yaddaşa həkk olundu.

*** *** ***

İtaliya kimi nəhəng yığmaya qarşı hesabı bərbərləşdirəndə gözlərimizdə közərməyə başlayan kövrək inam hissi qolu öz qapısına vuran Kyellinin eyni entuziyazmla bizim qapımıza “nallaması” ilə söndü, külə döndü.

İtaliyadakı oyundan əvvəl də, sonra da reqlamentdən tutmuş, klublardakı fiziki-kimyəvi-mənəvi hazırlığa qədər narazılıq döşəyən Foqtsun eqosu cansıxıcı, boz və bir az da abırsız qoca aurası yaradırdı.

Xorvatiyada İtaliyadakı kimi olmayacağını futbolla maraqlanan hər kəs söyləyə bilərdi. Bəli, çox qol vurmağı xoşlamayan, qələbə üçün minimumla kifayətlənən “azzuri”lərə baxanda “şahmat ölkəsində” “mat qalacağımızı” pessimist düşüncəmizdə oyan-buyana fırladırdıq.

Oyun başladı və yenə.. Foqts İtaliya və Xorvatiya mediasında məsxərəyə qoyulan “birəbir” (“personalni”) taktikasıyla fantaziyasının quruduğunu çılpaqlığıyla ortaya qoydu.

1, 2, 3, 4.. 5, 6. Sıfır mahiyyətində olan oynumuza görə utanıb başımızı aşağı salmışdıq.

Məncə, təzyiqi qalxan Mikayıl Nərimanoğlu, 5-ci qoldan sonra stadionu tərk eləyən Rövnəq Abdullayev, qollarını qaldırıb Allahdan imdad diləyən Kamran Ağayev – heç biri artistizm nümayiş etdirmirdi. Aura həqiqətən çox ağır idi: ətrafda hər qoldan sonra məsxərəyə qoyub gülüşənlər və... və məğlub obrazlı azərbaycanlı futbolçunun bir dəfə “Duty Free”də xərclədiyini ay ərzində xərcləməyən azərbaycanlı jurnalistlər, peşiman azərbaycanlı azarkeşlər və s.

*** *** ***

Niko Kovaç ikinci hissəyə başlayanda Foqtsun belinə ehmalca vuraraq – düz eləmədik bu qədər vurduq, ikinci hissədə çox sıxmarıq – işarəsi vermiş oldu... İkinci hissədə “dama-dama” geyənlərin yığmamızı dama-dama cızması, qol vurmamaq üçün hər bir futbolçumuzla şəxsən məzələnməsini də üstünə gəlsək - üzüntünün biri bir qəpikdən...

Oyunsonrası mətbuat konfransında Foqts ilk üç sualdan sonra Nərimanoğlunu dəng elədi ki, daha suala cavab vermək istəmir, konfransı bitirsin. Əlavə üç sualı da gücbəla... Yenə klubları, reqlamenti, oyunçuları, Azərbaycan mentalitetini təqsirkar çıxardıb getdi.

“7 ildi həftədə iki dəfə oynayan azərbaycanlı futbolçu tapa bilmirəm” – tipli sözləri isə nəyə əsaslanırdı, heç kəs anlamırdı. 7 ildə bir irəliləyiş eləməyən şəxs öz istəyi ilə çıxıb getməliydi, ancaq o, “menecerim AFFA rəhbərliyi ilə əlaqə saxlayacaq, bu şərtlər altında...”. Bəli, adam bütün şərtləri özü diqtə eləyir, sonra da diqtə elədiyi şərtləri də təkzib elədiyinin fərqinə varmayacaq qədər qeyri-ciddilik nümayiş etdirir.

Ən böyük abırsızlığı isə AFFA İcraiyyə Komitəsi göstərir. Səfərdə ezamiyyətdə olan komitənin İsgəndər Cavadov və Mirkamil Rəhimov kimi miniatür təmsilçilərinin özünü aparması utandırmaqdan başqa heç nə... İtaliya ilə oyunöncəsi media üçün 20 dəqiqəsi açıq olan məşqdə fotosunu çəkəndən sonra yaxınlaşıb fikir öyrənmək istədiyim Mirkamillə İsgəndər müəllimlər nə desə yaxşıdı – çəkmə, ə çəkmə.. sil onu. Babat yerdə çək da, nədi məqsədin... - İstəyirdim təbii foto alınsın, açıqlamanızda yerləşdirəcəkdim. - Açıqlama yoxdu. Sonra... - OK.

