')

Bu gün:


FutbolPress.Az | Gəncənin üstünə çökən SİS “Sumqayıt” üçün SOS olmalıdır (QEYD)

Gəncənin üstünə çökən SİS “Sumqayıt” üçün SOS olmalıdır (QEYD)


oxunma sayı: 1185 Paylaş:

FutbolPressHəftənin əvvəlində xəbər yayıldı ki, “Kəpəz” Premyer Liqada növbəti ev oyununun stadionunu dəyişdirmək istəyir. Bu məqsədlə hətta PFL-ə şifahi müraciətin edildiyi də deyilirdi. Səbəb isə Gəncə şəhər stadionunun  ot örtüyünün yaxşı vəziyyətdə olmaması göstərildi. Hansı ki, mövsümün əvvəlində AFFA-nın maliyyəsi hesabına qazon tamamilə dəyişdirilmişdi.

Gəncə şəhər stadionunun ot örtüyündə yaranan problemin səbəbi qış fəsli olması, havaların soyuq keçməsi göstərilir. Əslində isə məsələ burasındadır ki, meydançada təmir işlərini aparan Şotlandiyanın SİS şirkəti isitmə sistemi quraşdırmayıb. Hətta ehtimal var ki, qazonun toxumu da iqlim şəraitinə uyğun seçilməyib.

Bu, adəçəkilən şirkətin ölkədə ilk keyfiyyətsiz işi deyil. Daha əvvəl “Dalğa Arena” və “8-ci km stadionu”nda salınan ot örtüyüdə də oxşar hallar yaşanmışdı. Növbəti problem Gəncədə baş verdi. Cəmi 2 ay əvvəl yamyaşıl olan ot örtüyü indi tamamilə saralıb və əgər meydançada bir neçə oyun da keçirilsə, birdəfəlik sıradan çıxa da bilər.

Ancaq nədənsə AFFA-da SİS-dən əl çəkmirlər. Baş katib Elxan Məmmədovun yaxın əlaqələrinin olduğu deyilən şirkət indi də “Sumqayıt”ın stadionunda qazonun dəyişdirilməsi işini görəcək.

“Gənclik şəhəri” təmsilçisinin ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da yeniləmə işlərinin aparılacağı ilə bağlı açıqlamanı keçən ilin dekabrında AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra qurum rəhbəri Rövnəq Abdullayev vermişdi. Plana görə, komandanın ev oyunlarını keçirdiyi arenanın örtüyü sünidən təbiiyə dəyişdirilməlidir. Bundan başqa, təbii örtüklü daha bir meydançanın salınması düşünülür.

Abdullayevin həmin açıqlamasından bir neçə gün sonra “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Futbol+”ə müsahibəsində məsələ ilə bağlı ətraflı açıqlama vermişdi. Onun sözlərinə görə, təbii örtüklü iki yeni meydança salınacaq və bütün bu işləri Şotlandiyanın SİS şirkəti həyata keçirəcək. Yanvarın əvvəlində şirkət nümayəndələri ilə görüş olmalı və görüləcək işlərin qrafiki dəqiqləşdirilməli, apreldən isə işə başlanmalıydı. Bunları da sözügedən müsahibəsində Kamran Quliyev bildirib.

Hələlik görüləcək işlərlə bağlı dəqiq bir məlumat yoxdur. Bircə o bilinir ki, qazonun dəyişdirilməsi işini SİS şirkəti həyata keçirəcək.

Spesifikasını nəzərə alsaq, Sumqayıtın iqlimi Gəncədən də sərtdir. Dənizkənarı ərazidə daim külək olacaq. Dənizdən buxarlanan duzlu su meydançaya yağış halında düşsə, orda Gəncədəkindən daha pis vəziyyət yaranacaq. Çünki bunadək SİS-in düzəltdiyi meydançaların heç birində problemsizlik olmayıb.

Biz də bununla bağlı klub rəhbərliyindən soruşduq ki, həmin SİS-dir, gördüyü hər işdə problem əmələ gəlib/gəlir. “Kəpəz”dən sonra növbəti “Sumqayıt” ola bilər. Bəlkə bu məsələyə növbəti dəfə baxılsın?

Klub prezidenti Kamran Quliyevlə birbaşa əlaqə baş tutmadığından sualı mətbuat xidməti vasitəsilə ünvanladıq. Yekun cavab belə oldu ki, əlimizdə bu işlə bağlı rəsmi təsdiqlənmiş qrafik olmadığı üçün dəqiq heç nə deyə bilmərik.

Göründüyü kimi, klub rəhbərliyi suala cavab verməkdən maksimum qaçır. Halbuki keçən ilin dekabrında artıq yanvarda şirkət nümayəndələriylə müzakirələr aparılacağı, bəzi dəqiqləşdirmələr ediləcəyi açıqlanmışdı. Quliyev ya həmin zaman dəqiq olmayan informasiya verib, ya da indi sualdan yayınır.

Bəs bu ifşalar? Nəticədə əmlaka, maliyyəyə səhlənkar, maxinator yanaşma faktı çıxır ortaya. Belə araşdırmalarda adətən qarşı tərəfin arqumenti bu olur ki, media düşündüyünü yazır, bizim mövqeyimizi öyrənmir. Biz bu üədəf də qarşı tərəfə tribuna verdik. Ancaq onların deməyə sözü olmursa, bildiklərini zorən də yeritmək istəyirlər. Belə çıxır ki, “Sumqayıt” fikir azdırır. Planın olmaması, klubun mövqesizliyi mümkün deyil. Necə yəni klub qarışmır? Yaxşı, AFFA pul ayırdı, ancaq sabah işin zayı çıxanda zərər kluba dəyəcək. Necə ki, Gəncə stadionu üçün ayrılan maliyyə “Kəpəz”in büdcəsindən silindi, nəticədə heyət zəiflədi. İndi komanda pis vəziyyətdə, ot örtüyü də solub-saralıb, günahkar yoxdur, heç kəs məsuliyyəti üzərinə götürmək istəmir.

Eyni problemlə üzləşməyə indi də “Sumqayıt” namizəddir. Klub rəhbərliyinə anlatmaq istəyirik ki, SİS ot örtyü məsələsində ideal deyil, əksinə görülən hər işində problem əmələ gəlib. Belə gedərsə, sonda çanaq “Sumqayıt”ın başında çatlayacaq. Gəncənin üstünə çökən SİS “Sumqayıt” üçün SOS olmalıdır...

P.S.

Siz buna klub olaraq necə hazırlıq görürsünüz? Ot örtüyü üçün zəmanət olacaqmı? Problem çıxarsa, təzminat məsələləri müzakirə edilibmi? Ota qulluq işi necə təşkil olunacaq? Bütün bunlar necə tənzimlənəcək?

Bu sualları da apar-gətir eləyə bilmədiyimizçün klubun mətbuat xidməti vasitəsiylə vermədik, bura yazmağa məcbur olduq. Klub rəhbəri dirənib ki, görüşməliyik. Hər xırda/böyük mövzuya görə Kamran Quliyevin görüşünəmi getməliyik? Belə təcrübə yoxdur. Kommunikasiya əsridir.

"FutbolPress"



oxunma sayı: 1185 | Paylaş:




?>