')

Bu gün:


FutbolPress.Az | İslahatçılar və passivlər  (LAYİHƏ)

İslahatçılar və passivlər (LAYİHƏ)


oxunma sayı: 1668 Paylaş:

FutbolPressAzərbaycanda “transfer pəncərəsi” fevralın 9-da başa çatsa da, klublar bu məsələdə problemləri yalnız ötən həftəsonu yoluna qoya bildilər. Artıq yeni cəlb edilən futbolçuların hamısının sənədləşmə işləri yekunlaşıb və oynamalarında hər hansı problem yoxdu.
 
Qış fasiləsi klublar üçün heyətdə köklü dəyişikliklər etmək baxımından əlverişli sayılmasa da, TPL təmsilçilərinin əksəriyyəti mövsümün ortasında ciddi islahatlar aparmağı lazım bildi. Bunu daha çox turnir cədvəlinin aşağı sıralarında qərarlaşan komandalara aid etmək lazımdı. İlk “4-lük”də qərarlaşanlardan isə yalnız “Zirə”nin heyətində dəyişiklik sayı nisbətən çox oldu.

Klubların ayrı-ayrılıqda transfer bazarındakı fəaliyyətinə nəzər yetirək...
 
“Qarabağ”: Çempionatın liderini qış fasiləsinin ən passiv klubu hesab etmək olar. Ağdam klubu, ümumiyyətlə, heyətinə heç kimi qatmadı. Əvəzində həm yerli, həm də legioner futbolçular arasında gedənlər oldu. Xüsusilə Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna satılması geniş əks-səda doğurdu. Mövsümün əvvəlində “Olimpiakos”dan cəlb olunan və zədə səbəbindən oynaya bilməyən Tarik Elyunussi də komandanı tərk etdi. Bundan başqa, heyətə düşməkdə Elşən Abdullayev “Zirə”yə icarəyə verildi.
 
“Qarabağ”ın qışda transfer etməməsi, əsas qol silahlarından birini də əldən verməsinin komandaya mövsümün ikinci yarısında çətinlik yaradacağı ehtimal olunur. Elə geridə qalan iki turda da belə bir problemin yaşanacağı özünü göstərdi. Komanda “Qəbələ” və “Səbail”lə matçlarda cəmi 1 qol vura bildi. İrəli xətdə Dino Ndlovunun yoxluğu aşkar hiss edilir. Problem ondadı ki, “Qarabağ”da hazırda hücumun sivrin ucunda oynaya bilən yalnız Ramil Şeydayevdi ki, o da heyətə düşməkdə çətinlik çəkir.
 
“Qəbələ”: Lider kimi ən yaxın izləyicisi də qış fasiləsini passiv keçirdi Ancaq Ağdam klubundan fərqli olaraq, “Qəbələ” heyətinə futbolçu da cəlb etdi. “Qırmızı-qaralar” yerli oyunçu bazarında ən səs-küylü keçidlə yadda qaldı. Mövsümün ilk yarısının yaxşı formada olan futbolçularından Təmkin Xəlilzadənin keçidini məhz belə adlandırmaq olar. Ancaq “Qəbələ” onun transferini həll etmək üçün Tellur Mütəllimovu qarşı tərəfə göndərməli oldu. Komandadan digər bir neçə oyunçunun göndərilməsi isə daha çox islahat xarakteri daşıdı. Keçən yay cəlb edilənlərdən Endi Hallidey və Deyv Bulteysin gedişi əvvəlcədən gözlənilirdi. Mövsümün startından sonra gələn Ekiqo Ehiosun da ümidləri doğrultmadığı üçün tez bir zamanda yola salındı.
 
“Qəbələ”də gedənlərin sayı gələnlərdən çox olsa da, bunu komandanın zəifləməsi kimi başa düşməmək lazımdı. Onsuz da komandaya xeyir verməyən futbolçuların yola salınması məntiqli addımdı. Yalnız daha bir hücumçunun cəlb olunmasına ehtiyac var. “Qarabağ”la matçda Baqali Dabonun zədələnib, meydanı tərk etməsindən sonra, irəli xəttə müşahidə olunan “dişsizlik” bu fikri təsdiqlədi.
 
