')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov: “Neftçi”də pis heç nə baş vermir, verə də bilməz” (MÜSAHİBƏ)

Tərlan Əhmədov: “Neftçi”də pis heç nə baş vermir, verə də bilməz” (MÜSAHİBƏ)


oxunma sayı: 2186 Paylaş:

FutbolPress“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun “FutbolPress”ə müsahibəsi...

- “Neftçi” qış fasiləsinin ən çox müzakirə olunan klubudur. Bunu pozitiv yöndən qəbul etsək, demək olar ki, komanda diqqət mərkəzindədir. Ancaq dolaşan informasiyalar neqativ yöndədir və bunların mərkəzində də daha çox Tərlan Əhmədovun adı çəkilir. Mənzərəyə sizin şərhinizi eşidək...
- Hazırlığımız hələ ki, normal davam edir. Problemlər də yox deyil. 5 futbolçumuz 21 yaşlılardan ibarət millidə idi, dünən isə daha 6 futbolçunu əsas yığmaya yola saldıq. U-21 millisindən iki oyunçumuz – Elnur Cəfərov və Ömər Buludov zədəli qayıtdı. Bu da bizə çox problem yaradır. Son yoxlama oyununda (“Krılya Sovetov” – red.) əsas heyət üzvlərinin əksəriyyətinin hazırlığını gördük. Komanda 0:2 uduzsa da, əvvəlki səhvlərin heç 2 faizi olmadı.

- Söz-söhbətlər...
- Xəbərim var. Deyirlər ki, Tərlan Əhmədov nə edir, bilmir. Guya gələnlər, gedənlər çoxdur, ancaq transferlər gecikir.  Bunun bircə səbəbi var -  tələsmək istəmirəm. Bildiyiniz kimi, yarımmüdafiəyə Fransisko Qarsiyanı gətirmişik. Dünən də ikinci hissədə öz oyununu tam olaraq göstərdi. Yavaş-yavaş komandaya uyğunlaşır. Demək olar ki, 70-80 faiz adaptasiya olub.

- Ancaq baxışda olanları bəyənmədiz...
- Burda mərakeşli yarımmüdafiəçini (Roşdi Aşente – red.) yoxladıq. O, “Konkordiya” ilə yoxlama oyununda meydana çıxdı. Ancaq biz gördük ki, istədiyimiz səviyyədə futbolçu deyil. Buna görə də geri göndərdik.

- İstədiyiniz səviyyədə deyildi - yəni?
- Keçmişi yaxşı olub, ancaq indi istənilən formada deyildi. Mən “Neftçi”yə hər adamı götürmək istəmirəm. Transfer məsələsində tələsmək olmaz. Hər an elə bir futbolçu çıxa bilər ki, əvvəlkilərdən daha yaxşı olsun. İstər-istəməz 5-6 transfer edəndə onlardan biri keyfiyyətsiz olur. İndi istəmirəm ki, kəmiyyətlə keyfiyyətin sərhəddini pozum. Hələ fevralın 9-dək vaxtımız var. Bu gün iki yeni futbolçu qoşulmalıdı komandamıza.

- Hansı ölkələrdən?
- Biri Venesueladandı, digəri argentinalı. Ampluaca müdafiəçi və hücumçudular. Onların oyununu görüb, bəyənmişəm, qalır tibbi müayinədən keçmələri. Ondan sonra dəqiq danışa bilərəm. Bu gün qınaq obyektinə çevrilmişik. Yenə də deyirəm ki, tələsmək istəmirəm. Çünki bunun fəsadları sonradan daha çox ola bilər. Mövsümün birinci yarısındakı problemləri yenidən yaşamaq istəmirəm. 8-9 futbolçu ilə yolları ayırmışıq. Onların əvəzinə yerli uşaqlar, gənc futbolçular götürmüşük. Legionerlərdən Qarsiya ilə artıq müqavilə bağlamışıq, digər iki futbolçu da artıq gəlir.  Oyun qurucusu mövqeyinə daha bir legioner cəlb etmək istəyirdik. Son oyun göstərdi ki, bu baxımdan komandanın potensialı var və problemi həll etmək olar. Ancaq nəyin bahasına olursa olsun, hücum xəttini gücləndirməliyik. Bu gün əsas problemimiz məhz budur.