Geri qayıdanda, təyyarədə, göyün yeddinci qatında İsgəndərin suallar qarşısında tərləməsi, Mirkamil müəlliminsə kamillik dərəcəsinin püskürməsi faktı də uca dərgaha təhqir idi...

Foqtsun ikinci müddətə müqavilə bağlanıb qalmasında əvəzsiz xidmətləri olmuş bu iki şəxsin dikofonuma böyük ehtirasla - “Getməlidi” deməsi qədər absurd nəsə tapa bilmirdim...

7 ildən sonra ayılıblar... Yox, onlar ayıq idilər, sadəcə, indi tapşırıq belədi, “oyun” belə fırlanıb... Onlar sadəcə öz açıqlamaları ilə diqqəti başqa istiqamətə yönəldib, emosiyaların yatması üçün ortaya atılmış “kuklalardı”... Və s. çox versiya gəlir ağlımıza. Məsələn, onlar bəlkə də düşünürlər ki, Rövnəq Abdullayevi, Elxan Məmmədovu qorumuş olurlar. Ancaq əmin olun, sizin beş dəqiqə ərzində əlli beş dəfə mövqe dəyişməyinizə Elxan Məmmədov belə heyran qalmışdı.

Xüsusən, İsgəndər Cavadovun “Rövnəq Abdullayevin ətrafında vəzifəsinə layiq olmayanlar var, hamısı qovulmalıdı” – deməyindən sonra – konkret hansı istiqaməti, kimləri nəzərdə tutursuz soruşanda üzümə baxıb, gözlərini döyməsi, döyməsi, döyməsi...

- İstəyirsizsə, bu suala cavab verməyə də bilərsiz... ancaq iddianızı açıqlamanız maraqlıdı. - Yenə durub, üzümə baxması, baxması, baxması...
İsgəndər Cavadov, sənsənmi AFFA prezidenti olmaq istəyən? Sənsənmi İcraiyyə Komitəsinin üzvü? Sənsənmi Foqtsun qovulmasını təşkil eləyə biləcək 10 komitə üzvündən biri?

Nə gündəsən, Azərbaycan futbolu? Cavadov, Rövnəq Abdullayevin ətrafından qovulacaq insan varsa, Regional Futbol Federasiyası vasitəsilə havayı pul yeyən siz olmalısız bu siyahınn başında. Siz “torba tikməyə” təhkim edilmisiz? Ona görə danışmağa başlamısız?

Rövnəq Abdullayevi tərifləyib, ətrafını “vurursuz”? Yooox, deyin görüm, kimlərin qovulmasını nəzərdə tuturduz? Niyə diliniz topuq vururdu, deyin də, deyin...

İcraiyyə Komitəsi “kuklalar teatrıdı”? Siz kim olmusuz ki, Foqtsu bəyənmirsiz? Kimsiz ki, Rövnəq Abdullayevin ətrafını təmizləməsini jestlə-filanla deyirsiz? Siz bir dəfə də olsun Foqtsun üzünə etirazını bildirməyən, iclaslarda, toplantılarda “hə” lazım olanda “həəə”, “yox” lazım olanda isə beş dəfə “yox” deyib, Abdullayevə xoş görünməyə can atanlarsız.

Gedin, AFFA-nın puluyla “poyezdkalara”, şükür eləyin ki, xalqın, azarkeşin sizin mahiyyətinizdən xəbəri yoxdu. Siz və digərləri ilə birlikdə, İcraiyyə Komitəsi, ayıbdı, “oyun fırladıb”, Foqts qovulmalı olan halda, AFFA-da başqalarının vəzifədən qovulmasına və bu vəzifəyə sizin təyin olunmanıza ümid eləməyin. Foqts qovulmasıyla məsələnin düzələcəyini deyən futbol funksionerimin üzünə baxıb – sən nə simasız insansan – deməyi gəlir insanın. Futbolunuz Foqtsdan əvvəl nə idi ki, Foqtsla nə olsun, yaxud Foqtsdan sonra...

Hörmətli Abdullayev, onun baş katibi Elxan Məmmədov, sizinçün bu mənzərə, belə İK xoşdu? Bu cür Foqts və belə yığma narahatlıq yaratmır? Niyə tərpənmirsiz, dəbərmirsiz və s. eləmirsiz?

Nə olub sizə?

Məmmədov, hər yanda çıxan açıqlamanızdakı kimi, Foqtsdan hesabat sorun, OK, ancaq o hesabatdan özünüzə də sorun – niyə belə oldu? Altı sıfır, üstü də sıfır...(?)


Elçin CƏLİLOV


oxunma sayı: 2131 | Paylaş:




?>