Zaqallo və Bekkenbauer
Paylaş:
DÇ-ni həm oyunçu həm də məşqçi kimi götürən iki nəfər var.
1958 və 1962-ci illərdə çempion Braziliyanın heyətində oynamış Mario Zaqallo 1970-ci ildə məşqçi kimi bu uğura nail olur. Onda Zaqallonun cəmi 39 yaşı vardı. 1998-ci ildə ölkəsini yenidən finala çıxardan Zaqallonun planlarını Zidan pozur. Fransanın 3:0 qalib gəldiyi matçda iki dəfə fərqlənən Zizu Marionun 4-cü kuboku qazanmağına mane olur.
Frans Bekkenbauer iki mundial finalını meydançada, digər iki finalıysa texniki zonada keçirib. 1966-da Tofiq Bəhramovun "qoçaq"lığıyla İngiltərəyə uduzan Qərbi Almaniya yığmasının heyətində oynamış "Kral", 8 il sonra komanda kapitanı kimi kuboku qaldırır. 1986-nın final matçında Argentinaya uduzan, 4 il sonraysa udan AFR millisinin baş məşqçisi məhz Frans Bekkenbauer olmuşdu.
Keçmişdə DÇ qalibi olmuş futbolçulardan yalnız ikisi qarşıdakı mundialda baş məşqçi kimi çıxış eləyəcək. 1990-cı ildə Bekkenbauerin rəhbərliyi altında oynamış Yürgen Klinsmann hazırda ABŞ-ı çalışdırır. 1998-ci ildə çempion olmuş Fransanın kapitanı Didye Deşamsa artıq "Xoruzlar"ın baş məşqçisidi.
| Paylaş: