')

Bu gün:


FutbolPress.Az | “Gəncə şəhər stadionunda ciddi bir şey yoxdur” – AFFA-dan açıqlama

“Gəncə şəhər stadionunda ciddi bir şey yoxdur” – AFFA-dan açıqlama


oxunma sayı: 729 Paylaş:

FutbolPressSon günlərin ən çox müzakirə olunan mövzusu Gəncə şəhər stadionunun ot örtüyüdür. Təxminən 6 ay əvvəl AFFA-nın maliyyəsi hesabına meydançanın qazonu dəyişdirilsə də, artıq sıradan çıxıb. Ot örtüyü saralıb, yararsız vəziyyətdədir. Hətta stadionda ev oyunlarını keçirən “Kəpəz” PFL-ə şifahi şəkildə müraciət edərək, “Keşlə” ilə Premyer Liqanın XV tur oyununun yerinin dəyişdirilməsini istəyib, daha sonra bu baş tutmayıb. Gəncə şəhər stadionunun yayılan fotolarında da meydanın yüngül desək, idealdan uzaq olduğu aşkar görünür.

Məsələ ilə bağlı açıqlama üçün AFFA-nın İnfrastruktur direktoru Kamran Əliyevlə əlaqə saxladıq. Görüşdə olduğunu bildirən qurum rəsmisi, bununla belə bir neçə sualımıza cavab verməyə razılaşdı...

- Kamran bəy, Gəncə şəhər stadionunun ot örtüyü qısa müddət əvvəl dəyişdirilsə də, sıradan çıxdığı deyilir...
- Orda ciddi bir şey yoxdur. Sadəcə ot örtüyündə saralma baş verib. Bu da hava şəraiti ilə, iqlimlə bağlıdır. Qış fəslində belə problemin baş verməsi normaldır.

- Ciddi bir şey yoxdursa, niyə “Kəpəz” növbəti oyunun stadionunun dəyişdirilməsini istəyirdi?
- Bu yəqin ki, ehtiyat xarakterli addımdır. Çünki oyun keçirilsə, problem yarana bilərdi. Klub rəhbərliyi də bunu nəzərə alıb, matçın yerinin dəyişdirilməsini istəyib. Ancaq hazırda meydança oynamaq üçün yararlıdır. Sadəcə soyuq havada oyun keçirilməsi qazona pis təsir edə bilərdi. Əgər matçın yerinin dəyişdirilməsi istənibsə, bu dediyim səbəblə bağlıdır. Bir daha təkrar etmək istəyirəm ki, orda ciddi heç nə yoxdur, sadəcə ot örtüyündə müəyyən saralma baş verib.

- Qazonu yeniləyən şirkət gələcəkdə belə bir problemin baş verəcəyi barədə xəbərdarlıq etmişdimi?
- Bu, elə bir şeydir ki, əvvəldən ehtimal etmək olmur. Çünki havanın necə keçəcəyini, ota hansı təsirin olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də xeyr, əvvəldən belə bir şey gözlənilmirdi.

- İqlimi Gəncədən heç də isti olmayan Qəbələ stadionunun ot örtüyü ideal vəziyyətdədi. Gəncədəki arenada yeniləmə işlərini aparan SİS şirkətinin nəzarət etdiyi 8-ci km stadionunda da qazon yaxşı vəziyyətdə deyil. Bu da birmənalı qarşılanmır. Bəlkə, iş keyfiyyətsiz görülür?
- Yanlış məlumatdır. Nə Gəncədəki stadiona, nə də “Bakcell Arena”ya SİS şirkəti nəzarət edir.

Bundan sonra görüşünün başladığını bildirən Əliyev növbəti sualımızı səsləndirməyə imkan vermədi və başqa zaman ətraflı danışa biləcəyini söylədi.

Faiq Tahirov



oxunma sayı: 729 | Paylaş:




?>