')

Bu gün:


FutbolPress.Az | Niyə dinməyirsən? (YAZI)

Niyə dinməyirsən? (YAZI)


oxunma sayı: 3715 Paylaş:

FutbolPressKosovo ilə oyundan əvvəl açıqlama verib, başından yuxarı iddia eləmişdi ki, Millətlər Liqasında minimum hədəfimiz qrupdan çıxmaqdır. Elxan Məmmədovun tonu qaldırması, qıçından “minimum hədəf” uydurması onun baş katib səlahiyyətlərindən manipulyativ istifadəsinə işarə idi.

Əslində, bu liqada qrupdan çıxmaq, doğrudan da minimum hədəf olmalı idi. Lakin bunu liqa başlamazdan əvvəl açıqlamaq lazım idi, məhz indi yox.

Elxan Məmmədov liqa başlamazdan əvvəl bu haqda suallara ötəri cavab verərdi. İndiki kimi konkret iddialı hədəf açıqlaması versəydi,  özünü hədəfə gətirmiş olacaqdı. 

Səbəb?

Media yeni təyin olunmuş Qurbanova vaxt verilməsinin şablon anlayış olduğunu bilir və uğursuzluq olarsa, onu yox, məhz AFFA-nın baş katibini hədəf alacaqdı. Çünki 10 ildən çoxdur vəzifədə olan hazırkı assosiasiya rəhbərliyi zaman keçdikcə ölkə çempionatında komanda sayının azalmasının qarşısını ala bilməyib, uşaq futbol akademiyasının fəaliyyətinin məhsulu yoxdur, ortada heç bir uğurlu layihəni misal göstərə bilmirlər və s.

Bəli, Məmmədov bütün bu riskləri nəzərə alaraq, liqa barədə suallar olanda açıq, konkret danışmaqdan yayınırdı.

Enişli-yoxuşlu gedişatla, birtəhər qrupda vəziyyətini yaxşılaşdıran Qurbanovun “drujinası” Kosovo ilə səfər qarşılaşmasını milli tarixinin ən əhəmiyyətli matçı halına gətirməyi bacardı. Bu məqamda bütün qüvvələr səfərbər olmalı, çətin səfər qarşılaşmasına həm beyin, həm fiziki, həm mənəvi cəhətdən hazır olmalıydılar.

Emosional durumun nə müsbət, nə mənfi yönə radikal dəyişilməməsi ən vacib məqam idi. Çünki düşüncə mentalitetimizə birbaşa pis təsir göstərən bu amil ən həssas yanaşma tələb edirdi. Elə bu məqamda, Kosovo səfərindən bir gün öncə baş katib ilk dəfə bu qədər açıq şəkildə ortaya yüksək ton qoyur. Niyə? Nə səbəbə? Və hansı ixtiyarla?

Bu açıqlama ilə millinin daxilindəki ab-hava dəyişilib. Onsuz da yorğun olan komanda üzərində daha ağır məsuliyyət hiss edib...

Məmmədovun açıqlamasından əlavə səfərlərə AFFA hesabına ezam edilən İsgəndər Cavadovun müsahibəsi də daxili ab-havanı gərginləşdirən əlavə amil oldu. "Bizdə hücumçu yoxdur", "Avropada üçgündənbir oynayırlar, bizimkilər niyə oynaya bilməsin?" kimi , mənəvi dəstək əvəzinə məsuliyyət yükləmək cəhdləri də öz işini görməyə bilməzdi. 

Görəsən, oyundan əvvəl bunlara nə olmuşdu? Nadir hallarda danışan Elxan Məmmədovla nadir hallarda ağzını açıb, futbolumuzdan söz deyən Cavadovun bu qədər hövlnak açıqlamalarının məqsədi nə ola bilərdi?

***      ***      ***

Millinin bu liqada qrupdan çıxmaq hədəfinin məhz indi açıqlanması, həm də bunu baş katibin belə bildirməsi yolverilməz, özbaşınalıq idi. Hədəf haqda bundan əvvəl dəfələrlə söhbət açılsa da, o, bu barədə belə yuxarıdan danışmamışdı, ümumi fikirlərlə “yola vermişdi”. Kosovo ilə oyun əhəmiyyətli hal alandan sonra onun iddianı və tonu birdən-birə qaldırması isə əlbəttə ki, anlaşılan olmamışdı.

Əvvəla, Elxan Məmmədov millinin baş məşqçisi Qurban Qurbanovun olmasını qətiyyən istəməyən biridir. Səbəbini dəfələrlə açıqlamışıq, lakin yenə detallı izah etməyə ehtiyac  var.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov ölkə futbolunda söz sahibi olanlardan biridir. Əslində, AFFA-ya vaxt sərf edə bilməyən Rövnəq Abdullayevin funksiyalarını icra edən baş katib Elxan Məmmədov da Nəsirovun yaxını sayılır. Nəsirov klanı deyilən bir anlayış var ölkə futbolunda. Bu klana daxil olanlar üzdə mülayim, sakit obrazında görünürlər, sanki heç bir çəkişmədə, qalmaqalda izləri yoxdur. Lakin əslində səhnə arxasında çox çevikdirlər. Onların əsas məqsədi ölkə futboluna axan dövlət vəsaitini nəzarətdə saxlamaq, bu sektorda əsas söz sahibi olmaqdır.