- Düzdür, toplanışda qələbə və məğlubiyyətdən çox məşqlərin necə keçilməsi önəmlidir. Ancaq yoxlama oyunlarının hər birində komanda uduzub. Medianın, ictimaiyyətin reaksiyası bəllidir. Sizin düşüncələrinizi bilmək istərdik bu barədə...
- Mən bura ona görə gəlməmişəm ki, komanda bütün oyunlarda qalib gəlsin, qələbə eyforiyası yaransın. Belədə heç vaxt zəif cəhətləri görmək olmur. Bundan sonrakı marafonumuz uzundur; səhvləri görmüşük, üzərində işləməyə zamanımız var.

- Əvvəlki baş məşqçidə olduğu kimi sizinlə də 3 illik müqavilə imzalanması ilə bağlı söz-söhbətlər dolaşır...
- Mənimlə bu barədə heç bir söhbət olmayıb. Müqaviləm mayda bitəcək. İstəyirəm ki, həmin zamana qədər komandanı yüksəldək. Gələndə demişdim ki, qış fasiləsinə kimi çalışacağıq komanda mümkün qədər xal toplasın. Ondan sonra bacardığımız yüksək mövqe uğrunda mübarizə aparacağıq. Kubokda şansımız varsa, onun üçün də yarışacağıq. Çempionatda da 4-cü, gücümüz çatarsa, 3-cü yerə oynayaq. İndi sadəcə bunları düşünürəm.

- “SKA-Xabarovsk”la oyundan sonra danışa bilməmişdik. Bilmək istərdik, 1:8 hesablı məğlubiyyət nə demək idi? Niyə bu qədər çox qol buraxıldı?
- Futbolda, bəlkə də, yüz ildə bir dəfə olur ki, hər hansı komandanın bütün hücumları qol olur. Həmin oyunda da belə idi. Rəqib nə hücum qurdusa, qolla nəticələndi. Digər tərəfdən bu, bizə bir siqnal idi ki, komandada boşluq çoxdur.

- Hazırlığın ilk günlərində fiziki yükləmənin çox olduğunu da nəzərə alsaq, komandanın ağırlaşması normaldır. Bunu da səbəblərdən hesab etmək olar?
- Bəli, yükləmə çox idi. Ancaq nəticənin belə böyük olacağını ümumiyyətlə, gözləmirdik.

- Yəni, yağış amili, fiziki yükləməni səbəb kimi yaxın buraxmaq olmaz...
- Yox. İqlim şəraiti, məşqlərin ağırlığı hər iki komanda üçün eynidir. Bəlkə də uşaqlar rəqibi düzgün qiymətləndirmədi. Son olaraq, kubokda “Zirə”yə qalib gəlmişdik. Bu rəqib isə öz çempionatının autsayderi idi.  Ola bilsin, bu baxımdan hardasa “boşalma” var idi. Səbəb bu idisə belə, yaxşı oldu ki, bütün əyər-əskiklilərimizi gördük.

- Həmin oyundan sonra bir sıra fotolar yayıldı  və qınandı ki, “Neftçi” futbolçuları faciəvi məğlubiyyətin ağrısını yaşamaqdansa, şəhərə çıxıb gəzirlər, Tərlan Əhmədov oyundan sonra gedib qəlyan çəkməyə... Bu barədə nə deyə bilərsiz?
- Çox şeylər yazırlar. Mən nə narkotikdən istifadə edirəm, nə içki içirəm, nə küçələrdə yatıram... Ancaq həyat tərzimdir ki, istədiyim vaxtda qəlyan çəkə bilərəm. 1:8 uduzmuşuqsa, bunu özümüzə faciə edib, qapanmamalıyıq. Ondan çıxış yolu axtarmalıyıq.

- Futbolçuların psixoloji bərpası lazım idi...
- Elə həmin oyundan sonra komandanı oteldə saxlasaydım, bu, ikinci zərbə olardı. Dedim, çıxın gəzin, fikriniz dağılsın. İki gün sonra oyun analiz edildi, səhvlər çatdırıldı. O ki qaldı Tərlan Əhmədova, heç kimin həyatına qarışmıram. Təbiətim belədir ki, istədiyim vaxt, qəlyan da çəkərəm, restorana da gedərəm...

- Siyahını uzatmağa ehtiyac yoxdur. Sizi tanıyırıq, sadəcə yayılan informasiyalara münasibətinizi bilmək istəyirdik. Növbəti sualımız belədir ki, Tərlan Əhmədova təsir eləmək olar ki, futbolçu götür?
- Bu, qeyri-mümkündür.

- Cəhd olub?
- Tək futbol yox, bütün idman belədir ki, ilk növbədə yüksək bacarıq olmalıdır. Tapşırıqla kimsə vəzifəyə gedə bilər. Tapşırıqla götürülən futbolçu sabah meydana çıxacaq, bəs onda necə olacaq? Hansı normal biri belə anormal məsuliyyəti boynuna götürər? Mənim tapşırıqla futbolçu götürməyim mümkün deyil.