“Zirə”: Mövsümün ilk hissəsini yaxşı keçirən qəsəbə təmsilçisi, əslində gözlənilmədən qış “transfer pəncərəsi”ndə xeyli aktiv oldu. Premyer Liqada fasilə yarandıqdan dərhal sonra David Manqa, Yusif Nəbiyev, Nicat Qurbanov, Təmkin Xəlilzadə, Qabriel Matey, Murad Səttarlı komandanı tərk etdi. Onlardan xüsusilə Matey və Xəlilzadənin gedişi gözlənilməz oldu. Əvəzində komandaya 7 yeni futbolçu cəlb edildi. Yanni Urdinov, Aleksandr Dedov, Comal Evans kimi legionerləri cəlb edən Bakı klubu yerli futbolçulardan İbrahim Aslanlı, Elşən Abdullayev, Tellur Mütəllimov və Mirsahib Abbasovu heyətinə qatdı.
 
Belə ciddi dəyişikliklər müqabilində “Zirə” mövsümün ikinci yarısına o qədər də yaxşı başlamayıb – 1 heç-heçə, 1 məğlubiyyət. Komandanın fasiləyə qədər daha güclü olduğu ilə bağlı fikirlər var. Bu bəlkə də yeni futbolçuların tam uyğunlaşmaması ilə bağlıdı. Ancaq onlardan Dedov artıq dünən yeni klubunda ilk qolunu vurdu.
 
“Sumqayıt”: “Kimyaçılar” qış fasiləsinin səssiz komandalarından oldu. Heyətdə köklü dəyişikliklər etməyən komandanı yalnız icarə müddəti başa çatan Ramil Həsənov tərk etdi. Əvəzində “Keşlə”dən Elnur Abdullayev, “Zirə”dən Nicat Qurbanov cəlb edildi və “Qəbələ”dən Ülvi İsgəndərov icarəyə götürüldü.
 
Mövsümün ikinci yarısında geridə qalan iki tur da “Sumqayıt”ın elə əvvəlki komanda olduğunu göstərdi. Samir Abasovun rəhbərlik etdiyi kollektiv yenə bütün rəqiblərinə problem yaratmaq gücündədi.
 
“Neftçi”: “Ağ-qaralar” çempionatın ilk yarısı başa çatdıqdan dərhal sonra islahatlara başladı. Komandanı bu qış ümumilikdə 11 futbolçu tərk etdi. Onların arasında yalnız Uqo Barqasın öz istəyilə getdiyini söyləmək olar. Tərlan Əhmədovun planlarına daxil olmayan Mateo Mujeki isə yola salmaq mümkün olmadı. Ancaq onun bundan sonra meydana çıxmayacağı gözlənilir. Göndərilənlərin əvəzinə komandaya 5 yeni futbolçu cəlb edildi. Onlardan 3-ü Cənubi Amerikadan olan legionerlərdi. Hücum xəttinə Lukas Qomez cəlb edildisə, yarımmüdafiə Fransisko Xavyer Qarsiya və Mayk Kampazla gücləndirildi. Arxa xəttə isə yerlilər – gənc Fərid Abbaslı və İlkin Qırtımov gətirildi. “Qəbələ”dən cəlb olunan qapıçı Aqil Məmmədov isə qısa müddət sonra geri qayıtdı.
 
III dövrədə geridə qalan iki tura əsasən “Neftçi”nin yeni transferiləri haqda yekun fikir söyləmək mümkün deyil. Əslində, komandada mövsümün ilk yarısı ilə müqayisədə ciddi dəyişiklik də hiss olunmur.
 
