')

Bu gün:


FutbolPress.Az | Güclüdən "Zəif"ə

Güclüdən "Zəif"ə


oxunma sayı: 20673 Paylaş:

FutbolPress
tornado-t@rambler.ru

Yenə boş tribunlar, palçıqlı "yaşıl" meydanlar, keyfiyyətsiz futbol, danışılmış oyunlar fonunda Azərbaycan Premyer Liqası davam edir. Yenə matçların taleyi işıqlı otaqlarda, dəri qoltuqlarda əyləşən qara kostyumlu insanlar tərəfindən həll edilir. Futbolsevərlərin ölkə çempionatına olan marağı günü-gündən azalır. Turun "mərkəzi görüş"lərində dağıdılmış tribunalarda 3-5 nəfər azarkeşin pulla dəstəklədiyi oyunlar bir-birini əvəzləyir. "Gəncə" "Kəpəz"ə çevrilir,"Muğan" dönüb "Rəvan" olur,"Turan" yolun başındaca "can verir". Komandalarımız ilboyu hər bir vəchlə avrokuboklara qazandıqları vəsiqənin ilk mərhələdəcə hansı yollarla əldə edildiyini sübuta yetirirlər("Qarabağ" istisna olmaqla). Budur bizim futbolun inkişafı?

Mövsümün əvvəlində Azərbaycanın futbol şəhərinə çevrilməkdə olan Lənkəranda komanda ətrafında gedən proseslər hər bir futbolsevəri dərindən yaraladı. Cənub bölgəmizdə futbol adlı şah oyun yoxa çıxa bilərdi, nə yaxşı ki son anda klub rəhbərliyi bizi bu yoxluqdan qurtardı.

"Xəzər Lənkəran"ın əsas rəqiblərindən "Neftçi" Çempionlar Liqasında "Dinamo" Zaqreb kimi güclü rəqiblə qarşılaşmalı oldu. Klub rəhbərliyi komandanın məşqçilər korpusu qarşısında xorvat səddini keçmək vəzifəsini qoydu. Kənardan baxdıqda il ərzində stabil futbol nümayiş etdirən komandanın belə hədəfə köklənməsi başadüşülən idi. Ancaq xorvatlarla ilk görüşdən öncəki reallıq başqa şeylərdən xəbər verirdi. Bəs bu reallıq nədən ibarət idi? Arif Əsədov "ağ-qaralı" klubun öz yetirməsi olaraq baş məşqçi kimi debüt ilindəcə çempion titulunu qazanmışdı. Əsədov gənc və təcrübəli futbolçuların vəhdətindən yaxşı kollektiv formalaşdıra bilmişdi. Ancaq mövsümün bitimində rəhbərliyin yeni baş məşqçi axtarışına çıxması, Arif Əsədovun bütün diqqətinin "Dinamo" ilə oyuna yönəlməsinə mane oldu. Daim mətbuatla xoş ünsiyyətdə olan baş məşqçinin ilk matçdan öncə KİV-lə əlaqəsinə yumşaq dillə desək qadağa qoyulması, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun həmkarlarımızla "siçan-pişik" oynaması bir müddət sonra baş verəcək hadisələrin ilk işartılarıydı. Arif Əsədov ona qarşı hazırlanan planın nədən ibarət olduğunu gözəl anlayırdı. Xorvatlarla ilk matçdan sonra uzun müddətdir görünməyən Böyükağa Hacıyev "Neftçi"nin oyununu təhlil etdi. Təbii ki, bu hər şeyi öncədən planlaşdıran klub rəsmilərinin atdığı addım idi. Yeganə məqsəd futbol ictimaiyyətinə "Neftçi"nin "Dinamo"ya məhz Arif Əsədovun seçdiyi taktikaya görə uduzduğunu çatdırmaqdı. Bəs əslində "Neftçi"nin xorvatlara uduzmasının arxasında hansı səbəblər dayanırdı?

Böyükağa Hacıyevin komandanın əvəzedicilərinə belə rəhbərlik etmək iqtidarında olmadığını gözəl anlayan klub rəhbərliyi necə oldu ki, əsas komandanı ona həvalə etdi? Yenə Azərbaycan futbolunun reallıqları, cəmiyyətimizdə hökm sürən dostluq-tanışlıq münasibətləri, məkrli düşüncələr, Faiq Cabbarovun söylədiyi fikirlər və s.

Daim Arif Əsədova sonsuz etimad göstərdiyini söyləyən klub prezidenti Sadıq Sadıqovun fikrinin dəyişməsinə kim və nə səbəb oldu? Bəlkə, "Dinamo" ilə görüşlərdə oynanan çarəsiz və cəsarətsiz futbol? Yoxsa, həqiqətənmi Sadıq Sadıqov mövsümün sonunda yeganə transferlə Çempionlar Liqasında uğurlu çıxışa inanırdı? Klub prezidenti öz işini çox yaxşı bilən insandı...

Hər necə olursa olsun, "Neftçi" keçən mövsüm qazandığı imici, nüfuzu, nümayiş etdirdiyi stabil oyunu itirə-itirə gedir. Bütün hallarda görünür ki, komanda güclüdən "Zəif"ləməyə (Böyükağa Hacıyevin ləqəbi belədi - red.) doğru iri addımlarla irəliləyir. Komandanın "peşəkar" vitse-prezidenti Tahir Süleymanov bu məsələnin qarşısını almaq üçün hansı qəti addımları atacaqlarını çox yaxın zamanlarda mətbuatla bölüşəcəyinə ümid edirik. Axı, Tahir Süleymanov klubun atacağı hər bir addımı özünə "dost" saydığı mətbuata çox səmimi və operativ şəkildə çatdırır.

Yazarın bütün yazıları

oxunma sayı: 20673 | Paylaş:




?>