- Azarkeşlər komandadan həmişə qələbə istəyir. Onların vecinə deyil ki, bu yoxlama oyunudur, yoxsa rəsmi matç. Ardıcıl məğlubiyyətlərdən sonra “Neftçi” fanatlarına nəsə deməlisiniz bəlkə də. Sözünüz var?
- Əlbəttə, sözüm var. Mən onlara təşəkkür edirəm ki, komandaya bu qədər bağlıdırlar. Fanat ordusu həmişə klubla yaşayır və hər bir oyunda qələbə istəyirlər. Ancaq bu komandanın özəyi 2-3 il əvvələ gedib çıxır. Biz sentyabrda “Neftçi”ni götürəndə çox çatışmazlıq var idi. Təkrar qayıdıb bu mövzuları adiləşdirmək istəmirəm. Bütün fikrimi çempionata yönəltmişəm. İstəyirəm ki, “Neftçi” gələcəyin uğurlarını artıq indidən qazansın. 1-2 il sonra çempionluq, yaxud avrokuboklarda qrup mərhələsini düşünürüksə, mən istəyirəm ki, onun təməlini indi qoyaq. Uşaqlarla söhbətdə də demişəm ki, burdakı bütün oyunları uduzmaq olar. Mövsümün ilk yarısındakı səhvləri analiz etmişəm, indi burdakıları da görürük. Çalışıram ki, hər şeyi yoluna qoyaq və qalan iki dövrə ərzində səhvlər olmasın. Bu gün qalib gələcək, çempionatda qızıl xalları itirəcəyiksə, lazım deyil. Qoy, indi uduzaq, ancaq mən çatışmalıqların nə olduğunu bilim və onların üzərində işləyim. Azarkeşlərə demək istədiyim budur ki, yaxın günlərdə gözəl komandalarını görəcəklər. Hansı ki, bir vaxtlar top-komanda sayılırdı.

- Qış fasiləsi ciddi transferlər üçün uyğun dönəm sayılmır. Bəs maliyyə vəziyyəti istədiyiniz oyunçuları götürmək üçün əlverişlidirmi?
- Heç bir problemimiz yoxdur. Buna görə klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Klubun vitse-prezidenti Elnur Eyvazov, az qala, hər xırda detalla şəxsən maraqlanır, prezident Orxan bəy daim yanımızdadır. Bu şəraitdən heç bir şikayətim ola bilməz.

- Milli komandalar artıq yeni eraya qədəm qoyub. Uzun illər yığmanın kapitanı olmuş birinin bu proses haqda fikirlərini öyrənək...
- Açığı, bu prosesə yalnız sevinmək olar. Püşkatmadan sonra çoxlu suallar oldu, ancaq mən qətiyyən şərh vermək istəmirəm. Qurban Qurbanov hər şeyi - ən xırda detalı belə yaxşı bilir. Çalışıb, vuruşub, elə etməliyik ki, yığmamız  gözlənilən uğuru qazansın.

- U-21-in Antalya toplanışı bitdi. Yekunda baş məşqçi Rəşad Sadıqov da medianın qaldırdığı məsələylə həmfikir olduğunu bildirdi - bu futbolçuların tonusdan düşməməyi üçün klublarında onlara şans verilməlidir...
- Bəli, şans verilməlidir, ancaq bir şərtlə ki, futbolçular bu haqqı rəqabətdən qalib çıxaraq qazansınlar. Süni şəkildə etsək, o gənclərdə arxayınlaşma yarana bilər. "Neftçi"də bu baxımdan vəziyyət göz önündədir və daim çalışacağıq ki, rəqabət mühiti yüksək tempdə qalsın.

- Eşitmişik ki, "Neftçi" günün ikinci məşqlərini erkən saatlara salır. Səbəb isə stadionun kirayələnməsi zamanı qənaət eləyib, işıq pulunu verməməkdir...
- Gülünc məlumatdır.