“Səbail”: Debütant keçən yay olduğu kimi yenə ən aktivlərdən idi. Bunu da başa düşmək çətin deyil. Bakı klubunun baş məşqçisi Samir Əliyev hələ ideal heyət axtarışındadı. Bu müddətdə gələn və gedən futbolçuların çoxluğunu normal qarşılamaq lazımdı. Komandanı tərk edənlər əsasən mövsümün ilk hissəsində heyətdə şans qazanmayan yerli futbolçular və ümidləri doğrultmayan legionerlər oldu. Onların əvəzinə cəlb olunan yeni futbolçular isə kifayət qədər keyfiyyətli görünür. Bu qış Azərbaycana gələn ən bahalı oyunçu da “Səbail”ə məxsusdu. Belçika “Standart”ından icarə əsasında cəlb edilən Faruk Miya yarım milyon avro dəyərləndirilir ki, bu da yeni transferlər üçün ən yüksək göstəricidi. Bundan başqa, Yevgeni Koçuk son iki turda göstərdiyi oyunla “Səbail”i gücləndirdiyini sübut etdi. “Neftçi”dən gətirilən Fəhmin Muradbəyli isə komandanın fasilədən sonrakı ilk qolunun müəllifi oldu.
 
“Keşlə”: Nəhayət ki, transfer qadağası başa çatan Bakı klubu fasiləni heyətdəki islahatlarla keçirdi. Əvvəlcə baş məşqçi dəyişdirildi. Ramiz Məmmədovun əvəzinə ukraynalı Yuri Maksimovun gətirildiyi“Keşlə”də daha sonra bir neçə futbolçu ilə yollar ayrıldı və heyətə çoxlu yeni oyunçu cəlb edildi. Əsasən legionerlər gətirən komandada millinin qapıçısı Kamran Ağayev və uzun müddətdir futboldan kənar qalan Vaqif Cavadovun yer alması xüsusi diqqət çəkdi. Yenidən Azərbaycana qayıdan Sezar Meza Kolli ilə yanaşı, Pablo Podio, Herve Tçami, Ebrima Sohna, Nemanya Stoyanoviç, Andre Klennon digər əcnəbilər idi.
 
Geridə qalan iki tur komandada ciddi keyfiyyət dəyişikliyinin baş vermədiyini göstərir. Hələlik əsasən öz səviyyəsindəki rəqiblərlə qarşılaşan “Keşlə”nin həqiqi gücü növbəti matçlarda üzə çıxacaq. Ancaq artıq indidən Yuri Makdimovun yeni oyunçuların bəzilərindən narazılıq etdiyi ilə bağlı informasiyalar dolaşır.
 
“Kəpəz”: Autsayderdə heyət demək olar ki, tamamilə yeniləndi. Mövsümün gedişində Şahin Diniyevi baş məşqçi postunda əvəzləyən Yunis Hüseynov öz komandasını qurmağa çalışdı. Bu məqsədlə köhnə heyətdən düz 11 futbolçu yola salındı. Əvəzində 11 yeni oyunçu cəlb olundu. Komandanın əvvəlki legionerlərindən yalnız Dedimar Ferreyra saxlandı. Azərbaycana tanış futbolçular – “Xəzər Lənkəran” və “Zirə”nin sabiq futbolçusu Dieqo Souza və elə gəncəlilərin sevimlisi Dario Federiko yenidən ölkəmizə qayıtdı. Onlardan başqa komandaya Sergey Litovçenko, Giuli Manjqaladze, Şadon Vinçester, İqor Korotetski kimi legionerlər gətirildi və onların hər biri onların hər biri komandanın əsas heyət oyunçusu sayılır.
 
Geridə qalan iki tura əsasən bu fikrə gəlmək olar ki, “Kəpəz” heyət olaraq güclənib. Ancaq hələlik komanda istənilən oyunu göstərə bilmir. Güman ki, bu da yeni futbolçuların hələ tam bir-birinə uyğunlaşmaması ilə əlaqədardı.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin müsabiqəsi çərçivəsində hazırlanıb



oxunma sayı: 1668 | Paylaş:




?>