')

Bu gün:


FutbolPress.Az | Xəzərin sahilində...

Xəzərin sahilində...


oxunma sayı: 2000 Paylaş:

Bakıda böyümüşəm. Xəzərin sahilində. Uşaq vaxtı dənizə baxanda üfüqdən o yanda qarşı sahildə nəyin olduğunu düşünürdüm. Vaxtı gələndə öyrəndim ki, üfüqdən o yanda həm də Qazaxıstan var. Bununla da zənnimdəki müəmmalara son qoyuldu. Amma indi futbol yığmamızın Xəzərin o tayına yollanması məni qayğılandırır. Türkiyə millisini məğlub etməklə uğurdan sərxoş olmuşduq. Brüssel bizim üçün ayıltma məntəqəsi oldu. Bu məğlubiyyət bizi bizə qaytardı. Hər seçmə mərhələdə hansısa güclü komandanı büdrətməklə öyünürük. Bu seçmə mərhələdə Türkiyəni üstələməyi bacarmışıq. Əlimizdə bayraq etməyə nəsə var. Hərçənd ki, Türkiyə mətbuatında rast gəldiyim "AzərbayCANIMIZ" sərlövhəsi yandı; məni bir az pərişan etdi.

Sonra Pemyer Lqamız yenidən canlandı. Amma elə bir futbol premyerası görmədim. Siam əkizləri kimi bir-birinə oxşar və bəlkə də bağlı oyunlara şahid oldum. Azarkeş sarıdan kasıb və yuxugətirən. Vaxtaşırı hər ayın ən yaxşı futbolçularını da seçdik.

Bir-birinə Premyer liqada mövsüm başa çatıb. Klubların məharətini gördük. İndi növbə millinindi. Əfsus ki, indiki halda komandanın heyətində parıldayan bir yana qalsın, heç közərən futbolçu da yoxdu. Ona görə də üfüqdə 3 xal görə bilmirəm.

Daha Berti Foqtsu da çox sıxma-boğmaya salmağın əhəmiyyəti qalmayıb. Çünki atları yarı yolda dəyişməmək məsləhət bilinir. Alman üçün bu atalar sözünün mənəvi dəyəri yoxdu. O, əlində olan futbolçularla bundan yaxşısını bacarmır. Bu kəlam Herr Foqtsun ləbindən çıxıb. Şəkkə varmayın. Amma bir təklifim var. Bəlkə komandanı ipoteka krediti ilə 25-30 illik Berti Foqtsa verək. Aşağı faizlə. Faiz də odur ki, o bizə hər il 1 qələbə versin. Təbii ki, ömrü vəfa eləsə.

Olacağa çarə yoxdu. Əvvəl Qazaxıstanla oynayaq. Sonra isə Almaniya ilə oyuna baxarıq. Yəqin ki, həmin matça futbolçularımız da yalnız baxa biləcək. Bizdən fərqli olaraq daha yaxından. Elə meydanda. Xəzərdən əsən gilavar sözlərimi qaytarıb üzümə vurur. Təzəlikcə, ölkə kubokunun finalında millinin bir oyunçusu ilə söhbətim oldu. Söhbət əsnasında mənə belə dedi: Uduzsaq bu düzgün başa düşülməyəcək. Uzun-uzadı serialların çoxunda təxminən belə bir səhnə olur: Kişi gəlir evinə. Sevgilisini başqası ilə qol-boyun görür. Bu zaman qadın deyir: Alfonso (məsələn), hər şey sənin düşündüyün kimi deyil. İndi demək istədiyim odur ki, bizdə məğlubiyyətə inanacaq Alfonso qalmayıb.

Bizdə Xəzərlə də olmasa, balıqla əlaqəli bir atalar sözü də var. Balıq başdan iylənir. İndi bu balığın başı sizsiz, Herr Foqts. Artıq yay gəldiyini də nəzərə alsaq, görərik ki, vəziyyət bizim dilimizdə deyil. Bu yazının ikincı hissəsini Astanada yazacam qismət olsa. Görüm ordan necə görünürük.

Yazarın bütün yazıları

oxunma sayı: 2000 | Paylaş:




?>