- Bağışlayın, sözünüzü kəsirəm, bizə də gülünc gəlmişdi bunu ilk eşidəndə, ancaq nədənsə daha çox eşitdik və düşərgənizdən bunu dəqiqləşdirmək mümkün olmadı...
- Burda nə var ki, bu dəqiqə deyim də. Səhər məşqi, istirahət, günorta yeməyi, qısa istirahət də saat 16:30-dan ikinci məşq başlayır. Bu qrafik idmançının axşam bərpası üçün kifayət qədər vaxtının olması üçün hesablanıb. Müasir idmanda yükləmə nə qədər vacibdirsə, idmançının bərpası ondan da çox vacibdi. Biz axşam məşqini Saat 18, yaxud daha sonraya salsaq, burda bir problem olmaz, onsuz öz qrafikimizlə də qaranlığa düşürük və işıq yandırılır stadionda (gülür). Bununçün əlavə nə ödəniş olacaq ki? Bu məsələni ona görə xırdalığa qədər danışdım ki, bizim azarkeşlərimiz ən kiçik şeyləri də bilsinlər. Burda pis heç nə baş vermir, verə də bilməz. Çünki "Neftçi" də işini yüksək dərəcədə bilən və bacaran rəhbərlik, işçi heyəti var.

- Qaldığınız otelə - sizinlə müsahibəyə gələrkən bildik ki, hakimlərin qaldığı otelə getmisiniz. Səbəbini öyrəndim, PFL-in prezidenti Raminn Musayevlə görüşə getdiyinizi dedilər.
- Vallah, daha sözüm yoxdur. Bunu necə eşitdiniz, hardan bildiniz, məəttəl qalmışam. Bir anın içində oldu bunlar.

- Görüş alındımı?
- Görüş deyəndə ki, bizim Ramin müəllimlə illərə söykənən münasibətimiz var. Adam ölkə çempionatının təşkilatçısıdır və hazırda Antalyadadırsa, mənim boş zamanım varsa, gedib bir çay içməyə, söhbət eləməyə istəyim niyə olmasın? Nə ki mən, çox futbol adamı Ramin müəllimlə görüşür, çay süfrəsində söhbətləşirik.

- Nədən?
- Hər şeydən. Doğma insandır  futbol adamlarına, belə adamla nədən söhbət edəcəyik - futboldan, aid olduğumuz cəmiyyətdən.

- Əsas odur ki, problem yoxdur...
- Qətiyyən, nə problem (gülür). Mən problemli olduğum yerə çay içməyə getmərəm.

- Bir az şübhələrə yol açır yaxınlığınız haqda söhbətlər...
- Çox nahaq. Ramin Musayevlə futbolçu vaxtından isti münasibətimiz var. Məndən daha çox onunla görüşən məşqçilər, futbolçular, futbol adamları var - problen nədir ki? Şübhəli nə var? Niyə şişirdilir adi şeylər? Biz hamımız futbol adamlarıyıq. Görüşlərimiz, söhbətlərimiz anormal yox, normal qarşılanmalıdır.

- "Neftçi"daxili ab-hava haqda bilmək həmişə maraqlı olub ətrafçün. Elə mənimçün də. Həmişə daxildə ikitirəklik, üçtirəklik, yaxud çoxtirəlik mövzuları dəbdə olur nədənsə...
- Bilmirəm niyə belədir. Arabir düşünürəm ki, niyə məlumatların çoxu həqiqəti əks etdirmir. Bəlkə də bunun məhz "Neftçi" olmasındadır səbəb. Axı hamının gözü bu klubdadır - yaxşı mənada, pis mənada. Mən öz adıma bir məqamı konkret və dəqiq deyə bilərəm, inanıram ki, səmimiyyətimə şübhəniz olmayacaq. Mən bu klubun daxilində yalnız mehribançılıq gördüm. İstər Orxan müəllim, istər Elnur müəllim, istər Eldəniz, elə yanımızda oturan, həmkarınız Anar, digər bütün işçilər, soruşun, yaxından tanış olduqlarınız da var, öyrənin. Vallah, hamımız çalışırıq ki, "Neftçi" azarkeşinin üzü gülsün, biz də fəxr edək, işimizin nəticəsi ilə öyünək. Bununçün bu klubda cüzi də olsa maneə yoxdu, problem yoxdu. Mən azarkeşləri əmin edirəm, inansınlar ki, burda hər şey dəqiq, peşəkar qurulub. Onlar uğursuzuqlara üzüləndə biz onlardan da çox üzülürük, əsəb keçirilər, biz də onların yaşadığını yaşayırıq. 2 oyun ardıcıl qələbə olanda stadionda "Neftçi" tərəfdarı çoxalır. İnanın ki, həmin oyundan sonra klubda bütün işçilər məhz azarkeşlərin çoxluğundan danışır, hiss olunur ki, necə sevinirlər.

- Məncə, major notda da bitirək. Həmişə azarkeşlərinizi sevindirəsiniz.
- Minnətdaram, çox sağ olun ki, sayıb gəldiniz müsahibə üçün.

Elçin Cəlilov, Antalya


oxunma sayı: 2186 | Paylaş:




?>