')

Bu gün:


FutbolPress.Az | Toplanış oldu.. bəs sonra? (QEYD)

Toplanış oldu.. bəs sonra? (QEYD)


oxunma sayı: 970 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı başa çatdı. Yanvarın 9-dan yeni baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında təşkil edilən hazırlıq prosesi dünən yekunlaşdı. Gənc mütəxəssis bu dövrdə ümumilikdə 28 futbolçunun xidmətindən yararlandı:

Aydın Bayramov (1996), İsmayıl İbrahimli (1998),  Abdulla Seyidəhmdov (1997), Bəhlul Mustafazadə (1997), Murad Qayalı (1999), Sertan Taşkın (1997), Yusif Cəfərov (1998), Hacıağa Hacılı (1998) , Xəyal Nəcəfov (1997), Nicat Süleymanov (1998), Ehtiram Şahverdiyev (1999) , Famil Camalov (1998), Elnur Cəfərov (1997), Anton Krivotsyuk (1998), Elvin Sərkərov (1997), İlkin Muradov (1996), Fəhmin Muradbəyli (1996), İlyas Səfərzadə (1996), Əskər Hüseynov (1999), Ülvi İsgəndərov (1997), Rafael Məhərrəmli (1999), Ömər Buludov (1998), Kamran İbrahimov (1999), Murtuz Abakarov (1998), Murad Xaçayev (1998), Qismət Alıyev (19996), Mahir Mədətov (1997), Ramil Şeydayev (1996)

Bu futbolçulardan son 4-ü komandaya bir qədər gec qoşuldu. Ölkə xaricindən çağırılan iki oyunçudan biri – Ozancan Kökçü isə ümumiyyətlə, gəlmədi. Məlumata görə, onu məxsus olduğu “Valveyk” yığmanın düşərgəsinə buraxmayıb. Baxmayaraq ki, tərəflər arasında ilkin razılıb əldə edilib. Qalmaqalla milliləşdirilən, yığmadan imtina edən, yenidən geri qaytarılan futbolçu ətrafında söz-söhbətlər indinin özündə də davam edir...

Rəşad Sadıqovun heyəti əvvəlki baş məşqçilərinkindən xeyli fərqlənirdi. Ən azından ona görə ki, lazımsız nəcəfilər, özhitaylar, albayraklar bu dəfə heyətdə yox idi. Yalnız Kökçünün milliyə qaytarılması birmənalı qarşılanmadı. Ölkə xaricində çıxış edənlərdən Fərid Nəbiyev, Budaq Nəsirov və Renat Dadaşov kimi futbolçuların heyətə cəlb edilməməsi isə onların klublarında möhkəmlənməsinə hesablanmış addım idi.

U-21 Antalya toplanışında 4 yoxlama oyunu keçirdi. Yığma əvvəlcə “Alanyaspor”dan olan həmyaşıdlarına qalib gəldi – 3:1. İkinci görüşdə Albaniyanın gah U-20, gah U-21 deyilən komandası millimizdən minimal hesabla üstün oldu. Görcüstanla görüşdə hesabı açan tərəf Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv olsa da, üstünlüyü qoruya bilmədi və 1:1 hesablı heç-heçəyə razılaşdı. Nəhayət, son olaraq yenidən albanlarla qarşılaşan yığma belə demək mümkünsə, revanş ala bildi. Rəqibini yeganə qolla məğlub edən komandamız hazırlıq prosesini qələbə ilə başa vurdu.

Toplanışla bağlı ən xoşagəlməz məqam Albaniya ilə ilk oyundan sonra yaşandı. Rəqib bu ölkənin U-21 millisi göstərilsə də, Albaniya Futbol Federasiyası Azərbaycana qalib gələn komandanın U-20 olduğunu yazdı. Bundan sonra məsələ ciddi müzakirə mövzusuna çevrildi. Hətta Rəşad Sadıqov bununla bağlı geniş açıqlama verdi.

Ümumilikdə, hazırlıq prosesi ilə bağlı fikirlər müsbətdir. U-21 indiyə qədər ən çox tənqid edilən yaş qrupu olub. Ancaq bu dəfə əvvəlkindən xeyli mütəşəkkil komanda təsiri bağışladı. Yığmada yeni sistem hiss olunmaqdadır. Təbii ki, belə qısa müddətdə möcüzə yaratmaq mümkün deyildi. Ancaq əsas məsələ budur ki, futbolçular get-gedə daha yaxşı oynadı, sistem oturmağa başladı. Uşaqlar 4 yoxlama oyununun hər birində əvvəlkindən daha yaxşı çıxış etdi. Təkcə onu demək bəs edər ki, albanlara uduzan komanda bir neçə gün sonra həmin rəqibi məğlub etməyi bacardı. Təbii ki, belə matçlarda nəticə önəmli deyil, ancaq futbolçuların üzərlərindən məğlub psixologiyasını atması üçün də ən faydalı oyunlar elə məhz bunlardır...

Toplanış oldu, bitdi, futbolçuların hərəsi bir tərəfə dağıldı, üz tutdular klublarına. Əsas məsələ də bundan sonra başlayır. İndi onlara daimi oyun praktikası, meydana çıxmaq lazımdır. Ən ciddi problem də bundadır. U-21-in əksər üzvləri klublarında heyətə düşə bilmir. Limitə görə bir neçəsi oynayacaqsa, digərləri ən yaxşı halda əvəzedicilərin yarışında meydana çıxacaq. Klubda şans qazana bilməyən oyunçu istər-istəməz tonusdan düşəcək.

Bəs nə olacaq? Növbəti toplanışda yenidən forma yığacaqlar? Bununla U-21 millisində ciddi irəliləyişə nail olmaq mümkün deyil. İndi həmin futbolçular xarakter göstərməli və klublarında özlərinə yer etməlidilər. Sadıqovun təbiriylə desək, artıq özlərini baş məşqçilərin “gözünə soxmağın” vaxtıdır. Bunu nə qədər bacaracaqlarını yaxın zamanda görəcəyik. Alınmasa, köhnə ssenari yenidən təkrarlanacaq.

"FutbolPress"


oxunma sayı: 970 | Paylaş:




?>