Bütün bu prosesləri də Nəsirov klanı üçün məhz baş katib həyata keçirir. Ona görədir ki, baş katibin indiyədək bircə uğurlu layihəsi olmasa da, o, AFFA-dakı postunda toxunulmaz qalıb.

Robert Prosineçkinin gedişindən sonra milli komandanın baş məşqçisi Roberto Di Matteo olacaqdı. Hətta Bakıya dəvət edilmişdi və guya onunla hər şey razılaşdırılmışdı, bircə qalırdı İcraiyyə Komitəsinin təsdiqi (Necə ki, Fritz Stuxlik artıq Bakıda idi, İK onu təsdiq etdi. Lakin qaydalara görə komitənin şəxsi posta təsdiq etməsindən əvvəl onun Bakıya gəlməsi anlaşılmaz məqamdır). İllik məvacibi də rekord məbləğdə olacaqdı - 3 milyon avro. Lakin...

Milli komandalar sektoruna əzəldən nəzarət Elşad Nəsirovda olub. Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki təyinatları da məhz onun “xeyir-duası”, razılığıyla həyata keçirilmişdi. Bu dəfə də əcnəbini gətirəcəkdilər, ancaq son anda proseslərin gedişatı tam dəyişdi.

Milliyə baş məşqçi təyinatı kifayət qədər ödənişli iş olduğu üçün bu məsələdə mütləq ölkə prezidenti İlham Əliyevdən də məsləhət alınır. Yekun qərar onunla razılaşdırılır. Bu dəfə də elə olub. Prezidentlə çox yaxın münasibəti olan Nəsirovun (O, həm də SOCAR-ın vitse-prezidentidir və beynəlxalq əlaqələri tənzimləyən şəxsdir) siyahısı hazırlanır.

Prezdientə Di Matteonun artıq Bakıda olduğu, möhtəşəm inkişaf proqramıyla gəldiyi, dünyaca məşhur məşqçi olması və s. bildirilsə də, o, siyahıda olan yeganə azərbaycanlı - Qurban Qurbanovun təyinatına göstəriş verir. Və bu işdə əsas rolu “Qarabağ”ın ÇL-in qrup mərhələsinə yüksəlməsi, “Atletiko” kimi rəqiblə heç-heçə etməsi mühüm rol oynayır.

Qərar artıq qəbul olunur və AFFA rəhbərliyinə tapşırılır ki, Qurbanova tam səlahiyyət verilsin. Milli komandaların strategiyası, inkişaf proqramı məhz Qurbanova həvalə edilməlidir və s.

Rövnəq Abdulayevin “Qurbanovla 6 illik müqavilə bağlanır və milli komandalar üzrə bütün səlahiyyətlər ona verilir” deməsindən sonra ölkə futbol camiəsini böyük ümid bürüyür. İlk dəfə bütün mediada AFFA-nın qərarı razılıqla qarşılanır.

Ancaq çox az sayda KİV proseslərin tam əlverişli, doğru getmədiyini iddia etdi.

Bəli, Di Matteonun Bakıdan geri göndərilməsi Nəsirov klanına möhkəm zərbə idi və onlar əzəldən Qurbanov fenomeni ilə barışmırdı – bu da ikinci zərbə.

Qurbanovun təyinatından sonra ilk olaraq onu qeyd etdik ki, milli komandaların strategiyası təkcə məşqçi təyinatlarıyla olmur, bu işin administrativ tərəfi də Qurbanova həvalə edilməlidir. Niyə? Çox sadə... Administrativ istiqamət Nəsirov klanında idi və onlar hər imkanda proseslərin ciddi dəyişikliyə aparmasına mane olacaqdı.

Lakin onlar bunu o qədər ustalıqla edəcəkdilər ki, politik düşüncədən uzaq olan Qurbanov və dəstəsi bunu hiss etməyəcəkdi. Hətta bu haqda yazılanlar da Qurbanovgili qıcıqlandıracaqdı. Lakin mənfəətbazlar öz işini davam etdirirdi, etdirir və etdirəcək...

Çox yanlışlıqlar buraxıldı. Nəsirov klanına xidmət edən icraçıların Qurbanovun ətrafına daraşdırılması onların ilk uğursuzluğu idi. Elxan Məmmədov ünsiyyətdə dəbdəbəli və mehriban danışıq üslubuyla qarşısındakını özünə çəkməyə cəhd edən biridir. O, bu manevrləri işə salaraq Qurbanovu çox məsələdə aldatdı və onun atmaq istədiyi addımların ya gecikməsinə, ya da bəzilərinin ləğvinə nail ola bildi.

