Oyuncaq İK
Paylaş:
Elvin Əliyevin döyülməsi olayı göstərdi ki, Azərbaycan futbolunda idarəçilik kiflənmiş vəziyyətdədi. Bərbad durumdu, futbolçu döyülür, ancaq oyuna təyin olunan AFFA nümayəndəsi bu haqda İntizam Komitəsinə heç bir raport təqdim etmir. Gərək hünərin ola axı... Qorxu qoyarmı raport-filan hazırlasın... Ayıb olsun belə assosiasiyaya, belə İK-a. Əgər oyundan sonra baş verən olaylara Rövnəq Abdullayevin tapşırığından sonra baxacaqsa, onda İK-nı niyə qondarmısız. Məgər İK yalnız hansısa stadionda meydana yad əşya atılması məsələsinə, bir də vərəqələr haqq-hesabına baxa bilir? O da əksər vaxt "Xəzər Lənkəran"ın başında çatlayır. Hələ bir oyunda özümüz şahidi olmuşduq ki, Lənkəran stadionuna yad əşya atılmamışdı, ancaq İK abırsızcasına bunu qondarmış və klubu ard-arda kim bilir neçənci dəfədi cərimələyirdi. Mətbuatın bir qismi bu haqda arqumentlərlə tənqid yazmasaydı, bəlkə də Lənkəranda azarkeşlərin fantastik ajiotajını da bir yolla boğardı bu İK. Heç olmasa, bundan sonra qərarlarınızda yekəxana davranmayın. Onsuz boyunduruqda olduğunuzu, kifayət qədər aciz qaldığınızı dəfələrlə sübut etmisiz... İK-nın mövqeyinə baxın bir:
Hünəriniz var idisə, özünüzü bu olayda göstərəydiz. Hünəriniz var idisə, ötən il də bu klublar arasında belə olay olmuşdu, onda ortaya çıxıb, qərar verəydiz. Hünəriniz var idisə, ötən mövsüm "Bakı" - "Xəzər Lənkəran" matçından sonra qonaq komandanın rəhbərliyinə qarşı hücum haqda lazımı ölçü götürəydiz - ancaq hünər nə gəzir...
"Bu hadisə kütləvi informasiya vasitələrində əks olunsa da, adıçəkilən insident barəsində matçın AFFA nümayəndəsi və "Bakı" klubu tərəfindən İntizam Komitəsinə yazılı müraciət olmayıb".
Sizə fakt lazım idi, əlahəzrət fakt da dərhal bir neçə saytda üzə çıxdı. Bunun üçün "Bakı" klubunun yazılı müraciət etməsi lazım idi məgər? Guya bütün şikayətləri yazılı şəkildə alırsız? Guya telefon zəngləri daxil olmayıb olayla bağlı?
Bütün bunları qoyaq bir kənara, bəs AFFA nümayəndəsini niyə göndərmişdiz həmin oyuna? Niyə qeyd aparmayıb?
Gərək Hafiz Məmmədov bu özbaşınalığa görə narazılığını Rövnəq Abdullayevə bildirəydi, ondan sonra AFFA bu olaya baxaydı?
Baxdız, gördük. Sadəcə, rəzalət! Biabırçılıq... Qərara fikir verin:
1. Hər iki klub daxili intizam qaydalarını gücləndirməsi tövsiyyə edilir.
2. "Neftçi" klubu baş vermiş hadisə ilə bağlı təqsirkar şəxslər haqqında lazımi ölçü götürsün. Klub Premyer Liqanın növbəti ev oyunları zamanı ictimayi asayişi gücləndirsin və analoji hadisənin baş verməməsi üçün lazımi tədbirlər görsün. Əks halda, oxşar hadisənin baş verəcəyi təqdirdə "Neftçi" klubuna qarşı ən sərt tədbirlər görüləcək.
3. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsi haqqında qərar qəbul etsin və yazılı surətdə İntizam Komitəsinə məlumat versin.
Bu bəndi də salardı da: Biz acizik, kimik ki, özbaşımıza durub, qərar qəbul edək. Gərək bizə yuxarılardan göstəriş gəlsin.
P.S. Bundan sonra AFFA-da qayda-qanunla işlədiklərini deməsinlər. Bu sübutdu, siz qanun yox, şəxsi qaydalarla işləyirsiz.
| Paylaş: