')

Bu gün:


FutbolPress.Az | Xosemvay

Xosemvay


oxunma sayı: 20851 Paylaş:

Rəngimə baxmayın, bu, bədbinliyimə rəvac vermir. Nişanlı qızın toya hazırlaşmaq həvəsinə bənzədirəm Tofiq Bəhramov adına Respublika Stadionunun dolmağını. Bəzənir, qürurlanır, dolur və gözləyir.

Toy başlanır, tamada gəlir, arxası ilə də musiqiçiləri. AFFA-nın dirijor qiyafəsində təqdim etdiyi Foqts da əslində tamadadı. Amma o bizim azarkeşləri ələ almağı bacarmır. Onun böyük ansamblı yeganə alətlə, topla da fərli-başlı davrana bilmir. Azarkeşlər hava sifariş edir, Foqts isə dirijorsayağı dayanıb, yəni arxası bizə...

Bu oyun sümüyümüzə düşmür. Azarkeşlərin arası ilə utana-utana oğlan toyuna gəlmiş qız evinin adamı kimi sivişib, keçirəm. Kimi metro ilə, kimi də avtobusla, zorla evinə qayıdır. Söyə-söyə, bir də baxmağa gəlməyəcəyinə tövbə edə-edə. Futbolçularımız isə bəzədilmiş toy maşınına əyləşir...

Səhər sərxoşluqdan ayılıb öyrənirəm ki, bu böyük yox, kiçik toy imiş. Millimizin kiçik toyu. Heç bu toya pul da yazdırmadım. Yaxşı olmadı, gör neçə şiş qol yedik. Yadıma düşmüşkən, təzə tikilmiş "Dalğa" şadlıq sarayının süftəsi də korlandı.

Makedoniya ilə oyunda Foqts da kömək edə bilmədi. Belçika ilə matçda isə heç Devid Koperfild də möcüzə göstərə bilməz. Bizim komandamızda futbolçu işləyən kəslər bu sənəti küçədə öyrəniblər. Onlar məhəllə futbolunun məzunlarıdır. Onlardan ali nəsə tələb etmirəm. Amma sizin borcunuz var. Siz hər oyundan əvvəl mahnı yox, AZƏRBAYCAN himnini dinləyirsiz və bəzən də oxuyursuz. Yerinizə olsam, "bəsdi!" - deyərdim. Qorxmayın, bu sınmaq anlamına gəlmir. Günəşin qürubuna baxın, hətta o da tanrının izni ilə yerini Aya verir. Verir ki, yataq və unudaq. Bu məğlubiyyətləri unutmağa ehtiyacımız var, səmimi deyirəm. Üfüqdə yox olarkən möhtəşəm görüntü yaradacaqsınız. Bu əzəmətli qürubu seyr edən ata oğluna, ana qızına deyəcək, bu gün əla gün idi...

Özünüz öz gözünüzdə böyüyəcəksiz. Bundan böyük nə ola bilər. Yol göstərəcək qədər böyük deyiləm. Elə kiçik olduğum üçün də kiçikliyinizi görürəm. Anlayıram və acıyıram. Futbol pərdəsini qapadın, belə tamaşada oynamaq sizə baş ucalığı gətirməz. Nəyi gözləyirsiz? Qrupumuza bizdən savayı 5 dənə Lixtenşteyn kimi ölkənin düşməyini? Əsli Kubadan olan biri kimi uzun-uzadı məğlubiyyət serialına baxmağa öyrəncəli olsam da usanmışam. Makedoniya ilə oyuna baxanda yaxınlarımdan biri səsləndi, vay Xose, yenə futbola baxırsan? - Bu VAY sozü məni tutdu. Doğrudan futbolda vayımız çatıb. Pandevin qolundan sonra işıqları sondürüb Mirzə Cəlili xatırladım. Allah sizə rəhmət eləsin, ölülər.

Yazarın bütün yazıları

oxunma sayı: 20851 | Paylaş:




?>