Qulam Quliyev "Xəzər Lənkəran"dadı
Paylaş:
"Xəzər Lənkəran"ın təsərrüfat işlərinə (komandanın rəisi - red.) nəzarət eləyən Səməd Mustafayevin istefası haqda klubun "qeyri-rəsmi saytında" məlumat çıxandan sonra elə həmin saytda onun yerinə müavini Qulam Quliyevin təyinatı aşkara çıxdı.
Səhəri gün isə başqa bir XL "nəzarətində" olan saytda Quliyevin də qovulduğu xəbər verildi.
Təbii ki, "FutbolPress"ə qarşı "küskün tükəzban" roluna girən "Xəzər Lənkəran"dan bu haqq-hesab haqda dəqiq məlumat öyrənə bilməyəcəkdik.
Qulam Quliyevin qovulması xəbəri üzərində hadisələrin nə cür olacağını proqnoz, təhlil eləyən saytımıza həmin məqalədən sonra çox sayda zənglər gəldi. Bir çox məqamı yenidən gündəmə gətirməyimiz sadiq XL azarkeşlərini yenidən klubun taleyinə narahat salmışdı.
Yazıya əks-reaksiya verən klubun sıravi işçisi isə, "istəsəydiz, xəbəri dəqiqləşdirərdiz, ən azı, futbolçulardan.." - deyə reaksiya vermişdi. Bəli, klub haqda məlumatları klub rəsmilərindən, aidiyyatı funksionerdən yox, tanış futbolçulardan dəqiqləşdirməyi çıxış yolu kimi təqdim eləyən klub nümayəndəsinin öz klubu haqda yaratdığı təəssürat göz önündədi.
Bəli, "Xəzər Lənkəran"da məlumatları ya hansısa sayta "ötürürlər", ya da müəyyən çeşid jurnalistlər komandada salamməleykümü olan futbolçulardan öyrənir. Bu, belədir. Bu, XL fərqliliyidi.
Ajiotaja səbəb olan məqalə haqda fikirlərini bölüşməkçün redaksiyaya gələn zənglər arasında Quliyevin klubda, öz işində olduğunu deyənlər də oldu. Təbii ki, redaksiya olaraq, Quliyevin əlaqə nömrəsini istəmişik.
Hər halda, hər bir informasiyaya peşəkar yanaşan, məlumatı dəqiqləşdirməmiş xəbər kimi tirajlamayan "FutbolPress" bu haqda dəqiq bilgini XL-in saytından gözləyir. Gec də olsa...
XL saytının isə hansı vəziyyətdə olduğu göz qabağındadır. Nəinki bu saytın, digər əksər klub saytları da işləmir.. mövzunu dəfələrlə qabartmışıq.
Quliyevlə əlaqə saxlamaq hələ mümkün olmasa da, onun təsərrüfat işlərinə (oxu: rəis) cavabdeh vəzifəsində olduğunu qeyri-rəsmi bildiririk.
Klubun isə əlaltısı olan kiçik saytlar vasitəsiylə dezinformasiya yaymaq cəhdləri, həmişəki kimi, davam edir.
Dəqiq məlumatları dəqiq ünvandan oxuyun.
| Paylaş: