')

Bu gün:


FutbolPress.Az | "Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı" - Rəşad Sadıqov

"Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı" - Rəşad Sadıqov


oxunma sayı: 595 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanın U-21 komandası ilə 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırdı...

- Qarşılaşmanı şərh edərdiz...
- Maraqlı oyun alındı. Hər iki komanda həm toplu, həm topsuz düzgün futbol oynamağa çalışırdı. Keyfiyyətli oyun oldu.

- Öncəki matçlardakı rəqiblərlə bugünkünü müqayisə etsəz...
- Fərqli komandalardı. Əgər Albaniya daha çox müdafiə olunur və əks-hücumlara diqqət yetirirdisə, Gürcüstan çalışırdı ki, topla da çox oynasın. Meydanda feyr-pley qaydalarına riayət edən iki komanda var idi. Bu da sevindirici məqamdı. Çalışdılar mehriban şəkildə oyun göstərsinlər. Hər iki komandanı təbrik edirəm.

- Gürcüstanın bəzi əsas heyət üzvləri sayılan futbolçuları bu gün meydanda yox idi. Oyun vaxtı düşündünüzmü ki, onlar olsaydı, görüş necə cərəyan edərdi?
- Bunu fikirləşmədim. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdu. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. Əslində, 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər 1997/98-ci il təvəllüdlü futbolçu meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdu. Məlumat üçün deyim ki, əgər bir nəfər 1997-ci il oynayırsa, bu artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu artıq U-20 sayılmamalıdı. Digər tərəfdən, məşqçinin öz seçimidi  və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram meydana. Yoldaşlıq oyunudu, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldı. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı. Səhv eləmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim. Bugünkü matça gəldikdə də, tam heyətin oynayıb-oynamamağı mənim üçün önəmli deyil. Vacib olan odur ki, hər bir futbolçumuz inkişaf etsin. Bizim heyətimizdə də daha gənc futbolçular meydana çıxıb. Hər 3 matçda rotasiyalar etmişəm. Gürcüstan başqa heyətlə meydana çıxsa, yenə də oynayacaqdıq. Uduzsaydıq da, futboldu. Bu gün mütləq qələbə qazanmalıyıq deyə bir məqsəd yoxdu qarşımda. Mənim əsas hədəfim odu ki, uşaqlar yığmanın bundan sonrakı fəlsəfəsinə uyğun futbol oynasınlar və əsas milliyə hazırlaşsınlar. Seçmə mərhələdə 5 oyunumuz qalıb. Qalib gəlsək, nə olacaq, gəlməsək nə olacaq... Qalan matçlarda qlobal bir dəyişiklik etmək mümkün deyil. Biz sistemi oturtmağa çalışırıq ki, bu uşaqlar sabah əsas milliyə gedəndə özlərini itirməsinlər. Belədə onlara daha asan olacaq. İndi mənim üçün qələbə də, məğlubiyyət də, heç-heçə də eynidi. Çalışacağıq ki, rəsmi matçlarda nəticə olsun. Amma daha vacibi oyun göstərməkdi.

- Son iki oyunda rəqib komandaların fiziki göstəriciləri daha yaxşı görünürdü...
- Bu, məşqlə bağlı deyil. Onların təbiətindən gələn bir şeydi. Mən özüm 1.80 boyla millinin mərkəz müdafiəçisi olmuşam, amma dünyada belə şey yoxdu. İndi baxıram ki, məndən də balaca stoperlər var. Buna görə də alternativ şeyləri düşünməliyik: top saxlamalı, kombinasiyalı, sürətli oyuna üstünlük verməliyik. Nələrləsə həmin çatışmazlığı kompensasiya etməliyik. Alternativ şeylər düşünmək lazımdı. Məşqlə boyu düzəltmək olmaz.

- Fasiləyə qədər komanda daha baxımlı oyun göstərirdi. İkinci hissədə nə baş verdi?
- Birinci hissədə də təxminən 10 dəqiqə oyunun ritmini itirmişdik. Fasilədən sonra da ilk 10-15 dəqiqə çətin oldu. Amma ondan sonra başabaş oyun getdi. Sadəcə oyunun əvvəllərində elədiyimiz pressinqi sonadək davam etdirə bilmədik. Çünki rəqib də artıq ayılmışdı. Bu, normal şeydi. Uşaqları sürətli futbol oynamağa öyrəşdirməliyik. Bu nə qədər alınacaq, ya yox, görəcəyik. Nə qədər alınırsa, oyuna diktə etməliyik. Təbii ki, bir baş üstün rəqib olarsa, artıq müdafiədən oynayacağıq. Ancaq bizdən çox az güclü olan rəqiblərə qarşı meydanda dominant olmalıyıq. Ən azından buna cəhd etməliyik.

- Bu komandanın əsas çatışmazlığı nədi? Bir də artıq futbolçular başa düşüblərmi ki, Rəşad Sadıqov onlardan nə istəyir?
- Problemlər haqda danışmaq istəmirəm. Mənə qədər burda nə olub-olmadığını müzakirə etmək mənasızdı. Bəlkə mənim vaxtımda da problemlər olacaq və sonrakı məşqçi onlardan gileylənəcək. Sadəcə öz fəlsəfəmi yeritməyə çalışıram. Məndən əvvəl də yaxşı nəticələr olub müəyyən vaxtlarda. Mənim fəlsəfəm bir qədər fərqlidi. Bunu uşaqlara yeritməyə çalışıram. Komandadan razıyam. Bütün oyunlarda uşaqlar xoşuma gəliblər. Sadəcə istəyirəm, daha da peşəkarlaşsınlar.

- İdman tonusu sevir. Ancaq bu uşaqlar klublarında çox meydana çıxmırlar...
- Məni əsas narahat edən məqam odu ki, bu uşaqlar klublarında oynayacaqlar, ya yox. Meydana çıxsalar, bəsdi. Bu, əsas şərtdi. Klublarımızın məşqçiləri kifayət qədər peşəkardı. Uşaqlara deyirəm ki, "dirəşib", heyətə düşməlisiz. Əgər siz çlışsaz, məşqçilər buna diqqət edəcəklər. Kim istəməz ki, heyətində cavan oyunçu olsun. Bu uşaqların klubda oynaması şərtdi.


oxunma sayı: 595 | Paylaş:




?>