Ən əvvəl ordan başlayaq ki, milli komandalarla ənənəvi media səfərləri tamamilə baş katibin ixtiyarındadır. Bu qərarların müştərək veriləcəyi deyilsə də, son anda məlum oldu ki, konkret siyahı var və milli ilə səfərlərə yalnız həmin mətbu orqanlar gedəcək. Siyahının hazırlanması isə birbaşa Məmmədovun ixtiyarındadır. Hətta AFFA-nın mətbuat əlaqələndiricisi Firuz Abdulla da prosesdə söz sahibi deyil və baş katibin istəklərinə qarşı hər hansı alternativ təklif edə bilməz, ən azı, özüylə söhbətdə bunu bilmişik...

Bizdə olan məlumata görə, Qurbanov qərarın niyə belə verildiyini, seçimlərin niyə məhz bu cür edildiyini soruşsa da, baş katib “yuxarılar belə istədi, vallah, bizlik deyil” deyib. Əlbəttə ki, futbolda ən “yuxarı” Rövnəq Abdullayevdir və bu məsələ gec-tez ondan soruşulacaq. Niyə məhz baş katibin tərtib etdiyi siyahı, istədiyini aparıb, istəmədiyini “iqnora” qoyduğu sorğulanacaq.

Məmmədovun ən əsas hədəfi Qurban Qurbanovla Rəşad Sadıqovu bir-birindən ayırmaq idi. O, bilirdi ki, bu tandemi bir-birindən uzaq salsa, hər ikisinin işləri bir müddət səndələyəcək. Samir Ələkbərovun qovulmasından sonra Qurbanov Rəşada U-21-i çalışdırmağı məsləhət bilir. Rəşad da yaxın dostunun sözündən çıxmaz...

Beləcə, milli komanda məsələsində Rəşadla Qurbanovun yolları ayrıldı. Halbuki, Rəşadın milli karyerasının bitdiyi elan edilsə də, Millətlər Liqası üçün onun xidmətindən istifadə etmək olardı. Necə ki, Rusiya millisi dünya çempionatında 38 yaşlı İqnaşeviçdən yararlanmaq qərarı verdi və faydasını da gördü...

Sadıqov bu liqada komandaınn daxilində olsaydı, Malta ilə qarşılaşmalarda xal itirməyəcəyimizə əminlik yəqin çoxumuzda var. Belə...

Bu və bu kimi bir çox mühüm strateji qərarlarda Məmmədovun hiylələrinə uyan Qurbanov bir də ayılıb görür ki, Elxan Məmmədov Kosovo oyunu öncəsi açıqlama verib, çox yuxarı tonla millinin minimum hədəflərini açıqlayır. Əlbəttə, ən təmkinli insan belə, konsentrasiyasına hakim olmaya bilər. Sən kimsən ki, hədəf açıqlayırsan, yaxud tələb edirsən? Tələbi azarkeş edər, media edər, yaxud konkret hansısa idarəçi, komitə üzvü. Sən icraçısan, hörmətli baş katib, sadəcə, icraçı...

Məmmədovun Qurbanova “badalaq” vurmaq cəhdlərinə dair konkret arqumentlər və faktlar var. Hər bir şeyin zamanı olduğu kimi, bunun da öz vaxtı gələcək. Yəqin ölkə rəhbərliyi AFFA rəhbərliyinin işini araşdırmaq göstərişi verəcək, bax, elə o zaman görəcəksiniz ki, nələr ifşa olunur.

Hələliksə bu istiqamətdə susqunluqdur. Çünki ifşaedici fəaliyyət bir çox KİV üçün ciddi riskdir. Bu istiqamətdə fəaliyyət göstərən çox az sayda mətbu orqan görərsiniz. Əksəri ciddi zərbə almaqdan çəkinir və yaxud hansısa formada “verbovka” edilib...

Oyundan öncə iddialı, həşəmətli açıqlama ilə gündəmə gələn baş katib, görəsən matçdan sonra hardaydı? Niyə səfərdə ondan açıqlama alınmadı? Niyə bütün uğursuzluqlarda gizlənir, hansısa uğurlu nəticə olanda mikrofonlar, kameralar önünə keçir? Niyə indi danışmır?

Milli minimum hədəfinə niyə çatmadı – danışsın. Bizim kimi o da problemləri açıqlasın, Qurbanovun səhvlərini desin, oyunçuları tənqid eləsin. Etmirsə, onda yalnız müsbət məqamlarda ortaya çıxıb, öz reklamıyla məşğul olmaq da manipulyasiyadır...

Elçin Cəlilov


oxunma sayı: 3715 | Paylaş:




?>