')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"ın "Azərbaycan əsilli" yeni transferi əslində haralıdı?

"Sumqayıt"ın "Azərbaycan əsilli" yeni transferi əslində haralıdı?


oxunma sayı: 1268 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, "Sumqayıt" heyətinə yeni futbolçu cəlb edib. "Gənclik şəhəri" təmsilçisi Hollandiyanın "Maastrixt" klubundan Atilla Yıldırımla müqavilə bağlayıb.

Transferlə bağlı yayılan rəsmi məlumatda adıçəkilən futbolçu Azərbaycan əsilli kimi təqdim olunur. Bu da onunla bağlıdı ki, "Sumqayıt" milli komandalara futbolçu bazasının yaradılması məqsədilə mövcuddu və heyətinə legioner cəlb olunmur. Ancaq rəsmi açıqlamada Atillanın ölkəmizlə necə bir bağlantısının olduğu haqda yazılmır.

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, Atilla Yıldırımın Azərbaycanla bilinən hər hansı bağı yoxdu.

Futbolçunun ailəsi əslən Türkiyənin Sivas şəhərindəndi. Onun özü isə Almaniyada Bad-Merqenthaym bölgəsində dünyaya gəlib. Daha sonra Amsterdama köçən Atilla peşəkar karyerasına da orda başlayıb. Futbolçu özü də bioqrafiyası haqda məhz bu cür danışır:

"Almaniyanın Bad Merqenthaym şəhərində dünyaya gəlmişəm və indi Amsterdamda yaşayıram. Əslən Sivasın Yıldızeli mahalından ve Navruz Yayla kəndindənik".

Göründüyü kimi, Atilla özü haqda danışarkən Azərbaycan əsilli olması ilə bağlı heç nə demir. Futbolçu ilə bağlı müxtəlif mənbələrdə yazılanlarda da buna dair heç nəyə rast gəlmədik.

Belə məlum olur ki, Atilla Yıldırım da Azərbaycanla hər hansı əlaqəsi, ölkə futboluna xidməti olmadan milliləşdirilən çoxsaylı türk futbolçudan biridi. 27 yaşlı futbolçunun bundan sonra nə fayda verəcəyi də sual altındadı.


oxunma sayı: 1268 | Paylaş:




?>