')

Bu gün:


FutbolPress.Az | “Neftçi” “kabus”una qarşı, lider autsayderlə üz-üzə (LAYİHƏ)

“Neftçi” “kabus”una qarşı, lider autsayderlə üz-üzə (LAYİHƏ)


oxunma sayı: 1751 Paylaş:

FutbolPressHəftəsonu Topaz Premyer Liqasında XVII turun oyunları keçiriləcək. İki gün ərzində oynanılacaq matçların hamısı paytaxtda təşkil olunacaq.


“Səbail” – “Qəbələ”
24 fevral, 16:00
“Bayıl Arena”

 
Sabah keçiriləcək açılış oyununda “Səbail” və “Qəbələ” üz-üzə gələcək. Mövsümün ikinci yarısına yaxşı başlayan “qırmızı-qaralar” ötən tur əsas rəqiblərindən biri “Zirə”yə qalib gəliblər. Roman Qriqorçukun yetirmələri yaxşı gedişatı davam etdirmək niyyətindədi. Debatantla görüşdə “Qəbələ”nin qələbə qazanmaqdan başqa yolu yoxdu. Keçən tur öz evində “Qarabağ”a ciddi müqavimət göstərən “Səbail”in isə bu dəfə də asan təslim olmayacağı gözlənilir. Sabah Samir Əliyevin komandası üçün heç-heçə də yaxşı nəticə sayılacaq. “Qəbələ”nin bu matça cəzalılar – kapitan Cavid Hüsyenov və Qismət Alıyevin xidmətindən yararlana bilməməsi də paytaxt təmsilçisinin xeyrinə olacaq.
 
Komandalar daha əvvəl yalnız iki dəfə üz-üzə gəlib. Hər iki halda “Qəbələ” eyni hesabla – 3:1 üstün olub.


“Neftçi” – “Zirə”
24 fevral, 18:00
8-ci km stadionu

 
İlk oyun gününün ikinci matçı, həm də mərkəzi xarakter daşıyacaq. 8-ci km stadionunda “Neftçi” “Zirə” ilə qarşılaşacaq. Son turu məğlubiyyətlə başa vuran komandaların dueli turnir cədvəli baxımından olduqca əhəmiyyətlidi. “Ağ-qaralar” qalib gəlməklə ”Sumqayıt”ı özündən çox irəli buraxmamaq, 4-cü yerə iddiasını davam etdirmək niyyətindədi. Mövsümün ikinci hissəsində qələbəsi olmayan “Zirə” isə “Qəbələ”nin fərqi böyütməməsi üçün mütləq 3 xal qazanmamalıdı. Belə demək olarsa, bu matçda heç bir komandanın xal itirməyə haqqı olmayacaq. Üstəlik görüş onların hər ikisi üçün prinsipial xarakter daşıyır. “Neftçi” heç vaxt çempionat oyunlarında “kabus”u “Zirə”yə qalib gəlməyibsə, əvəzində qəsəbə təmsilçisinin son iki mövsüm kubokdan kənarda qalmasına səbəbkar olub. Beləliklə, “ağ-qaralar” sindroma son qoymağa, “qartallar” isə revanş almağa çalışacaqlar.
 
Həm “Neftçi”, həm də “Zirə” görüşə itkilərlə çıxacaq. “Ağ-qaralar”ın heyətində Rəşad Sadiqov və İlkin Qırtımov cəza, Elnur Cəfərovla, Məhəmməd Mirzəbəyov isə zədə səbəbindən oynamayacaq. Ayxan Abbasov isə cəzalılar – Riçard Qadze və Sadio Tounkara və Milan Duriçin xidmətindən yararlana bilməyəcək. Anar Nəzirov və Cozef Bum sıraya dönsələr də, meydana çıxmayacaqları gözlənilir.
 
Bu, komandaların 11-ci dueli olacaq. Əvvəlki 10 matçın 8-də “Zirə” qalib gəlib, 2 görüşdə heç-heçə qeydə alınıb. Son 6 oyunda qəsəbə klubu qələbə qazanıb. Top fərqi 14:3-dü. 
 

“Keşlə” – “Sumqayıt”
15 fevral, 15:00
“İnter Arena”

 
İkinci oyun gününə “İnter” Arena”da start veriləcək. Qış fasiləsindən sonra məğlub olmayan “Keşlə” və “Sumqayıt” münasibətlərinə aydınlıq gətirəcək. Bakı klubu qalib gələcəyi təqdirdə, bir pillə irəliləyə bilər. “Kimyaçılar” isə 3 xal qazanmaqla həm əsas izlətyicisi “Neftçi”dən uzaqlaşmaq, yaxud fərqin azalmasına imkan verməmək, həm də 3-cü pillədəki “Zirə” ilə fərqi azaltmaq, ən azı böyüməsinə şərait yaratmamağa çalışacaq. Bu həm də “Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimovun Azərbaycanda ilk ciddi sınağı olacaq. Bunaqədərki rəqiblər – “Səbail” və “Kəpəz”in “Sumqayıt” səviyyəsində olmadığı aşkardı. Samir Abasovun komandasının əyləncəli, hücumameylli futbolunun qarşısında ukraynalının nə edəcəyi maraqla gözlənilir.
 
Komandalar buna qədər 22 dəfə qarşılaşıb. 2 matç “Sumqayıt”ın, 12 görüş “Keşlə”nin qələbəsiylə başa çatıb. 7 oyunda qalib müəyyənləşməyib. Top fərqi 34:18 bakılıların xeyrinədi. Paytaxt təmsilçisi son 11 oyunu qol vurmadan tərk etməyib.


“Qarabağ” – “Kəpəz”
25 fevral, 18:00
“Azersun Arena”

 
Turun bağlanış oyunu “Azersun Arena”da keçiriləcək. Burda son çempion və hazırkı lider “Qarabağ” autsayder “Kəpəz”i sınağa çəkəcək. Son zamanlar əsas rəqibi “Qəbələ”nin yüksəlişdə olduğu nəzərdə alınsa, “Qarabağ”ın çempionatın ən zəifi ilə görüşdə xal itirməyə haqqı yoxdu. Eyni zamanda gəncəlilər də nəhayət ki, uğur qazanmaq istəyir. Yunis Hüseynov “Kəpəz”in baş məşqçisi kimi ilk xalı məhz liderlə görüşdə qazanmaqda iddialıdı. Belə bir matçda uğur qazanılsa, bu, komandanın sonrakı nəticələrinə də təsir edəcək. Üstəlik, komandaya yönələn təzyiqlər də xeyli azalacaq.
 
Bazar günü keçiriləcək matç tərəflərin 48-ci dueli olacaq. Əvvəlki görüşlərin 24-də “Qarabağ”, 14-də “Kəpəz” qalib gəlib. Top fərqi 65:54 Ağdam klubunun xeyrinədi. Son 4 oyunda “Qarabağ” qalib gəlib. “Kəpəz” 21 oyundur qələbə qazanmır.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin müsabiqəsi çərçivəsində hazırlanıb




oxunma sayı: 1751 | Paylaş:




?>